“Tərəflərin danışıqlar masasına oturması sülh demək deyil”

 17:48 23.10.2026     70

"Son günlər Rusiya-Ukrayna müharibəsinin həlli istiqamətində aparılan danışıqlar prosesində müəyyən irəliləyişlərin əldə olunacağı gözlənilir. Belə ki, uzun müddətdən sonra Rusiya və Ukrayna nümayəndələrinin ABŞ-nin vasitəçiliyi ilə yenidən görüşünün keçirilməsi planlaşdırılır. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, görüş noyabrın 10-dan sonraya nəzərdə tutulur".

Bunu Redaktor.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Üzeyir Mustafayev bildirdi.

Onun sözlərinə görə, bu görüş və Rusiya-Ukrayna müharibəsinin həlli perspektivləri haqqında danışarkən ilk növbədə iki fərqli anlayışı bir-birindən ayırmaq lazımdır:

"Bunlardan birincisi tərəflərin danışıqlarda iştirak etməsi, ikincisi isə konkret razılaşmanın əldə olunmasıdır. Bu iki məqam bir-biri ilə əlaqəli olsa da, nəticə baxımından fərqli anlayışlardır. Çünki tərəflər indiyədək dəfələrlə danışıqlar aparıb, danışıqlar masası arxasında əyləşsələr də, konkret nəticəyə gələ bilməyiblər. Bunun əsas səbəblərindən biri tərəflərin bir-birinə qarşı irəli sürdükləri tələblərin və mövqelərin ciddi şəkildə ziddiyyət təşkil etməsidir".

Ekspert əlavə etdi ki, bu gün xüsusi diqqət yetirilməli olan məsələlərdən biri Rusiyanın Donbasla bağlı mövqeyidir:

"Rusiyanın Ukrayna cəbhəsindəki əsas məqsədlərindən biri Donbasın tamamilə Rusiya ərazisi kimi tanınmasına nail olmaqdır. Donbas uğrunda gedən döyüşlər nəticəsində ərazinin böyük hissəsi Rusiyanın nəzarətinə keçsə də, Ukraynanın nəzarətində qalan ərazilər də mövcuddur. Moskva həmin ərazilərin Ukrayna qüvvələri tərəfindən boşaldılmasını, daha sonra isə bu ərazilər üzərində Rusiyanın suverenliyinin həm de-fakto, həm də de-yure tanınmasını istəyir. Bundan sonrakı mərhələdə isə təhlükəsizlik məsələlərinin müzakirəsi nəzərdə tutulur. Rusiya Prezidenti Vladimir Putinin açıqlamalarında da müharibənin sonunda əldə olunacaq razılaşmanın yalnız iki ölkə arasındakı münasibətləri deyil, bütövlükdə Avropanın təhlükəsizlik arxitekturasını əhatə etməli olduğu fikri ön plana çıxır. Moskvanın mövqeyinə əsasən, uzunmüddətli təhlükəsizliyin təmin edilməsi və gələcək müharibələrin qarşısının alınması üçün Rusiyanın təhlükəsizliklə bağlı tələbləri nəzərə alınmalıdır. Bu yanaşmada Donbas məsələsi və Ukraynanın gələcək təhlükəsizlik siyasəti xüsusi yer tutur. Lakin Ukrayna tərəfi Rusiyanın ərazi ilə bağlı tələblərini qəbul etmir".

Müsahibimiz hesab edir ki, Kiyev öz ərazi bütövlüyünün qorunmasını əsas prinsip kimi irəli sürür və Rusiyanın irəli sürdüyü şərtlərlə razılaşmağa hazır olmadığını bildirir:

"Məhz bu ziddiyyət danışıqlar prosesində əsas maneələrdən biri olaraq qalır. ABŞ-nin mövqeyinə gəldikdə isə, xüsusilə Prezident Donald Trampın yanaşmasına nəzər saldıqda, Vaşinqtonun əsas məqsədinin mümkün qədər qısa müddətdə sülhə nail olmaq və tərəflər arasında razılaşma əldə etmək olduğu görünür. Belə bir razılaşma həm Trampın siyasi imicinə, həm də ABŞ-nin beynəlxalq vasitəçilik imkanlarına müsbət təsir göstərə bilər. Müharibənin dayandırılması ABŞ administrasiyasına növbəti böyük beynəlxalq münaqişənin həllində aparıcı rol oynadığını nümayiş etdirmək imkanı verərdi. Məhz bu kontekstdə Ukrayna danışıqlarda Avropanın da iştirakını vacib hesab edir. Kiyevin yanaşmasına görə, Avropa ölkələrinin prosesə cəlb olunması Ukraynanın təhlükəsizlik maraqlarının və mövqeyinin daha dolğun şəkildə nəzərə alınmasına imkan yarada bilər. Buna görə də Ukrayna yalnız ABŞ, Rusiya və Ukraynanın iştirak etdiyi üçtərəfli formatı deyil, Avropanın da təmsil olunduğu dördtərəfli danışıqlar modelini üstün tutur".

Politoloq əlavə etdi ki, ümumilikdə, mövcud vəziyyətə əsasən, Ukrayna ərazi məsələsində güzəştə getmədiyi təqdirdə tərəflər arasında razılaşmanın əldə olunması çətin olaraq qalacaq:

"Çünki indiyədək müzakirə olunan müxtəlif təkliflərdə və razılaşma paketlərində tərəflərin mövqelərinin ən kəskin şəkildə toqquşduğu məsələ məhz ərazi amili olub. Rusiyanın Ukrayna ərazilərində nəzarəti və bu ərazilərin hüquqi statusu ilə bağlı tələbləri ilə Kiyevin ərazi bütövlüyünü qorumaq mövqeyi arasında ciddi ziddiyyət mövcuddur. Donbasın Rusiya ərazisi kimi tanınması tələbi Moskvanın əsas şərtlərindən biri olaraq qalır. Halbuki bu məsələdə tərəflərin ortaq mövqeyə gəlməsi sülh sazişinin əldə olunmasına aparan yolun əsas mərhələlərindən biri ola bilər".

Siyasi şərhçinin fikrincə, indiki şəraitdə sülhə nail olmaq üçün ən real yanaşma tərəflərin maksimalist tələblərdən müəyyən dərəcədə geri çəkilməsi və ərazi məsələsindən əlavə, təhlükəsizlik təminatları, atəşkəsin davamlılığı və gələcək münasibətlərin tənzimlənməsi kimi məsələlərə də diqqət yetirməsidir:

"Bununla belə, Rusiyanın hazırkı hərbi və siyasi mövqeyini nəzərə alsaq, Moskvanın əsas tələblərindən geri çəkilərək yeni kompromis gündəliyinə keçəcəyini proqnozlaşdırmaq çətindir. Beləliklə, qarşıdakı görüşlər danışıqlar prosesinin davam etdirilməsi baxımından əhəmiyyətli olsa da, onların avtomatik olaraq sülh sazişinin əldə olunmasına gətirib çıxaracağını düşünmək doğru olmaz. Əsas məsələ tərəflərin danışıqlar masasına əyləşməsi deyil, mövcud ziddiyyətləri aradan qaldırmaq üçün real kompromisə hazır olub-olmamasıdır".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən