“Azərbaycan AK Partiyanın siyasi filialı deyil” – Elçin Alıoğludan SƏRT AÇIQLAMA

 18:12 22.10.2026     66

“Azərbaycanın daxili işlərinə müdaxilə etmək, dövlətimizi təhqir etmək, xalqımıza siyasi və dini mühazirələr oxumaq heç kimin haqqı deyil. Nə Türkiyədəki radikal dini çevrələrin, nə nurçu qrupların, nə də hakim AK Partiyanın ayrı-ayrı nümayəndələrinin və rəhbərliyinin. Azərbaycan müstəqil dövlətdir. Türkiyənin əyaləti, AK Partiyanın siyasi filialı, yaxud hansısa dini təriqətin fəaliyyət meydanı deyil”.

Bu fikirləri politoloq Elçin Alıoğlu Redaktor.az-a açıqlamasında bildirdi.

O vurğuladı ki, son həftələr Türkiyədə Azərbaycana qarşı aparılan kampaniya artıq fikir ayrılığı və fikir müxtəlifliyi çərçivəsini çoxdan aşıb.

“Sosial şəbəkələrdə xalqımızın təhqir olunması, dövlətimizin qərarlarına qarşı təzyiq göstərilməsi, jurnalistlərimizin nalayiq ifadələrlə hədəfə alınması çox ciddi suallar doğurur. Məndə yaranan ən mühüm sual isə budur: Ankara bütün bunların qarşısını almaq üçün nə edir?

Yeni Azərbaycan Partiyası oktyabrın 13-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saralın və AK Partiyanın bəzi deputatlarının açıqlamalarına etiraz etdi. Bu, təsadüfi narazılıq deyildi. Azərbaycanın hakim partiyası Türkiyənin hakim siyasi dairələrinə suverenliyimizə hörmətlə yanaşmaları ilə bağlı mesaj verməyə çalışırdı.

AK Partiyanın sözçüsü Ömər Çelik isə oktyabrın 7-də bəzi qrupların hökumətlə əlaqəsinin olmadığını bildirmişdi. Ancaq məsələ bununla bitmir. Prezidentin baş müşaviri və hakim partiyanın deputatları mübahisələrə, daha doğrusu, təhqirlərə qoşulurlarsa, artıq söhbət yalnız marjinal internet qruplarından getmir”.

Müsahibimiz diqqətə çatdırdı ki, oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında müsbət məcrada telefon danışığı keçirilib.

“Bu, dövlətlərarası münasibətlər baxımından mühüm addımdır. Amma siyasi rəhbərlərin xoşməramlı münasibətləri təhqirlərə görə məsuliyyət məsələsini gündəmdən çıxarmır və çıxara da bilməz. Türkiyə hökuməti aydın mövqe nümayiş etdirməlidir. İfadə azadlığı ilə təhqir, dini etika ilə siyasi təzyiq, qardaşlıqla başqa dövlətin daxili işlərinə müdaxilə arasında prinsipial fərqlər var.

Heç kim Türkiyədən qanuni tənqidi qadağan etməyi tələb etmir. Məsələ bu deyil. Ancaq təhdidlər, sistemli təhqirlər və qanun pozuntuları ilə bağlı şikayətlər araşdırılmalı, zəruri hallarda hüquqi tədbirlər görülməlidir”.

Elçin Alıoğlu bildirdi ki, Azərbaycan Türkiyəyə hörmət edir, lakin bu hörmət birtərəfli öhdəlik deyil. Onun sözlərinə görə, Türkiyədəki bəzi siyasi və dini çevrələr Azərbaycan xalqının qardaşlıq hissindən istifadə edərək ona hökm etməyin mümkün olmadığını anlamalıdırlar:

“Qardaşlıq bərabərlik tələb edir, itaət yox. Dostluq qarşılıqlı sayğı və hörmət deməkdir, siyasi himayədarlıq deyil. Azərbaycanın suverenliyi isə heç kimin müzakirə predmetinə çevrilə bilməz. Bu, xüsusilə Türkiyədə hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasının daxilindəki nurçu, təriqətçi və dindar kəsimlərə də aiddir”.

Politoloq Oktay Saralla bağlı da konkret qərar verilməli və mövqe bildirilməli olduğunu vurğuladı. O qeyd etdi ki, Saral səsləndirdiyi fikirləri şəxsi mövqeyi kimi təqdim edibsə, üzr istəməli, əks halda isə AK Partiya həmin açıqlamaların partiyanın mövqeyini əks etdirib-etdirmədiyinə aydınlıq gətirməlidir:

“İstənilən halda onun bu cür aşağılayıcı ifadələrlə bizə yol göstərməyə ixtiyarı yoxdur. O, ya istefa verməli, ya da cəzalandırılmalıdır. Başqa yol yoxdur. Türkiyədə din pərdəsi arxasında gizlənənlər isə bunu birdəfəlik qulaqlarına sırğa etsinlər: Azərbaycanın qırmızı xətlərini aşmağa heç kimin, o cümlədən AK Partiyanın ixtiyarı yoxdur və ola da bilməz”.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən