"Ulu öndər nə İranın dini dövlət modelini, nə də Türkiyənin konstitusion quruluşunu qəbul etdi"
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bugünkü plenar iclasında Azərbaycanın dünyəvi dövlət quruluşunun qorunmasının, milli kimliyin möhkəmləndirilməsinin və suverenliyin müdafiəsinin vacibliyini vurğulayıb.
Redaktor.az-ın məlumatına görə, deputat bildirib ki, Azərbaycan xalqı çoxəsrlik tarixi boyunca fərqli siyasi quruluşlara malik dövlətlər yaradıb, milli kimliyini qorumağı və müstəqil dövlət qurmağı əsas məqsəd kimi qarşıya qoyub.
Zahid Oruc qeyd edib ki, azərbaycanlıları Rusiya, Osmanlı və Persiya imperiyaları arasında hüquqsuz, müstəmləkəçiliklə barışmış toplum kimi təqdim etmək xalqı zəngin və qürurlu keçmişindən qoparmaq deməkdir.
Deputatın sözlərinə görə, müstəqilliyin bərpasından sonra Azərbaycanın siyasi quruluşunu qonşu ölkələrin modelləri əsasında formalaşdırmaq istəyən qüvvələr olsa da, Heydər Əliyev yeni Konstitusiyanın hazırlanmasına şəxsən rəhbərlik edib.
“Ulu öndər nə İranın dini dövlət modelini, nə də tez-tez siyasi çevrilişlərə yol açan Türkiyənin konstitusion quruluşunu qəbul etdi. 1994-cü ildə Böyük Millət Məclisində çıxış edərkən ölkə başçısı deyirdi: "Atatürkün ən böyük tarixi xidmətlərindən biri Türkiyədə demokratik və dünyəvi dövlətin əsasını qoyması Azərbaycan üçün də təcrübə məktəbidir"”, – deyə Zahid Oruc bildirib.
Deputat vurğulayıb ki, Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” fikri milli kimliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, müxtəlif etnik və dini kimliklərə malik insanların vahid dövlət ətrafında birləşməsi Azərbaycanın əsas üstünlüklərindən biridir.
Zahid Oruc Vətən müharibəsində xalqın birliyinin bu reallığı nümayiş etdirdiyini bildirib. O qeyd edib ki, müxtəlif bölgələrdən, etnik qruplardan və dini inanclardan olan milyonlarla insanın bir bayraq altında birləşməsi Azərbaycanın qələbəsində mühüm rol oynayıb.
Komitə sədrinin fikrincə, 44 günlük müharibədə qazanılan Zəfər Azərbaycanın yalnız hərbi qüdrətini deyil, milli dövlət quruluşunun gücünü də dünyaya nümayiş etdirib.
Zahid Oruc əlavə edib ki, Azərbaycanın ərazi bütövlüyünü təmin etməsindən sonra ideoloji müstəqilliyin qorunması da xüsusi əhəmiyyət kəsb edir.
O bildirib ki, müxtəlif xarici qüvvələr insan hüquqları və demokratiya, dini və məzhəbi təbliğat, eləcə də etnik kimlik üzərindən öz maraqlarını irəli sürməyə çalışırlar. Deputatın sözlərinə görə, Azərbaycan xalqı yalnız öz paytaxtı Bakıdan idarə olunur.
Zahid Oruc İlham Əliyevin siyasi fəaliyyətini də Azərbaycanın dünyəvi dövlət quruluşunun qorunması və milli birliyin möhkəmləndirilməsi kontekstində qiymətləndirib.
“Dünyəvi dövlət quruluşunu qoruduğu və XXI əsrdə millətimizin bütövlük savaşının qalibi olduğuna görə İlham Əliyev təkcə Ulu öndər Heydər Əliyevin deyil, həm də Mustafa Kamal Atatürkün siyasi varisidir”, – deyə deputat bildirib.
Millət vəkili çıxışının sonunda Azərbaycanın dünyəvi dövlət quruluşunun qorunmasının heç bir xalqa, dinə və ya məzhəbə qarşı yönəlmədiyini vurğulayıb.
O qeyd edib ki, vətəndaşların dini inancları fərqli olsa da, onları birləşdirən ortaq Vətən və vahid dövlət var.
“Hamımızın bir ortaq Vətəni və bir qalib dövləti var – Azərbaycan!”, – deyə Zahid Oruc fikirlərini yekunlaşdırıb.
NURİYYƏ












