Paşinyan Konstitusiyanı dəyişmək üçün hansı yola əl atacaq? - ŞƏRH
Yaxın vaxtlarda Ermənistanda Konstitusiya layihəsi dərc olunacaq, ictimai müzakirələr başlayacaq və sənəd parlamentə təqdim ediləcək. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Abutalıb Səmədov bildirdi ki, Ermənistanda keçirilən parlament seçkiləri Konstitusiyanın referenduma çıxarılması imkanını aradan qaldırıb.
"Paşinyan da bu istiqamətdə addım ata bilmir. Çünki parlamentdə tələb olunan səs sayı yoxdur və bu səbəbdən referendum təyin etmək qeyri-mümkündür. İctimai müzakirələr başlaya bilər. Ancaq Paşinyanın başqa hansı yollardan istifadə edəcəyi, referendumu nəyin hesabına keçirə biləcəyi sual altındadır.
Digər tərəfdən, başqa çarə də yoxdur. Əks halda, sülh sazişinin imzalanması xeyli il gecikəcək. Görünür, Paşinyan da bunu başa düşdüyündən bəyan etdi ki, 2031-ci ilə qədər Konstitusiyanı qəbul etmək istəyirlər".

Onun sözlərinə görə, planlar baş tutmasa, Paşinyanın yenidən seçkilərə getməsi riskli addım olar:
"Nəzərə alsaq ki, Ermənistan əhalisinin Konstitusiya ilə bağlı fikri Paşinyanın istədiyi kimi olmaya bilər. Çünki bu məsələdə müxalifətin təbliğat imkanları daha çoxdur və çox təəssüf ki, Ermənistan əhalisi də revanşist fikirlərin təsiri altındadır. Belə bir fikir formalaşdırılır ki, Paşinyanı Azərbaycan idarə edir, Azərbaycan nə istəyirsə, onu həyata keçirir və Konstitusiyanın dəyişdirilməsi də Azərbaycanın istəyidir.
Bu baxımdan, Paşinyan yenidən seçkilər təyin etsə və parlament seçkilərinə getsə, nəticə daha pis ola bilər. İnanmıram ki, belə bir qərar qəbul etsin".
Müsahibimiz qeyd etdi ki, Paşinyan Konstitusiya ilə bağlı məqsədinə çatmaq üçün başqa yollardan da istifadə edə bilər:
"Ən azı, Müstəqillik Bəyannaməsini parlamentdə müzakirəyə çıxarıb dəyişdirməyə cəhd göstərə bilər. Yaxud parlamentdəki müəyyən müxalifət deputatlarını öz tərəfinə çəkərək tələb olunan səs sayına nail ola bilər. Yəqin ki, üsullar çoxdur və ümid edək ki, Paşinyan bu addımları ata biləcək.
Əgər bunu bacarsa, təbii ki, yaxın vaxtlarda müəyyən dəyişikliklər baş verə bilər. Baş tutmasa, deməli, bir qədər də gözləmək lazım gələcək".
Xədicə BAXIŞLI












