"Paşinyanın sözündən daha çox atdığı addımlara diqqət yetirməliyik" - Deputatdan AÇIQLAMA
“Ermənistan və Azərbaycan arasında bu günə qədər sülh sazişinin imzalanmamasının səbəbi Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan müddəaların olmasıdır. Ona görə də Ermənistanda nəzərdə tutulan konstitusiya referendumu sadəcə hüquqi islahatların tərkib hissəsi kimi qiymətləndirilməməlidir. Bu, həm də Azərbaycanla dövlətlərarası münasibətlərin qurulmasının açarı kimi dəyərləndirilməlidir”.
Bu sözləri Milli Məclisin deputatı Hikmət Babaoğlu Redaktor.az-a açıqlamasında Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkədə yeni Konstitusiya layihəsinin mətninin yaxın vaxtlarda dərc olunacağını bildirməsinə münasibət bildirərkən dedi.
Deputat qeyd etdi ki, Ermənistanın hazırkı Konstitusiyasının preambulasında 1990-cı ildə qəbul edilmiş Müstəqillik haqqında Konstitusiya Aktına istinad var. Həmin aktda isə 1989-cu ildə Ermənistan Sovet Sosialist Respublikasının qondarma “Dağlıq Qarabağ”la bağlı qəbul etdiyi qərardan bəhs olunur.
“1989-cu ildə, hələ SSRİ dövründə Ermənistan Sovet Sosialist Respublikası qondarma “Dağlıq Qarabağ”ın Ermənistana birləşdirilməsi ilə bağlı qərar qəbul etmişdi. Əgər hazırkı Konstitusiyada həmin aktın preambulasına istinad varsa, bu halda Ermənistan Konstitusiyasına əsasən, qondarma “Qarabağ”ın yeni Konstitusiyada da Ermənistanın tərkib hissəsi kimi nəzərdən keçirilməsi ehtimalı yaranır. Bu isə gələcəkdə Ermənistana qondarma “Dağlıq Qarabağ” uğrunda müharibə aparmaq və mübarizə aparmaq hüququ tanınması kimi şərh edilə bilər. Məsələnin mahiyyəti bundan ibarətdir”, - deyə deputat bildirdi.
Millət vəkilinin sözlərinə görə, Paşinyanın Konstitusiya layihəsinin mətnini tezliklə dərc edəcəyi ilə bağlı açıqlamasında əsas diqqət çəkən məqam bu vədin nə zaman reallaşacağıdır.
“Çünki artıq bir neçə ildir ki, Paşinyan buna bənzər ifadələr işlədir: "tezliklə", "bir qədər sonra" və sair. Ona görə də məsələ konkretləşməlidir.
Mən düşünürəm ki, Paşinyanın səsləndirdiyi ikinci fikir onun bu məsələdə hələ də tərəddüd etdiyini göstərir. O bildirir ki, müxalifəti inandırmağa çalışacaqlar, bu mümkün olmasa, referendum keçirəcəklər. Deməli, Paşinyan ilk növbədə parlamentdə referendumun keçirilməsi üçün tələb olunan səs çoxluğunu təmin etməyə çalışır. Bu mümkün olmasa, Ermənistan qanunvericiliyinə uyğun olaraq, 300 mindən çox imza toplamaqla məsələnin referenduma çıxarılması variantından istifadə edə bilər. Göründüyü kimi, burada da məsələni uzatmaq cəhdləri var”.

Həmsöhbətimiz vurğuladı ki, hələlik məsələyə aydınlıq gətirilməyib.
“Düşünürəm ki, Paşinyan ictimai rəyi öyrəndikdən sonra və ya gələcək siyasi məqsədlərini konstitusiya müstəvisində müəyyənləşdirərkən yenə də müxtəlif arzuolunmaz variantlara əl ata bilər. Məsələn, preambulada Müstəqillik haqqında Konstitusiya Aktına istinadı saxlamaqla, həmin istinadı hüquqi baxımdan başqa cür, formal şəkildə izah edə bilər. Sonra da deyə bilər ki, artıq bu istinadın hüquqi qüvvəsini aradan qaldırıb.
Necə ki, əvvəllər də buna bənzər açıqlamalar verirdi: bunun Konstitusiyanın maddəsi olmadığını bildirir, Ermənistan Konstitusiya Məhkəməsi isə həmin müddəanın preambulada yer aldığına görə Konstitusiyanın əsas mətninə daxil edilmədiyini şərh edirdi. İndi də bu cür müxtəlif bəhanələrlə yeni bir bəhanə uydura bilərlər”.
Hikmət Babaoğlu hesab edir ki, Paşinyanın açıqlamalarından daha çox onun atdığı addımlara diqqət yetirmək lazımdır.
“Əgər doğrudan da əvvəlcə Konstitusiya layihəsinin mətni dərc olunacaq, daha sonra isə referendumun keçirilməsi tarixi müəyyənləşdiriləcəksə, yalnız bundan sonra bu hüquqi prosedurun artıq başladığına inanmaq olar.
Amma referendumun nəticəsi necə olacaq? Bu da ayrıca sualdır. Ona görə də düşünürəm ki, hələ sülhlə bağlı optimizmə köklənmək bir qədər tezdir”, - deyə deputat fikrini yekunlaşdırdı.
Aytəkin TOFİQQIZI












