“İslamı Azərbaycana İran gətirməyib” – Bəqainin açıqlamasına SƏRT REAKSİYA

 18:22 22.10.2026     115

"İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Azərbaycanda vahid məktəbli geyimi ilə bağlı məsələyə münasibət bildirərkən tərəfsiz və obyektiv görünməyə çalışsa da, bunu bacarmayıb. Çünki onun açıqlamasında bu məsələnin İran-Azərbaycan münasibətlərinə təsiri dolayısı ilə ön plana çıxarılıb. Əgər bu məsələ iki ölkə arasındakı münasibətlərlə əlaqələndirilirsə, deməli, İran hakimiyyəti Azərbaycanda vahid məktəbli geyimi ilə bağlı müzakirələrdə maraqlı tərəf kimi çıxış edir".

Bunu Redaktor.az-a açıqlamasında politoloq Sədrəddin Soltan İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqainin açıqlamasını şərh edərkən bildirdi. Onun sözlərinə görə, Bəqainin bəzi fikirləri bu marağı pərdələməyə xidmət edən açıqlamalardır:

"Azərbaycanda vahid məktəbli geyimi müəyyən edilib və həmin qaydalara əməl olunmalıdır. Bu məsələ ilə bağlı digər dövlətlərin mövqe bildirməsi və Azərbaycanın daxili siyasətinə təsir göstərməyə çalışması müdaxilə kimi qiymətləndirilə bilər. Bura Azərbaycan Respublikasıdır, dünyəvi dövlətdir və təhsil müəssisələrində tətbiq ediləcək qaydaları müəyyən etmək Azərbaycanın öz səlahiyyətindədir. Dövlətin müəyyən etdiyi vahid məktəbli geyimi qaydalarının həyata keçirilməsi də müvafiq qurumların, məktəb rəhbərliklərinin, müəllimlərin, valideynlərin və şagirdlərin üzərinə düşən məsuliyyətdir. Başqa dövlətin bu məsələyə müdaxilə etməsi Azərbaycanın daxili işlərinə və təhsil sahəsində yürütdüyü siyasətə müdaxilə kimi dəyərləndirilə bilər. Əgər Bəqai açıqlamasında bildirsəydi ki, vahid məktəbli geyimi Azərbaycanın daxili işidir və İran İslam Respublikasının bu məsələyə müdaxilə etmək səlahiyyəti yoxdur, o zaman onun mövqeyini həqiqətən obyektiv hesab etmək olardı. Belə bir yanaşma həm də iki ölkə arasında münasibətlərin normal inkişafına töhfə verərdi".

Politoloq əlavə etdi ki, bunun əvəzinə, onun çıxışında Azərbaycan xalqının dini əqidəsinin qorunması və məsələlərin milli maraqlar çərçivəsində həll edilməsi kimi ifadələrdən istifadə olunması diqqəti əsas məsələdən yayındırmaq cəhdidir:

"Axı İslam dinini Azərbaycana İran gətirməyib. Azərbaycanda İslamın qorunması və inkişafı uzun illər ərzində İranın siyasətindən asılı olmayıb. Azərbaycan xalqının dini və mənəvi dəyərləri öz tarixi, milli ənənələri və ictimai həyatı ilə bağlıdır. Ona görə də Bəqainin açıqlamasını sadəcə dini məsələlərə münasibət kimi qiymətləndirmək düzgün olmazdı. Bu çıxışda Azərbaycanda vahid məktəbli geyiminin tətbiqi məsələsinə dolayısı ilə müdaxilə cəhdi və Tehran hakimiyyətinin bu mövzuda maraqlı olduğuna işarə görürəm. Azərbaycanın təhsil siyasəti və məktəblərdə tətbiq etdiyi qaydalar isə ölkənin özünün müəyyən etdiyi prinsiplər əsasında həyata keçirilməlidir".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən