“Səfirimiz Baxçalıya çatdırdı ki, Azərbaycan edilən yaxşılıqları unutmur” - AÇIQLAMA
“Azərbaycanın Türkiyədəki səfirinin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı ilə görüşü hesab edirəm ki, çox maraqlı və vacib bir görüş idi. Belə ki, ilk növbədə qeyd etməliyəm ki, Türkiyədə siyasi qüvvələr arasında Azərbaycan mövzusunu hər zaman gündəmdə saxlayan Milliyyətçi Hərəkat Partiyası və ona yaxın siyasi qruplar olub”.
Bunu politoloq Oqtay Qasımov Redaktor.az-a açıqlamasında Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanovun Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı ilə dünənki görüşünü şərh edərkən bildirdi.
O vurğuladı ki, son proseslərdə də bir daha Milliyyətçi Hərəkat Partiyası, onun sədri, o cümlədən bu partiyanın şinelindən çıxmış İYİ Partiya, Zəfər Partiyası və digər partiyaların nümayəndələri, eləcə də onların rəhbərləri olduqca müsbət mövqe tutdular və Türkiyə-Azərbaycan münasibətlərinin dostluq, qardaşlıq və müttəfiqlik əsasında davam etməsinin tərəfdarı olduqlarını söylədilər:
“Bu görüşü vacib edən səbəblərdən birincisi ondan ibarətdir ki, səfir Dövlət Baxçalı ilə görüşərək ona təşəkkürünü çatdırdı. Belə ki, hadisələrin və kampaniyanın baş verdiyi dövrdə o, bir neçə dəfə bu mövzunu gündəmə gətirib, olduqca obyektiv və müdrik bir dövlət xadiminə, siyasətçiyə yaraşan tərzdə mövqe sərgiləyib və Türkiyə iqtidarını, eləcə də onun Cümhur İttifaqındakı ortağını bu xəttə gəlməyə təşviq edib".
.jpg)
Müsahibimiz düşünür ki, bu baxımdan səfir həm də Azərbaycan Prezidentinin cənab Baxçalıya salamını və təşəkkürünü çatdırdı, həmçinin Azərbaycanın edilən yaxşılıqları unutmadığını, onları dəyərləndirdiyini və qiymətləndirdiyini göstərdi:
"Düşünürəm ki, məhz bu səfər, bu ziyarət Cümhur İttifaqındakı digər tərəfdaş üçün də, yəqin ki, mesaj xarakteri daşıyır. Eyni zamanda, münasibətlərin normallaşması üçün bundan sonra da MHP-nin fəal rol alacağı ilə bağlı cənab Baxçalının da müəyyən fikirləri olub. O baxımdan bu, müsbət hadisədir və Azərbaycan-Türkiyə münasibətlərinin bundan sonra daha da inkişaf etməsi, möhkəmlənməsi istiqamətində MHP-nin atacağı addımlar, o cümlədən hakimiyyətdəki Cümhur İttifaqı ortağını da bu istiqamətdə addımlar atmağa və Azərbaycana qarşı aparılan kampaniyanın məhz AKP tərəfindən dayandırılmasına təşviq etmək baxımından müəyyən təsir göstərəcəyini düşünürəm. Yəni bu, çox mənalı, lazımlı və vacib bir görüş idi”.
NURİYYƏ












