“Paşinyanın bəyanatını pozitiv mesaj kimi qiymətləndirmək olar” - Oqtay Qasımov
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsində yaxın vaxtlarda yeni Konstitusiya layihəsi dərc olunacaq, ictimai müzakirələr başlayacaq və sənəd parlamentə təqdim ediləcək.
Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Oqtay Qasımov bildirdi ki, Ermənistanda konstitusiya layihəsinin ictimai müzakirəyə çıxarılması ilə bağlı Paşinyanın bəyanatını pozitiv mesaj kimi qiymətləndirmək olar:
"Bu, Ermənistan hakimiyyətinin konstitusiya dəyişiklikləri ilə bağlı addımlar atmağa başlamaq niyyətində olduğunu göstərir. İctimai müzakirələrin keçirilməsi, əlbəttə ki, Ermənistan cəmiyyətində ümumi ab-havanın dəyişməsinə, siyasi proseslərin və etirazların müəyyən qədər fəallaşmasına da səbəb ola bilər. Əsas məsələ bu prosesin başlanması və nəhayət, referendumun keçirilməsi ilə bağlı real addımların atılmasıdır. Əgər referendumun keçirilməsi istiqamətində konkret addımlar atılacaqsa, konstitusiya layihəsinin müzakirəsi və onunla bağlı qərarın qəbul edilməsi mühüm amil olacaq. Konstitusiya dəyişiklikləri baş tutarsa, bu, sülh müqaviləsinin imzalanmasına da yol aça bilər".
NURİYYƏ












