Osloda Ukrayna, Sankt-Peterburqda Rusiya: ABŞ hansı siyasəti yürüdür?
ABŞ və Ukrayna nümayəndələri Osloda Kiyev üçün NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətlərinin tətbiqi imkanlarını müzakirə ediblər.
Bəs bu danışıqlar Rusiya-Ukrayna müharibəsinin gedişatına təsir göstərə və sülh prosesində yeni mərhələnin başlanmasına səbəb ola bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Rizvan Hüseynov bildirdi ki, əslində, tərəflər arasında maraqlı müzakirə olub:

"Ancaq indiki dövrdə Ukraynaya NATO-nun kollektiv müdafiə prinsipini nəzərdə tutan 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətinin ABŞ tərəfindən verilməsi bir qədər çətindir. Vəziyyət kifayət qədər mürəkkəbdir. Digər tərəfdən, görürük ki, ABŞ hazırda Sankt-Peterburqda Rusiya ilə kifayət qədər müsbət danışıqlar aparır. Burada, faktiki olaraq, ABŞ-nin ikili siyasət yürütməsini görürük. Osloda Ukrayna ilə bir cür danışıqlar aparılır, Sankt-Peterburqda isə Rusiya ilə tamamilə fərqli müzakirələr gedir. Bunlar siyasi gedişatlardır. Hesab edirəm ki, yaxın müddətdə Osloda keçirilən danışıqların real nəticə verəcəyini gözləmək çətindir".
NURİYYƏ












