“Bunlar dostluq-qardaşlığa sığmır” - Türkiyədən açıqlama gözlənilir
"Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə zəngindən sonra daha ciddi addımların atılmasını gözləyirik. Xüsusilə də Azərbaycan əleyhinə hakimiyyət kadrlarından səslənən fikirlərə bir izah verilməlidir".
Bunu Redaktor.az-a açıqlamasında politoloq Əziz Əlibəyli dedi.
Onun sözlərinə görə, Azərbaycanın tələb etdiyi addımlar da atılmalıdır:

"Dövlətdə yuxarı eşelonda təmsil olunanlar Azərbaycan rəhbərini təhqir edirlər və təəssüf ki, bu günün özündə də həmin ritorikanı davam etdirən kifayət qədər adam var. Elə hesab edirəm ki, bunlar da dostluq-qardaşlığa sığmır və Türkiyə tərəfindən əməli addımların atılması məsələsi ilə üst-üstə düşmür. Buna görə düşünürəm ki, cənab prezidentin ünvanına səslənən fikirlər Azərbaycan dövlətinə, dövlətçiliyinə səslənən fikirlərdir. Bu məsələlər çox böyük məsuliyyətsizlikdir. Məsələlərin aradan qaldırılması üçün, dediyim kimi, cəzalandırma mexanizmini Türkiyə tərəfi işə salmalıdır. O cümlədən cəmiyyət adına çıxış edən şəxslərin araqatanlığına və təxribat cəhdlərinə cavab verilməlidir".
Aytəkin TOFİQQIZI












