Ukraynanı təslimçi sülhə məcbur edirlər? - Diqqətçəkən AÇIQLAMA
ABŞ və Ukrayna Norveçin paytaxtı Osloda Kiyev üçün NATO-nun kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətlərini müzakirə ediblər.
Bəs bu müzakirələrdən sonra Rusiya-Ukrayna müharibəsində hər hansı dəyişiklik gözlənilirmi?
Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Abutalıb Səmədov bildirdi ki, Osloda təhlükəsizlik zəmanətləri məsələsinin müzakirə olunduğu elan edilib. Lakin onun sözlərinə görə, bu zəmanətlər yalnız sülh sazişi imzalandıqdan sonra qüvvəyə minə bilər.
“Üstəlik, NATO-nun 5-ci maddəsinin nə dərəcədə işlək olması ilə bağlı sualların mövcudluğunu nəzərə almaq lazımdır. NATO tarixində bu maddə indiyədək yalnız bir dəfə, ABŞ-yə qarşı terror aktlarından sonra tətbiq olunub. Argentina ilə Böyük Britaniya arasında müharibə baş verəndə isə NATO müdaxilə etmədi. Buna görə də 5-ci maddəyə ümid bəsləməyin o qədər də perspektivli olmadığını düşünürəm".
Politoloq hesab edir ki, mövcud vəziyyətdə Ukraynaya təzyiqlər artır və bu, ölkənin hərbi imkanlarına da təsir göstərir.
“Hər şeydən əvvəl, Ukraynanı təslimçi sülhə məcbur etmək istəyirlər və Zelenski də başqa çarəsinin qalmadığını başa düşür. Çünki artıq kəşfiyyat məlumatlarının ötürülməsi ilə bağlı da problemlər yaranır. Starlink əvvəlki sürətlə işləmir və bu, Ukraynanın hərbi imkanlarına ciddi təsir göstərir”, - deyə o əlavə etdi.

Abutalıb Səmədov vurğuladı ki, belə bir vəziyyətdə Rusiyanın mövqeyini dəyişərək yeni şərtləri qəbul edəcəyinə inanmaq çətindir:
“Zelenski yeni təkliflərin olduğunu elan etsə də, hesab edirəm ki, Rusiya onları qəbul etməyəcək. Zelenskinin üç liderin görüşü ilə bağlı növbəti açıqlamasının da Rusiya tərəfindən rədd ediləcəyini düşünürəm. Rusiya özünü kifayət qədər rahat hiss edir. Yavaş-yavaş da olsa, irəliləyir. Tramp isə Putini açıq şəkildə müdafiə edir və onun konstruktiv mövqe tutduğunu bildirir. Trampın fikrincə, sülhə mane olan Zelenskidir. Belə bir şəraitdə Rusiyadan güzəşt gözləmək mümkün deyil.
Politoloq Osloda hazırlanan təkliflərin qəbul olunacağına da şübhə ilə yanaşdığını bildirdi. Onun fikrincə, müharibənin dayandırılması istiqamətində mümkün irəliləyişə yalnız Rusiya, ABŞ və Çin liderlərinin görüşündən sonra ümid etmək olar.
“Əminəm ki, Osloda hazırlanan təkliflər Rusiya tərəfindən qəbul olunmayacaq. Ukrayna məsələsində irəliləyişə, yəqin ki, Çində üç liderin görüşündən sonra ümid etmək olar. Söhbət Rusiya Prezidentinin, ABŞ Prezidentinin və Çin liderinin görüşündən gedir. Həmin görüşdən sonra müəyyən irəliləyişin əldə olunması ehtimalı var. Ancaq bu irəliləyişin, yəqin ki, Ukraynanın xeyrinə olmayacağını düşünürəm”, - deyə Abutalıb Səmədov fikrini yekunlaşdırdı.
NURİYYƏ












