Azərbaycana qarşı hücumların arxasında kim dayanır: Nurçu-islamçı AKP hakimiyyəti, yoxsa türk xalqı?
Azərbaycan Xarici İşlər Nazirliyi 31 Türkiyə vətəndaşını “arzuolunmaz şəxslər” siyahısına daxil edib. Səbəb onların sosial şəbəkələrdə və digər platformalarda Azərbaycanın suverenliyinə, dövlət rəhbərliyinə və konstitusiya quruluşuna qarşı çıxışları, təhqirləri və təhlükəli çağırışlarıdır.
Bu siyahı çox məsələdən xəbər verir. Çünki siyahıda yer alanların əksəriyyəti jurnalistlər, yazarlar, siyasətçilər, televiziya simaları və ictimai rəyə təsir göstərən şəxslərdir. Deməli, söhbət bir neçə təsadüfi sosial şəbəkə istifadəçisinin emosional reaksiyasından getmir. Burada Azərbaycana qarşı məqsədyönlü siyasi və informasiya hücumunun əlamətləri görünür.
Hər şey Azərbaycanda məktəbli geyimi ilə bağlı qərardan sonra başladı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saral ölkəmizin daxili məsələsinə münasibət bildirdi. Ardınca nurçu-islamçı hakim AKP-nin təmsilçiləri, Türkiyənin hakimiyyətə yaxın media dairələri və müxtəlif ictimai fiqurlar Azərbaycana qarşı çıxışlarla gündəmə gəldilər. Tənqid bir sıra hallarda təhqirə, ölkə rəhbərliyini hədəfə almağa və Azərbaycanın suveren qərarlarına qarşı təzyiq ritorikasına çevrildi.
Ən vacib sual budur: Türkiyə Prezidentinin baş müşaviri, hakim partiyanın deputatları və hakimiyyətə yaxın media Azərbaycana qarşı bu qədər geniş kampaniyaya Ərdoğanın iradəsindən kənar qoşula bilərdimi? Mənim qənaətimə görə, bu miqyasda və bu siyasi mühitdə baş verənləri Ərdoğanın razılığı və siyasi məsuliyyətindən kənarda təsəvvür etmək mümkün deyil. Türkiyədə hakimiyyətin başında dayanan, siyasi sistemi öz ətrafında cəmləşdirən bir liderin yaxın çevrəsinin davranışlarına görə məsuliyyəti də var.
Ərdoğan bu hücumların qarşısını almaq əvəzinə susursa, həmin susqunluq da siyasi mövqedir. Azərbaycanla qardaşlıqdan danışan Türkiyə Prezidenti ölkəmizə qarşı yönələn belə davranışlara aydın münasibət bildirməli idi. Deməli, məsələ təkcə ayrı-ayrı şəxslərin nə deməsi deyil; məsələ bu kampaniyanın hansı siyasi şəraitdə baş verməsi və Türkiyə rəhbərliyinin buna niyə mane olmamasıdır.
Qardaşlığa kim zərər vurur?
Azərbaycanda bəziləri iddia edirlər ki, Türkiyədə Azərbaycana qarşı səslənən fikirlər hakimiyyətin mövqeyini əks etdirmir, guya bu işdə başqa dövlətlərin əli var. Eyni şəxslər Türkiyə hakimiyyətini tənqid edən azərbaycanlılara da irad tutur, “qardaş ölkəyə qarşı çıxmaq olmaz” deyirlər.
Bu yanaşma kökündən yanlışdır! Əvvəlcə sualın cavabını verək: Qardaşlığa zərər vuran kimdir - türk xalqı, yoxsa Azərbaycana qarşı kampaniyanın içində olan nurçu-islamçı AKP hakimiyyəti və onun ətrafı?
Türk xalqı ilə AKP hakimiyyətini eyniləşdirmək olmaz. Türkiyə xalqına qardaş münasibəti bəsləmək Ərdoğanın siyasətini kor-koranə müdafiə etmək demək deyil. Hakimiyyəti tənqid etmək türk xalqına qarşı çıxmaq da deyil. Əksinə, qardaşlıq münasibətlərini qorumaq istəyən insan Azərbaycana qarşı təhqirlərə və hücumlara haqq qazandırmamalıdır.
Başqa dövlətlərin arxada dayanması barədə iddialar səsləndirmək asandır. Bəs Azərbaycana qarşı çıxış edənlər kimlərdir? Türkiyə Prezidentinin baş müşaviri, hakim partiyanın nümayəndələri, hakimiyyətə yaxın media simaları və ictimai nüfuz sahibləri! Belə bir mənzərə qarşısında hər şeyi naməlum xarici qüvvələrin üzərinə atmaq sadəlövhlükdür. Bu yanaşma məsuliyyət daşıyan siyasi hakimiyyəti müdafiə etməkdən başqa bir nəticə vermir.
Maraqlıdır ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dünən Prezident İlham Əliyevə zəng edərək onu Türk Dövlətləri Təşkilatının Ankarada keçiriləcək toplantısına dəvət etməsindən sonra Azərbaycanda bəziləri tələsik nəticə çıxarmağa başlayıblar. Sosial şəbəkələrdə münasibətlərin artıq düzəldiyini, Türkiyədə Azərbaycana qarşı hücumlara cavab verənlərin isə guya nahaq yerə belə davrandıqlarını yazırlar.
Görünür, bu fikirləri səsləndirənlər Türkiyə mətbuatını və sosial şəbəkələrini izləmir, yaxud görmək istəmədiklərini görmürlər. Ərdoğanın telefon zəngindən sonra da Azərbaycana qarşı təhqirlər, hücumlar və qarayaxma kampaniyası dayanmayıb. Deməli, bir telefon danışığını münasibətlərin tam qaydasına düşməsinin sübutu kimi təqdim etmək sadəlövhlükdür. Dövlət başçıları arasında təmasın olması başqa məsələdir, Azərbaycana qarşı kampaniyanın dayandırılması isə tamam başqa.
Əgər Ərdoğan həqiqətən Azərbaycanla qardaşlıq münasibətlərini qorumağı düşünürsə, bunun üçün konkret addım atmalıdır. O, yaxın çevrəsinə, hakim partiyanın təmsilçilərinə və hakimiyyətə yaxın media dairələrinə aydın mesaj verməli, Azərbaycana qarşı hücumların dayandırılmasını təmin etməlidir. Azərbaycan xalqını və Prezident İlham Əliyevi təhqir edən şəxslərin hamısı qanun qarşısında məsuliyyətə cəlb olunmalıdır.
Axı Türkiyədə Ərdoğanı təhqir edənlərə münasibətdə güzəştsiz mövqe nümayiş etdirildiyini görürük. Bəs onda niyə Azərbaycanı və onun prezidentini təhqir edənlərə qarşı eyni prinsipiallıq göstərilməməlidir? Ərdoğan özünə qarşı təhqirləri qəbul etmirsə, qardaş adlandırdığı İlham Əliyevə və Azərbaycan xalqına qarşı təhqirlərə də göz yummamalıdır. Yoxsa qardaşlıq yalnız sözlərdə və rəsmi görüşlərdə xatırlanan bir anlayışdır?
Mənim qənaətimə görə, qardaşlığa zərər vuran Azərbaycan xalqının Ərdoğan hakimiyyətini tənqid etməsi deyil. Qardaşlığa zərər vuran məhz Azərbaycanın daxili qərarlarına müdaxilə edilməsi, dövlət rəhbərliyinin təhqir olunması və bu davranışların qarşısının alınmamasıdır. Azərbaycanla Türkiyə arasındakı münasibətləri qorumaq istəyənlər də ilk növbədə bu həqiqəti görməlidirlər.
“Bir millət, iki dövlət” yalnız şüar deyil
Azərbaycan Türkiyə ilə münasibətlərə böyük dəyər verir. Ancaq “bir millət, iki dövlət” ifadəsi Azərbaycanın suverenliyindən imtina etməsi, Türkiyə hakimiyyətinin hər addımına susması və ölkəmizin daxili qərarlarına kənardan göstəriş verilməsini qəbul etməsi demək deyil.
Azərbaycan Türkiyənin daxili siyasətinə müdaxilə etmirsə, Ankara da eyni hörməti göstərməlidir. Məktəbli geyimi ilə bağlı qərar Azərbaycanın daxili işidir. Bu qərarı tənqid etmək olar, amma Azərbaycan dövlətinə təzyiq göstərmək, Prezident İlham Əliyevi hədəfə almaq və ölkəmizə qarşı qarayaxma kampaniyası aparmaq qəbuledilməzdir.
Ərdoğan Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin strateji müttəfiqlik səviyyəsində olduğunu dəfələrlə vurğulayıb. Elə isə bu qardaşlığın sınağa çəkildiyi məqamda niyə susur? Niyə onun yaxın çevrəsindən Azərbaycana qarşı belə çıxışlar səslənir? Niyə Türkiyə hakimiyyəti bu münasibətlərin ruhuna uyğun davranış sərgiləmir?
Türkiyə hakimiyyəti bilməlidir ki, Azərbaycan heç kimin siyasi təsir dairəsi deyil. Azərbaycanın qərarlarını Azərbaycan dövləti verir. Qardaşlıq başqa dövlətin daxili siyasətinə göstəriş vermək yox, onun suverenliyinə hörmət etmək deməkdir.
31 nəfərin siyahıya salınması məsələnin yalnız bir tərəfidir. Daha böyük problem Türkiyənin siyasi mühitində Azərbaycana qarşı belə ritorikanın meydan tapmasıdır. Əgər Ərdoğan Azərbaycanla qardaşlığa həqiqətən dəyər verirsə, bu münasibət yalnız sözlərdə deyil, siyasətdə də görünməlidir.
Türk xalqı bizim qardaşımızdır. Amma bu, Ərdoğan hakimiyyətinin Azərbaycana qarşı davranışlarını müdafiə etməli olduğumuz anlamına gəlmir. Qardaşlıq adı ilə ölkəmizə qarşı hücumları ört-basdır etmək yox, həmin hücumlara görə məsuliyyət daşıyanları açıq şəkildə göstərmək lazımdır.
Aqil ASLAN












