"Anti-Azərbaycançı şəxsin vəzifəsindən azad edilməsi gözlənilən idi"
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən vəzifəsindən azad edilmiş Oktay Saral Türkiyənin rəsmi şəxslərindən biri idi. Rəsmi şəxsin bu cür proseslərə alət olması və bu tip açıqlamalar verməsi, təbii ki, qəbuledilməz idi. Ərdoğan tərəfindən müvafiq addımın atılması və anti-Azərbaycan mövqeyindən çıxış edən şəxsin vəzifəsindən azad edilməsi gözlənilən qərar idi".
Bunu Redaktor.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Üzeyir Mustafayev bildirdi.
Ölkəmizə qarşı Türkiyədə qarayaxma, təhqir kampaniyasında iştirak edən digər şəxslərin cəzalandırılması məsələsinə gəldikdə isə müsahibimiz hesab edir ki, burada hər kəsin cəzalandırılmasından söhbət gedə bilməz:
"Çünki Azərbaycan-Türkiyə müttəfiqliyini istəməyən, bu dostluğu qəbul etməyən qüvvələr, təəssüf ki, həmişə olub və bundan sonra da olacaq".
Politoloqun fikrincə, dövlət başçısı səviyyəsində bir müşavirin vəzifəsindən azad edilməsi həmin qüvvələrə açıq mesaj idi ki, hər kəs öz yerini və məsuliyyətini bilməlidir:
"Heç bir qüvvə Azərbaycan-Türkiyə dostluğuna xələl gətirmək və iki dövlət arasındakı strateji müttəfiqliyi zəiflətmək iqtidarında deyil".
Xədicə BAXIŞLI












