“Bağçalı Azərbaycanın haqlı mövqeyinin yanında olduğunu göstərdi” - Deputat
"Dövlətlərarası münasibətlər bərabərhüquqlu tərəfdaşlığa əsaslananda və bir-birinin daxili işlərinə qarışmamaq prinsipinə riayət edildikdə daha güclü olur və daha çox dövlət maraqlarına xidmət edir. Ancaq son günlər Türkiyə-Azərbaycan münasibətlərində Türkiyədəki bəzi marginal qruplar tərəfindən bu prinsipin pozulduğunun şahidi olduq. Hətta o dərəcədə ki, iqtidara yaxın bəzi media qrupları və iqtidar təmsilçiləri belə dövlətlərarası münasibətlərin bərabərhüquqluluq prinsipini unutdular. Bu isə iki ölkə arasındakı münasibətlərə xələl gətirə biləcək ehtimallar yaratdı".
Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi. Onun sözlərinə görə, məhz belə bir mərhələdə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı bir daha Türkiyədəki müxtəlif təxribatçı qruplara dövlətlərarası münasibətlərin bərabərhüquqluluq prinsipini xatırladaraq, nə olursa-olsun, Azərbaycanın haqlı mövqeyinin yanında olduğunu ifadə etdi:
"Üstəlik, Azərbaycanın həm tarixdən gələn ənənəvi mövqeyini yada salaraq əhəmiyyətli strateji xatırlatmalar etdi. Həm də Azərbaycan və Türkiyənin bundan sonra birlikdə nə qədər böyük strateji əməkdaşlıq potensialına sahib olduğunu və bu potensial reallaşarsa, hər iki ölkəni daha güclü edəcəyini Türkiyə cəmiyyətinə və təxribatçı qruplara xatırlatmış oldu. Əlbəttə, belə prinsipial mövqe və dövlət ağlı heç şübhəsiz ki, Azərbaycan tərəfindən də cavabsız buraxılmadı. Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov hörmətli Dövlət Bağçalı ilə görüşdü və Azərbaycan Prezidentinin salamlarını ona çatdırdı. Bu, öz-özlüyündə milli mövqenin, milli düşüncənin və “Bir millət, iki dövlət” prinsipinin yeni mərhələdə, yeni məzmunda təkrar olunması idi.
Siyasətçi qeyd etdi ki, Türkiyə də, Azərbaycan da milli dövlətdir:
"Hər iki ölkənin əhalisi müsəlman olsa da, hər iki ölkə respublikadır. Hər iki ölkənin konstitusiyasında din-dövlət münasibətlərinin hüquqi əsasları mövcuddur. Ona görə də Dövlət Bağçalının məhz bu mövqedən çıxış etməsi Azərbaycanla Milliyyətçi Hərəkat Partiyasının ortaq milli və dövlətçilik görüşlərinin nə qədər yaxın olduğunu, bu görüşlərin nə qədər böyük perspektivə malik olduğunu göstərmiş oldu. Ona görə də mən düşünürəm ki, Dövlət Bağçalının bu mövqeyi Azərbaycan tərəfindən layiqincə qiymətləndirildi. Bu isə hər şeydən öncə Türkiyə-Azərbaycan münasibətlərini xaosa sürükləmək istəyənlərin mövqeyi qarşısında qətiyyətli və prinsipial bir duruş kimi qiymətləndirilməlidir".
Xədicə BAXIŞLI












