"Çox istərdik ki, Türkiyədə də Azərbaycana münasibətdə İran kimi yanaşılsın" - Deputat

 18:04 21.10.2026     37

"İran rəsmisinin Azərbaycanın daxili məsələsinə hörmətlə yanaşması ölkəmizdə razılıqla qarşılandı. Qonşu dövlətlər arasında münasibətlər məhz belə olmalıdır. Hər bir dövlət öz daxili siyasətini necə quracağını özü müəyyənləşdirir. Heç kimin, o cümlədən qonşu dövlətlərin və beynəlxalq təşkilatların başqa bir ölkənin daxili işlərinə qarışmaq ixtiyarı yoxdur".

Bu fikirləri Redaktor.az-a açıqlamasında deputat Aydın Mirzəzadə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqainin Azərbaycanda məktəbli geyimi ilə bağlı müzakirələrə münasibət bildirməsindən danışarkən dedi.

O nəzərə çatdırdı ki, Azərbaycan demokratik, hüquqi dövlətdir və açıq cəmiyyətə malikdir:

"Ölkəmizdə bütün proseslər Konstitusiyamıza və qanunlarımıza uyğun şəkildə həyata keçirilir. Vahid məktəbli formasının tətbiqi ilə Azərbaycan göstərdi ki, orta məktəblər dünyəvi dövlətin təhsil modelinə uyğun fəaliyyət göstərir. Şagirdlərin dərsdən sonra hicab taxması və ya fərqli geyim seçməsi isə onların şəxsi seçimidir. Bu məsələyə dövlət müdaxilə etmir və bunun əksini göstərən hər hansı nümunə də yoxdur.

Çox istərdik ki, Türkiyədə də Azərbaycana münasibətdə eyni yanaşma nümayiş etdirilsin. Türkiyə ictimaiyyətinin nümayəndələrinin Azərbaycanın qardaş və dost ölkə statusuna hörmətlə yanaşmasını istərdik. Təəssüf ki, bu məsələyə Türkiyə rəsmiləri və millət vəkilləri də qoşuldular. Azərbaycan heç vaxt başqa dövlətlərin onun daxili işlərinə qarışmasına razı ola bilməz. Bu günlərdə Azərbaycan Baş Prokurorluğunun 31 Türkiyə vətəndaşının ölkəmizə girişinə qadağa qoyması da göstərir ki, biz öz suverenliyimizə və müstəqilliyimizə hörmətlə yanaşır, başqalarından da eyni münasibəti tələb edirik".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən