“Türkiyə-Ermənistan sərhədlərinin açılması ehtimalı mövcuddur” - Azər Allahverənov

 18:34 22.10.2026     115

"Bu gün media müstəvisində iki çox vacib məqam müzakirə olunur. Birincisi, Nikol Paşinyanın 2031-ci ilə qədər sülh sənədinin imzalanması ilə bağlı müəyyənləşdirdiyi tarixdir. Bunu dilə gətirən Nikol Paşinyan xüsusilə qeyd edir ki, “mən özüm üçün bu tarixi müəyyənləşdirmişəm”. Yəni bunu beşillik bir möhlət kimi də dəyərləndirə bilərik. İkinci məsələ isə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Ermənistanla Türkiyə sərhədlərinin açılmasının mümkünlüyü ilə bağlı söylədiyi fikirdir. O bildirib ki, yatıb-durub görə bilərik ki, sərhədlər də açılıb".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov bildirdi.

Millət vəkili hesab edir ki, burada iki çox vacib məqam var:

"Birincisi, Azərbaycanın irəli sürdüyü şərt sülh müqaviləsinin imzalanması ilə bağlıdır. Ermənistanın Konstitusiyasında yer alan ərazi iddiaları birmənalı şəkildə aradan qaldırılmalı, bunun üçün yeni Konstitusiya qəbul edilməli və yeni Konstitusiyanın qəbulu məqsədilə Ermənistanda referendum keçirilməlidir. Bu kimi məsələlər bir-biri ilə sıx bağlı olduğu üçün Nikol Paşinyan sanki prosesin çox mürəkkəb olduğunu bir daha vurğulamağa çalışır. Amma nəzərə alsaq ki, 2025-ci il avqustun 8-də Vaşinqton razılaşmaları əldə olunub və Ermənistanın bu razılaşmalar çərçivəsində üzərinə götürdüyü öhdəliklər var, həmin öhdəliklərdən biri də sülh müqaviləsinin imzalanması üçün Ermənistan cəmiyyətinin hazırlanması, xüsusilə də etimad quruculuğu ilə bağlı məsələlərin yerinə yetirilməsidir. Lakin Ermənistanın Baş nazirinin bu istiqamətdə hər hansı addım atdığını görmürük. O, yalnız şifahi şəkildə müxtəlif fikirlər səsləndirir, fərqli narrativləri gündəmə gətirir. Bu isə sülh prosesinə müəyyən qədər mane olur və onu çətinləşdirir".

Müsahibimizin fikrincə, bütün bunlar Nikol Paşinyanın birmənalı şəkildə vaxt udmağa çalışdığını göstərir:

"Paşinyan vaxt udmağa iki çox vacib siyasi hadisə üzərindən də cəhd edir. Birincisi, noyabrın 3-də Amerika Birləşmiş Ştatlarında aralıq seçkiləri keçiriləcək. Konqresə keçiriləcək seçkilərdə demokratların qalib gəldiyi təqdirdə, iki ildən sonra keçiriləcək prezident seçkilərində məhz demokratların namizədinin qalib gəlməsinin mümkünlüyünü söyləmək olar. Bu isə nəticə etibarilə Ermənistan üçün demokratlarla keçmiş təmaslar üzərindən yeni imkanlar yarada bilər. Nikol Paşinyan da sətiraltı olaraq bunu nəzərdə tutur. Çünki o, real olaraq ABŞ ilə tərəfdaşlıq münasibətlərində yeni imkanların yaranmasını gözləyir. Bu da birbaşa demokratların hakimiyyətə gəlməsi ilə bağlı məsələdir.

İkinci məsələ isə dörd ildən sonra Ermənistanda keçiriləcək parlament seçkiləridir. Paşinyan öz cəmiyyətinə sülh mesajı verir. Burada iki cür yanaşma var: ya dayanıqlı sülh, ya da müharibə təhlükəsi. Çünki Paşinyan əvvəlki parlament seçkilərinə qədər çıxışlarını məhz bu narrativlər üzərində qurmuş, öz blokunu sülh bloku adlandırmış, qarşı tərəfi isə müharibə bloku kimi təqdim etməyə çalışmışdı. Bununla da müharibə istəməyən erməni cəmiyyətinin müəyyən bir hissəsi Paşinyana və onun rəhbərlik etdiyi bloka səs verdi".

Onun sözlərinə görə, Paşinyan məhz dörd ildən sonra keçiriləcək seçkilərə ideoloji hazırlıq işini bu istiqamətdə qurur ki, həmin seçkilərdə də səs qazana bilsin:

"Bundan sonra isə sülh sənədi ilə bağlı məsələyə qayıdırıq. Yəni faktiki olaraq Paşinyan öz hakimiyyətini qorumağa çalışır və bu yolla mövqelərini gücləndirməkdə maraqlıdır. Sərhədlərin açılması məsələsinə gəldikdə isə bu proses, şübhəsiz ki, sülh müqaviləsinin imzalanması ilə birbaşa bağlı məsələ deyil. Çünki Azərbaycanın əsas şərti Konstitusiya ilə əlaqədardır. Ermənistanla dayanıqlı sülhün olmaması isə istər-istəməz sərhədlərin açılması məsələsində də mühüm amildir. Bununla belə, sərhədlərin açılması ehtimalı mövcuddur. Bu, məhdud rejimdə və ya hansısa başqa formatda baş verə bilər. Görünən odur ki, Ermənistanla Türkiyə arasında bu istiqamətdə müəyyən danışıqlar aparılır. Ararat Mirzoyanın səsləndirdiyi fikrə verilən reaksiya da bu məsələyə müsbət yanaşmanın mövcudluğundan xəbər verir".

Siyasətçi hesab edir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi nə qədər tez imzalansa və münasibətlər sülh prinsiplərinə söykənən şəkildə qurulsa, bu, nəticə etibarilə Ermənistanla Türkiyə arasında sərhədlərin açılmasına da səbəb ola bilər:

"Ən azı sərhədlərin açılması yeni ticarət imkanlarının reallaşması üçün əlavə üstünlüklər yarada bilər. Amma burada Ermənistanın Konstitusiyasında yer alan ərazi iddiaları təkcə Azərbaycanla deyil, Türkiyənin özü ilə də bağlıdır. Düşünmürəm ki, belə bir vəziyyətdə Türkiyə tərəfi Konstitusiyasında ərazi iddiaları təsbit olunmuş ölkə ilə münasibətləri bu şəkildə qurmağa razı olsun. Ən azı sərhədlərin açılması əlavə problemlərin yaranmasına gətirib çıxara bilər. Xüsusilə də regionda dayanıqlı sülh və təhlükəsizliklə bağlı məsələlərə müəyyən mənada təhdid yarada bilər".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən