Türkiyədə Azərbaycana qarşı qarayaxma kampaniyası: Bəs qardaşlıq harada qaldı?

 14:19 23.10.2026     114

Türkiyədə Azərbaycana qarşı aparılan qarayaxma kampaniyası davam edir. Ölkəmiz haqqında saxta xəbərlər tirajlanır, süni intellekt vasitəsilə saxta videolar hazırlanır, dini həssaslıqlardan istifadə edilərək Türkiyə cəmiyyətində Azərbaycana qarşı yanlış təsəvvür formalaşdırılır. Sosial şəbəkələrdə xalqımıza qarşı təhqiramiz ifadələr səsləndirilir. Bütün bunlar artıq ayrı-ayrı şəxslərin məsuliyyətsiz paylaşımları çərçivəsindən çıxaraq ciddi narahatlıq doğuran informasiya kampaniyasına çevrilib.

Ən acınacaqlısı isə budur ki, bütün bunlar Azərbaycanı qardaş ölkə adlandıran, münasibətlərini "bir millət, iki dövlət" prinsipi üzərində quran Türkiyədə baş verir. Bəs hanı o qardaşlıq? Hanı illərdir haqqında danışılan strateji müttəfiqlik və qarşılıqlı hörmət? Azərbaycan haqqında yalanların bu qədər rahatlıqla yayıldığı, ölkəmizin təhqir hədəfinə çevrildiyi bir şəraitdə Türkiyədəki məsul şəxslərin susması necə izah olunmalıdır?

Azərbaycanda hicabla əlaqədar kütləvi həbslərin başladığı, insanların bu səbəbdən ölkəni tərk etdiyi barədə yayılan iddialar dezinformasiyanın konkret nümunəsidir. Belə ciddi ittihamlar faktlarla sübut edilməlidir. Ancaq görünən odur ki, bəzi dairələr üçün həqiqəti araşdırmaq yox, Azərbaycana qarşı mənfi rəy formalaşdırmaq daha vacibdir. Dini hisslərdən istifadə etməklə insanları qızışdırmaq, saxta məlumatları həqiqət kimi təqdim etmək və sonra bu yalanların yaratdığı aqressiyadan faydalanmaq nə jurnalistikadır, nə də ictimai məsuliyyət.

Süni intellektlə saxta videolar hazırlamaq da artıq bu kampaniyanın vasitələrindən birinə çevrilib. Yalan görüntülər hazırlanır, sosial şəbəkələrdə yayılır, insanlar aldadılır, sonra isə həmin saxta materiallar Azərbaycanı ittiham etmək üçün istifadə olunur. Bu, açıq-aşkar ictimai rəyi manipulyasiya etmək cəhdidir. Belə bir vəziyyətdə susmaq, baş verənləri adi sosial şəbəkə mübahisəsi kimi təqdim etmək məsuliyyətdən yayınmaqdır.

Türkiyə hakimiyyətinə sualımız var: Azərbaycana qarşı bu kampaniya hansı məqsədlə aparılır və onun qarşısını almaq üçün nə gözlənilir?

Əgər Türkiyənin siyasi rəhbərliyi Azərbaycanla münasibətləri strateji müttəfiqlik səviyyəsində qiymətləndirirsə, bu münasibətə zərər vuran proseslərə qarşı da prinsipial mövqe ortaya qoymalıdır. Azərbaycanı qardaş ölkə adlandırmaqla iş bitmir. Qardaşlıq çətin məqamlarda özünü göstərməlidir. Əks halda, "bir millət, iki dövlət" şüarı yalnız rəsmi çıxışlarda səsləndirilən gözəl ifadəyə çevrilmək təhlükəsi ilə üzləşir.

Türkiyədəki bəzi siyasi və ictimai şəxslər də anlamalıdırlar ki, ictimai nüfuzlarından istifadə edərək yoxlanılmamış məlumatları yaymaq, Azərbaycan haqqında təhqiramiz ifadələr işlətmək onlara əlavə məsuliyyət yaradır. Bir ölkənin siyasətini tənqid etmək olar, onun qərarları ilə razılaşmamaq da mümkündür. Ancaq bunun üçün yalan danışmaq, saxta videolar hazırlamaq və bütöv bir xalqı hədəfə çevirmək lazım deyil. Tənqidlə böhtan arasındakı fərqi anlamayanların başqalarına demokratiya, hüquq və azadlıq dərsi keçməsi də ciddi suallar doğurur.

Azərbaycan Türkiyədən xüsusi münasibət və ya bütün qərarlarımızın qeyd-şərtsiz müdafiəsini tələb etmir. Tələbimiz sadədir: ölkəmiz haqqında yalanlar yayılmasın, xalqımız təhqir olunmasın, saxta məlumatlar üzərindən Azərbaycana qarşı düşmən münasibət formalaşdırılmasın. Bu tələbin harası artıqdır? Qardaşlıq münasibətlərinə hörmət etmək çağırışının hansı tərəfi qəbuledilməzdir?

Türkiyə hakimiyyəti bu kampaniyanı necə başladıbsa, elə də dayandırmalıdır. Saxta məlumatların mənbələri araşdırılmalı, cəmiyyət həqiqi faktlarla məlumatlandırılmalı, qanun pozuntularına görə hüquqi tədbirlər görülməlidir. Söhbət tənqidi susdurmaqdan getmir. Söhbət yalanın həqiqət adı ilə təqdim edilməsinə və iki ölkənin münasibətlərinə zərbə vurulmasına yol verməməkdən gedir.

Bir məqamı da açıq deyək: Türkiyə cəmiyyətinin hamısını bu kampaniyanın iştirakçısı hesab etmək olmaz. Azərbaycana hörmət edən, ölkəmiz haqqında yayılan saxta məlumatları qəbul etməyən Türkiyə vətəndaşları da var. Ancaq onların mövcudluğu Türkiyədəki məsul şəxsləri baş verənlərə münasibət bildirmək öhdəliyindən azad etmir. Əksinə, qardaşlıq münasibətlərini qorumaq istəyənlər yalanların qarşısında daha qətiyyətli dayanmalıdırlar.

Azərbaycan xalqı Türkiyəyə qarşı düşmənçilik etmir. Lakin bu, ölkəmizə qarşı yönələn qarayaxma kampaniyalarına səssiz qalacağımız anlamına da gəlmir. Heç kim Azərbaycanı təhqir etməyi, xalqımız haqqında yalanlar yaymağı və sonra bütün bunları qardaşlıq pərdəsi altında gizlətməyi özünə haqq hesab etməməlidir.

Qardaşlıq birtərəfli sədaqət, susmaq və hər şeyə göz yummaq demək deyil. Qardaşlıq qarşılıqlı hörmət və məsuliyyət tələb edir. Əgər Türkiyədə Azərbaycana qarşı yalanlar yayılırsa, buna qarşı çıxmaq ilk növbədə həmin qardaşlıq münasibətlərinin qorunması üçün vacibdir.

İndi söz Türkiyə hakimiyyətinindir. Azərbaycanla münasibətlərin strateji müttəfiqlik olduğunu bəyan etmək asandır. Əsl məsuliyyət isə ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasının qarşısını almaq üçün konkret addımlar atmaqdır. Əgər "bir millət, iki dövlət" prinsipi həqiqətən də siyasi şüar deyil, ortaq dəyərdirsə, onda bu dəyəri zədələyən proseslərə qarşı susmaq olmaz.

Azərbaycan Türkiyədən xoş sözlər yox, məsuliyyətli mövqe gözləyir. Qardaşlıq iddiası varsa, onun tələbləri də yerinə yetirilməlidir. Azərbaycana qarşı yalan kampaniyası dayandırılmalıdır!

Aqil Aslan

Vumart və Güvən reklamı Vumart Güvən