Sahibə Qafarova Qırğızıstana səfərinin nəticələrindən DANIŞDI

 12:47 23.10.2026     68

Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına rəsmi və işgüzar səfərlərin uğurla keçdiyini bildirib.

Redaktor.az xəbər verir ki, Sahibə Qafarova bu barədə parlamentin oktyabrın 23-də keçirilən plenar iclasında çıxışı zamanı danışıb.

O qeyd edib ki, oktyabrın 18-dən 20-dək davam edən səfər çərçivəsində Qırğızıstanın dövlət və parlament rəsmiləri ilə görüşlər keçirilib, ikitərəfli münasibətlərin inkişafı və parlamentlərarası əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Milli Məclisin sədri bildirib ki, Qırğız Respublikasının Prezidenti Sadır Japarovla görüşdə iki ölkə arasında münasibətlərin xüsusi xarakter daşıdığı vurğulanıb. Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin iyul ayında Qırğızıstana dövlət səfəri zamanı imzalanmış Müttəfiqlik münasibətləri haqqında Müqavilənin əhəmiyyəti qeyd edilib. Həmçinin parlamentlərarası əlaqələrin dinamik inkişafından məmnunluq ifadə olunub.

Sahibə Qafarova səfər çərçivəsində Qırğız Respublikası Joqorku Keneşinin sədri Marlen Mamataliyevlə də görüşdüyünü bildirib.

Görüşdə Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik münasibətlərinə uyğun olaraq parlamentlərarası əlaqələrin gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. Dostluq qrupları arasında təmasların artırılması, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyin davam etdirilməsi və humanitar layihələrin inkişafı məsələləri nəzərdən keçirilib.

Milli Məclisin sədri Qırğızıstana işgüzar səfərin əsas məqsədinin Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 15-ci plenar iclasında iştirak etmək olduğunu vurğulayıb.

Onun sözlərinə görə, oktyabrın 20-də keçirilən Parlament Assambleyası Şurasının iclasında təşkilatın fəaliyyəti və onun gücləndirilməsi perspektivləri müzakirə olunub. Həmin gün TÜRKPA-nın 15-ci plenar iclası da baş tutub.

Sahibə Qafarova iclasda çıxışı zamanı türk dövlətləri arasında qarşılıqlı əlaqələrin gücləndirilməsində və parlament diplomatiyasının inkişafında təşkilatın artan rolundan danışıb. Model qanunvericilik bazasının formalaşdırılması, daimi komissiyaların fəaliyyəti, qadın və gənc parlamentarilərin təşəbbüsləri diqqət mərkəzində olub.

Milli Məclisin sədri Azərbaycan Prezidenti İlham Əliyevin ölkələrin hazırkı dövrdə qarşılaşdığı təhdidlərlə bağlı fikirlərini iclas iştirakçılarının diqqətinə çatdırıb. O, həmçinin gənclər siyasəti sahəsində birgə fəaliyyətin gücləndirilməsinin vacibliyini qeyd edib.

Sahibə Qafarova bildirib ki, TÜRKPA-nın plenar iclasında süni intellekt və rəqəmsal inkişaf məsələləri də mühüm yer tutub.

O, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu sahədə həyata keçirilən siyasət barədə məlumat verib, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Rəqəmsal İnkişaf Şurasının fəaliyyətindən danışıb.

Milli Məclisin sədri, həmçinin parlamentin bu istiqamətdə hüquqi bazanın möhkəmləndirilməsi üçün fəal iş apardığını diqqətə çatdırıb.

O qeyd edib ki, Azərbaycan nümayəndə heyətinin üzvləri TÜRKPA-nın plenar iclasında və digər tədbirlərdə fəal iştirak ediblər. Assambleyada komitə sədri, komitə sədrinin müavini və seçki müşahidə missiyasının üzvü olan deputatlar hesabatlar, tövsiyə qərarları və seçkilərin müşahidəsinin nəticələri barədə məlumat təqdim ediblər.

Milli Məclis Aparatının əməkdaşı müəllifi olduğu model qanun layihəsi barədə fikirlərini bölüşüb. Deputatlar, eyni zamanda, üzvü olduqları qadın və gənc parlamentarilər qruplarının iclaslarında çıxış ediblər.

Səfərin yekunlarına dair parlament rəhbərlərinin birgə mətbuat konfransında aparılmış müzakirələrin və qəbul edilmiş qərarların TÜRKPA çərçivəsində əməkdaşlığın genişləndirilməsi üçün əlavə imkanlar yaratdığı vurğulanıb.

Milli Məclisin sədri səfər çərçivəsində Qırğızıstan Prezidenti Sadır Japarovun TÜRKPA-ya üzv parlamentlərin rəhbərlərini qəbul etdiyini də bildirib.

Görüşdə türk xalqları arasında inteqrasiya proseslərinin dəstəklənməsində və qarşılıqlı etimadın möhkəmləndirilməsində Assambleyanın rolu müzakirə olunub.

Sahibə Qafarova, həmçinin Qazaxıstan Respublikası Qurultayının sədri Aybek Dadebayla görüş keçirib. Görüş zamanı parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin möhkəmləndirilməsində dövlət başçılarının rolu barədə fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, ikitərəfli münasibətlər çərçivəsində və beynəlxalq təşkilatlarda birgə fəaliyyətin əhəmiyyəti vurğulanıb.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti “Ata-Beyit” Milli Tarixi Memorial Kompleksini ziyarət edib. Nümayəndə heyətinin üzvləri, həmçinin Bişkekdə dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun ev-muzeyində olublar.

Sahibə Qafarova çıxışının sonunda Qırğız Respublikasına rəsmi və işgüzar səfərlərin uğurla keçdiyini bildirib və nümayəndə heyətinin hər bir üzvünə minnətdarlığını çatdırıb.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən