"Əgər belə olsaydı, İran qadınları özlərini xoşbəxt hiss edər, küçələrdə etiraz etməzdilər" - Fazil Mustafa

 14:38 26.10.2026     157

"İran İslam Respublikasının bu çağırışının müəyyən səbəbi var. Hazırda Azərbaycanın müəyyən mənada nəzarətində olan, digər ölkələrlə din və inanc üzərindən şübhəli əməkdaşlıqlar quran vətəndaşların müəyyən dərəcədə bu prosesə cəlb edilməsi niyyəti güdülür. Çünki vaxtilə oraya gedən azərbaycanlı gənclərin hansı vəziyyətə düşdüyü bu gün hər kəsə məlumdur".

Bu sözləri Redaktor.az-a İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın Azərbaycanda hicab səbəbindən təhsil almaqda çətinlik çəkdiklərini iddia etdiyi qızları İran universitetlərinə dəvət etməsindən danışan deputat Fazil Mustafa bildirdi.

O vurğuladı ki, söhbət ideoloji baxımdan təsirlənmiş insanların başqa bir dövlətin ərazisində belə bir prosesin qızışdırılmasında maraqlı olmasından gedir:

"Azərbaycan vətəndaşlarını öz ölkələrinə dəvət edənlər isə öz vətəndaşlarına belə normal təhsil almaq hüququnu təmin edə bilmirlər. Bu gün İranda başını örtməyən insanların həmin ölkədə bu şəkildə təhsil alması mümkün deyil. Buna görə də onlar bizdən daha çox demokratik cəmiyyət quruculuğu və qadın hüquqları ilə bağlı tövsiyələr almalıdırlar. Çünki başqa cür bu prosesi tənzimləmək qabiliyyətinə malik deyillər".

Millət vəkili nəzərə çatdırdı ki, bu gün İranda qadınların vəziyyəti göz önündədir:

"Belə bir şəraitdə insanları ölkəyə dəvət etmək, onlara tövsiyələr vermək və orada təhsil almağa yönləndirmək açıq-aşkar qeyri-ciddi yanaşmadır. Çünki həmin insanlar ən azı gündəlik həyat və yaşayış şəraitində öz azad iradələrini həyata keçirə bilmirlər. Belə olan halda, İranda nəyi həyata keçirəcəklər? Guya dindar görünmək üçün başlarını örtmək, oruc tutmaq və namaz qılmaq yolunu seçəcəklər.

Bu vəziyyətin özü də ciddi düşündürür. Azərbaycan vətəndaşları bu cür çağırışlara qəti və sərt münasibət bildirməlidirlər. Çünki bu, Azərbaycan qadınlarının maraqlarına xidmət edən məsələ deyil. Əgər belə olsaydı, İran qadınları özlərini xoşbəxt hiss edər, küçələrə çıxaraq hətta geyim azadlığından məhrum edilmələrinə etiraz etməzdilər".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən