Paşinyan onu Azərbaycana qaytaracaqlarını AÇIQLADI
Ermənistanın Baş naziri Nikol Paşinyan yolu azaraq ölkə ərazisinə keçən azərbaycanlı çobanla bağlı açıqlama verib.
Redaktor.az xəbər verir ki, Paşinyanın sözlərinə görə, sərhədi keçən Azərbaycan vətəndaşı aşkarlanaraq müvafiq quruma təhvil verilib.
“Adamın gəldiyini görəndə atəş açmalı, onu öldürməli idilər? Piyada gəldiyini görüblər, saxlayıb təhvil veriblər. Onu İrəvanda “Respublika” meydanından tutmayıblar. O, sərhədi keçib və indi biz onu geri qaytarmalıyıq”, - deyə Paşinyan bildirib.
Baş nazir dünyada insanın keçə bilməyəcəyi mütləq sərhədin olmadığını da vurğulayıb.
“Makedoniyalı İsgəndərin dövründən bu günədək belə bir sərhəd və ya təmas xətti mövcud olmayıb”, - deyə o qeyd edib.
Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti daha əvvəl Azərbaycan vətəndaşının ölkə ərazisində aşkarlanmasını təsdiqləyib.
Qurumun məlumatına görə, 1968-ci il təvəllüdlü, Tovuz rayonunun Çatax kənd sakini Yaşar Əli oğlu Qasımov 19 oktyabr 2026-cı il tarixində saat 17:50 radələrində Tavuş vilayətində aşkarlanıb. Yoxlama zamanı onun yolu azaraq Ermənistan ərazisinə keçdiyi müəyyən edilib.












