"AKP-də təmsil olunan bəzi deputatlar Çanaqqala döyüşünü heç vaxt unutmamalıdırlar" - Deputatdan MESAJ

 15:23 26.10.2026     114

"Rəcəb Tayyib Ərdoğanın qərəzli müşaviri Oktay Saralı vəzifəsindən azad etməsi Azərbaycan dövlətinə olan böyük hörmət və ehtiramdan, qardaşlıq və dostluğun sarsılmazlığından qaynaqlanır".

Bunu Redaktor.az-a açıqlamasında deputat Tahir Rzayev bildirdi. O vurğuladı ki, tarixən Azərbaycan-Türkiyə dostluğuna və qardaşlığına xələl gətirmək istəyən qüvvələr olub:

"Bu gün də həmin qüvvələr qardaşlığımızı pozmağa cəhd göstərirlər. Çünki türk dünyasının, türk dövlətlərinin güclənməsindən, möhkəmlənməsindən, xüsusilə də ən çətin və sevincli günlərdə Azərbaycanla Türkiyənin bir yerdə olmasından, sarsılmaz birliyindən qorxurlar. Oktay Saral kimi insanlar bilməlidirlər ki, bu dostluq və qardaşlıq tarixi köklərə, milli-mənəvi dəyərlərə söykənir. Bu xalqlar həmişə bir yerdə olub, bir-birlərinə dəstək verib, bir tikə çörəklərini belə bölüşüblər. Sevinəndə birlikdə sevinib, ağlayanda birgə ağlayıblar.

Oktay Saral və ona dəstək verənlər, AKP-də təmsil olunan bəzi deputatlar Çanaqqala döyüşünü heç vaxt unutmamalıdırlar. Azərbaycanın türk qardaşlarına verdiyi dəstəyi və göstərdiyi yardımı, eləcə də Türkiyənin ən çətin anlarda Azərbaycanın yanında olduğunu xatırlamalı, bu cür əməllərdən əl çəkməlidirlər. Onlar müəyyən millətçilərin, dinçilərin və yalançı islamçıların təsiri altına düşərək Azərbaycan haqqında bu cür yaramaz, təxribatçı bəyanatlar verməməli, insanları qarşı-qarşıya qoymamalı və qarşıdurmaya çağırış etməməli idilər".

Millət vəkili nəzərə çatdırdı ki, Oktay Saral öz cəzasını aldı. Onun sözlərinə görə, Azərbaycan xalqı Rəcəb Tayyib Ərdoğanın qətiyyətinə, onun Azərbaycan xalqına olan məhəbbətinə və etimadına inanır:

"Biz inanırıq ki, digər bəd niyyətli şəxslər və siyasətçilərlə bağlı da lazımi tədbirlər görüləcək. Onlar başa düşməlidirlər ki, sarsılmaz qardaşlığı, qanı və canı bir olan xalqları heç vaxt bir-birindən ayırmaq, aralarına nifaq salmaq mümkün deyil. Bu yolverilməzdir. Azərbaycan xalqı heç vaxt belə bir yola getməz və türkiyəli qardaşlarımızla münasibətlərdə bu cür mövqe tutmaz. Bunu bir çox siyasətçinin çıxışlarında, sadə insanların bəyanatlarında və siyasi partiyaların çağırışlarında aydın gördük və sevindik.

Bu gün dünyada baş verən hadisələr, müxtəlif çaxnaşmalar və qarşıdurmalar bizim üçün ibrət dərsidir. Türkiyə xalqı da ağır sınaqlardan keçib. Azərbaycan xalqı da uzun illər erməni işğalından əziyyət çəkib, torpaqlarımız tapdalanıb, tarixi məbədlərimiz viran edilib, xalqlarımız böyük müsibətlər yaşayıb. Bütün bu dövrlərdə Azərbaycan və Türkiyə bir millət, iki dövlət olaraq bir yerdə olduqlarını nümayiş etdiriblər. Dünən də belə olub, bu gün də belədir və hesab edirəm ki, hər zaman belə olacaq. Azərbaycan-Türkiyə birliyinə və qardaşlığına kölgə salmaq istəyənlər uğursuzluğa məhkumdurlar. Onların bəd niyyətləri heç vaxt həyata keçməyəcək".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən