“Necə olur ki, Ərdoğana qarşı çıxanlar cəzalandırılır, Azərbaycana qarşı kampaniyaya isə göz yumulur?” - SƏRT AÇIQLAMA

 15:48 22.10.2026     175

“Vətən müharibəsində qazanılan qələbədən sonra Azərbaycanın regional və beynəlxalq mövqeyinin güclənməsi, Qarabağın işğaldan azad olunması, uzun əsrlər boyu erməni məsələsinin milli dövlətçiliyimizə qarşı istifadə edilməsinə son qoyulması və ümumilikdə bu mövzunun bizim coğrafiyamızdan kənara çıxması Türkiyənin də daxil olduğu qardaş ölkələrin birliyini geosiyasi baxımdan beynəlxalq miqyasda gücləndirdi”.

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc bildirdi. O, təəssüf hissi ilə vurğuladı ki, Türkiyədə fəaliyyət göstərən, müəyyən xarici dairələrə xidmət edən, eyni zamanda, AKP hökumətinin özünə də zərbə vuran ictimai rəy liderləri, bloqerlər, o cümlədən hakim partiyaya yaxın media qurumları, məzhəbçi və dindar qüvvələr, eləcə də uzun illərdir Fələstin mövzusunu istismar edən dairələr Azərbaycanı sistemli şəkildə hədəf alırlar:

“Son bir ayda bu proseslər pik nöqtəsinə çatdı. Avropadan Azərbaycan əleyhinə kampaniya aparan, hibrid müharibə çərçivəsində müxtəlif iddialar səsləndirən və terror leksikonuna müraciət edən qüvvələrlə qardaş ölkənin daxilindəki bəzi dairələr sanki eyni xətt və tezislər üzrə hərəkət edirdilər. Təsadüfi deyil ki, bu məsələlərə verilən reaksiyalar kifayət qədər sərt oldu və problem düzgün şəkildə ortaya qoyuldu. Biz gördük ki, ilk növbədə, qazanılan qələbədə Azərbaycan xalqının, ordusunun və dövlətinin müstəsna rolunun hər hansı ad altında inkar edilməsi, etnik kimliyimizin üzərindən xətt çəkilməsi, diktəedici ton, eləcə də Brüssel və Strasburqdan olduğu kimi, bəzən Ankara ətrafındakı müəyyən dairələr tərəfindən də Azərbaycanın suverenliyi nəzərə alınmadan göstərişlər və direktivlər verilməsi qəbuledilməzdir. Xüsusilə də dövlət orqanlarına qarşı təhqiramiz və alçaldıcı dilin işlədilməsi elə bir vəziyyət yaratdı ki, Azərbaycan hakimiyyət orqanları məsələyə həm açıq, həm də qapalı diplomatik kanallar vasitəsilə reaksiya verməli oldular”.

Millət vəkili nəzərə çatdırdı ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri Oktay Saral Azərbaycanda məktəblərdə vahid geyim formasının tətbiqinə münasibətdə sanki bu məsələyə müdaxilə etmək səlahiyyəti varmış kimi, son dərəcə göstərişverici üslubda paylaşım edib:

“O, bu yanaşmadan geri çəkilməyin və səhv yoldan qayıtmağın vacibliyini bildirdi. Halbuki biz Azərbaycan rəsmilərinin Türkiyənin daxili məsələlərinə münasibətdə bu cür açıq reaksiyalarının şahidi olmamışıq. Azərbaycan rəsmiləri indiyədək Türkiyənin idarəetmə sisteminə, xüsusilə Ərdoğanın liderliyi altında həyata keçirilən islahatlara, dəyişikliklərə, konstitusiya quruluşunun yenilənməsinə, Atatürk sistemindən uzaqlaşma və neosmanizm adı altında imperiya keçmişini yenidən dirçəltmək cəhdlərinə münasibətdə açıq müstəvidə tənqidi mövqe sərgiləməyiblər. Halbuki bu proseslərin mahiyyəti, mənim fikrimcə, müasir dövrün çağırışlarından da uzaqlaşma ilə bağlı müəyyən suallar yaradır. Prezident İlham Əliyevin köməkçilərinin, nazirlərin və komitə rəhbərlərinin Türkiyəyə münasibətdə belə tənqidi və ya yol göstərən açıqlamalarını təqdim etmək mümkün deyil. Çünki Azərbaycan bütün hallarda Türkiyənin qardaş ölkə olmasını nəzərə alaraq diplomatik və siyasi öhdəliklərə, qarşılıqlı münasibətlərin tələblərinə riayət edib.

İndiki şəraitdə “X” platformasında onlarla şəxsin bu kampaniyada iştirak etdiyini görürük. Onların mühüm bir qismi hakim partiyanın ideologiyasına və siyasətinə müxtəlif formalarda dəstək verir. Biz rəqiblərlə münasibətlərdə iqtidar partiyasının necə davrandığını da bilirik. Azərbaycanın səfirliyi və diplomatik nümayəndəlikləri, o cümlədən konsulluqları qarşısında iki dəfə aksiyaların keçirilməsi, ultimatumların səsləndirilməsi, Azərbaycanın orta əsrlərə xas leksikonla hədəfə alınması, Fələstinin tarixi vəziyyətinə görə İslam aləmində Azərbaycanın günahkar kimi təqdim edilməsi, şübhəsiz ki, reaksiyasız qala bilməz”.

Komitə sədri diqqətə çatdırdı ki, Azərbaycan suveren və müstəqil dövlətdir, heç bir xarici paytaxtdan idarə olunmur:

“Bu prinsip bütün ünvanlara aiddir. Prezident İlham Əliyevin liderliyi ilə ölkəmiz çoxəsrlik tarixində böyük bir qələbə qazanıb. Bu qələbədə bizə mənəvi-siyasi dəstək verən və ya yüksək qiymətlərlə silah satan dövlətlərin rolunu inkar etmirik. Ancaq müstəsna olaraq Azərbaycan ordusunun və şəhidlərimizin hesabına qazanılmış zəfərin legitimliyinin hər bir ölkədə tanınmasını tələb edirik. Bu baxımdan, Baş Prokurorluğun yeddi şəxs barəsində cinayət işi başlatması, 31 nəfərin isə arzuolunmaz şəxs elan edilərək xarici siyasət idarəsinin əvvəlki illərdə, işğal dövründə tərtib olunmuş siyahısına əlavə edilməsi qardaş ölkənin siyasi yönləndiricilərinin yaddaşında mənfi hadisə kimi qala bilər. Bir daha vurğulayıram ki, tarixi birliyimiz, dinimiz, dilimiz və ortaq keçmişimiz heç bir halda Azərbaycan kimliyinin inkarına əsas vermir.

Biz sovet dövründə beynəlmiləlçilik ideologiyası adı altında böyük qardaşlıq anlayışının necə zərbələr aldığını yaşamışıq. İndiki halda Prezident İlham Əliyev təkcə Ulu Öndərin deyil, həm də Mustafa Kamal Atatürkün siyasi varisidir. Bu mövqeyi ifadə edərkən tarixi görüşlərə və tədbirlərə istinad edirəm. Heydər Əliyev 1994-cü ildə prezident seçildikdən cəmi dörd ay sonra Türkiyəyə səfər edərək Anıtqəbiri ziyarət etmiş, Türkiyə Böyük Millət Məclisində çıxış etmişdi. O, həmin çıxışında dünyəvi dövlət quruluşunu seçdiyinə görə Qazi Mustafa Kamala ehtiram bəslədiyini vurğulamış və bu təcrübəni Azərbaycanın dövlət quruculuğu üçün bir məktəb kimi dəyərləndirmişdi. İndiki halda da sanki Türkiyəyə bir mesaj veririk ki, Azərbaycan yüz il əvvəl formalaşmış Cümhuriyyət ideallarına, öz dövlət kimliyinə və Mustafa Kamalın seçdiyi yola sadiqdir”.

Parlamentari vurğuladı ki, bu təhqir kampaniyasının davam etdirilməsində israrlı olan dairələr Türkiyədə hakimiyyətə yaxın görünən, lakin mahiyyət etibarilə türk dünyasının və müsəlman aləminin maraqlarına zidd hərəkət edən qüvvələrdir:

“Necə ola bilər ki, müvafiq hüquq-mühafizə orqanlarının və siyasi rəhbərliyin çağırışlarına baxmayaraq, bu şəxslərlə bağlı hər hansı hüquqi addım atılmasın? Müvafiq hüquq-mühafizə orqanları bu məsələyə niyə münasibət bildirməsinlər? Təsəvvür edin, eyni hadisə Azərbaycanda baş versəydi və kimsə Ərdoğan hakimiyyətinin devrilməsini, bunun silahlı yolla həyata keçirilməsini təklif etsəydi, həmin şəxsə münasibət necə olardı? Azərbaycan daxilində kimsə milli varlığımızı və dövlətçiliyimizi müdafiə edəndə bu, Türkiyə ilə qardaşlığa niyə zərər vursun? Bizim millətimizə xas tarixi duyğuları kimsə istismar edərək üzərimizdə mənəvi despotizm qurmağa çalışmamalıdır.

Azərbaycanın ən ucqar bölgəsində yaşayan insanı belə öz bayrağını idealı hesab edir. Eyni münasibəti qarşı tərəfdən də gözləyirik. Qardaşlıq qarşılıqlıdır və xüsusi iyerarxiyaya əsaslanmır. Buna görə də hesab edirəm ki, bu məsələdə qarşılıqlı borc-hesab müzakirələrinin açılması üçüncü dairələrin maraqlarına xidmət edəcək. Kimin hansı mərhələdə nə qədər dəstək verdiyini hesablayaraq münasibətləri qiymətləndirmək doğru yanaşma deyil. Bilirsiniz, bu məsələdə Azərbaycanda heç kim nankorluq nümayiş etdirməyib. Bir daha demək istəyirəm ki, regionda yeni geosiyasi arxitektura formalaşır və məhz İlham Əliyevin liderliyi türk dövlətlərinin mövqeyini gücləndirir. Bu mənada hesab edirəm ki, Azərbaycan Prezidenti türk dünyasının bir nömrəli lideridir. Çünki onun siyasəti sayəsində hansısa xilafət quruluşunun yaradılması ilə bağlı qorxular türk dövlətlərinin birliyinin gündəmindən kənarlaşdırılıb. Əks halda, yenə də deyəcəkdilər ki, bu birlik Osmanlı imperiyasının Mərkəzi Asiyanı və Qafqazı işğal etmək cəhdidir. Azərbaycan isə fərqli bir doktrina irəli sürür”.

Zahid Orucun sözlərinə görə, bu təhqir kampaniyasının dayandırılması üçün ilk növbədə hakim partiya, yəni AKP məsuliyyət daşıyır və real addımlar atmalıdır:

“Necə olur ki, Ərdoğanın əleyhinə yazan şəxslər çox sürətlə cəzalandırılır və onlara operativ reaksiya verilir, amma Azərbaycanla bağlı məsələlərdə eyni həssaslıq nümayiş etdirilmir? Belə çıxır ki, Prezident İlham Əliyevin beynəlxalq nüfuzu Türkiyədə də müəyyən qüvvələri narahat edir. Bu, necə baş verə bilər? Halbuki onlar, əksinə, Azərbaycanın mövqeyinin daha da güclənməsində maraqlı olmalı idilər. Azərbaycanın önə çıxması regiondakı müəyyən dairələri narahat edirsə, bunu tarixi imperiyaların maraqları kontekstində müəyyən qədər anlamaq olar. Söhbət Rusiya və ya İran imperiya ənənələrindən, Avropada isə Fransanın və digər dövlətlərin mövqeyindən gedə bilər. Ancaq bizə qardaş olan bir ölkənin daxilində də belə münasibətin ortaya çıxması təəssüf doğurur.

Artıq aylardır ki, Azərbaycan media resursları, bloqerlərimiz və ziyalılarımız bu məsələyə fəal şəkildə reaksiya verirlər. Buna baxmayaraq, qardaşlıq mövqeyini qorumağa çalışan yenə də bizim insanlarımızdır. Hesab edirəm ki, bu məsələyə son qoyulmasının ən yaxşı yolu Prezident Ərdoğanın dünənki zəngində nümayiş etdirdiyi yüksək dövlətçilik davranışının konkret addımlarla davam etdirilməsidir. Həmin iradə hakimiyyətin bütün strukturlarına çatdırılmalıdır. Əgər partiya daxilində xaos hökm sürmürsə və idarəetmə intizamı mövcuddursa, bu məsələyə münasibət bildirilməli və kampaniyanın dayandırılması üçün tədbirlər görülməlidir. Çünki “X” platformasında həmin şəxslərin paylaşımlarını izlədikdə görürük ki, onlar bu prosesi qarşıdakı dövrdə daha geniş miqyasda davam etdirmək niyyətindədirlər. Bu da o deməkdir ki, onlar, belə demək mümkündürsə, Ankaradakı əsas mərkəzdən dayandırılmaları barədə göstəriş almayıblar. Əksinə, görünür, prosesin bu müstəvidə davam etdirilməsi üçün gizli təlimatlar və digər göstərişlər verilir. Biz bunu yalnız təəssüflə qarşılayırıq. Azərbaycan öz dövlət və milli kimliyini bundan sonra da qətiyyətlə qoruyacaq, heç bir xarici paytaxtdan asılı olmayaraq, öz müstəqil siyasətini davam etdirəcək”.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən