“Baxçalının Azərbaycan səfiri ilə görüşü digərləri üçün nümunə olmalıdır”

 21:02 24.10.2026     194

"Azərbaycanla Türkiyə arasında arzulamadığımız soyuqluğun yaranmasında Türkiyənin müəyyən dairələri ciddi şəkildə günahkardır. Azərbaycanın daxili işlərinə müdaxilə etmək, Azərbaycana “böyük qardaş” olmaq həvəsinə düşmək görünür ki, hələ də müəyyən adamların arzusudur. Ancaq Azərbaycan bunu bu vaxta qədər də qəbul etməyib, bundan sonra da qəbul etməyəcək".

Bunu Redaktor.az-a açıqlamasında politoloq Abutalıb Səmədov bildirdi. Onun sözlırinə görə, qısa müddətdə münasibətlərimizin düzənə salınmasına, soyuqluğun aradan qaldırılmasına ehtiyac var:

"Azərbaycan əleyhinə qəbuledilməz bəyanatlar verən adamlar, o cümlədən deputatlar və hakimiyyətdə təmsil olunan şəxslər cəzalandırılmalıdır. Bundan sonra bu cür addımlar atmaqdan çəkinməlidirlər. Çünki Azərbaycan-Türkiyə münasibətlərinin soyuqlaşması düşmənlərin maraqlarına cavab verir və bundan bütün türk dünyası çox ciddi zərər çəkə bilər".

Müsahibimiz əlavə etdi ki, bunu hamıdan yaxşı MHP başqanı Dövlət Baxçalı başa düşür və münasibətləri düzəltmək üçün əlindən gələni etməyə çalışır:

"Digər siyasət xadimləri də bu prosesdə müsbət rol oynamağa cəhd göstərirlər. Ancaq müəyyən addımlar atılmalıdır, əks halda, kiminsə hər şeyin öz-özünə düzələcəyini düşünməsi səhvdir. Müəyyən adamlar cəzalanmasa, onlar haqqında tədbir görülməsə, bu cür hallar, yəqin ki, gələcəkdə də təkrar olunacaq. Dövlət Baxşalının Azərbaycan səfiri ilə görüşü, ona göstərdiyi münasibət, eyni zamanda, Azərbaycana və Azərbaycanın türk dünyasındakı roluna verilən qiymətdir. Bu, digərləri üçün də nümunə olmalıdır və onlar da bu istiqamətdə öz öhdələrinə düşən vəzifəni yerinə yetirməlidirlər".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən