“Bundan ən çox əziyyət çəkən İranın özü olacaq” - Deputatdan Tehrana SƏRT XƏBƏRDARLIQ

 17:14 26.10.2026     138

İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın Azərbaycanda hicab səbəbindən təhsil almaqda çətinlik çəkdiklərini iddia etdiyi qızları İran universitetlərinə dəvət etməsi ölkəmizin daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirilir. İran rəsmisinin bu addımı iki ölkə arasında münasibətlərdə gərginliyin aradan qalxdığı bir vaxtda yeni narazılığa zəmin yarada bilər.

Bəs İran rəsmisinin bu cür məsuliyyətsiz çıxışı iki ölkə arasında münasibətlərə hansı zərbəni vura bilər və Tehran yenidən gərginlik yaratmağa çalışır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, İran rəsmisinin bu çıxışı Azərbaycanın daxili işlərinə kobud müdaxilə kimi qiymətləndirilməlidir. Onun fikrincə, bu, şüurlu və ya qeyri-şüurlu şəkildə Azərbaycan-İran münasibətlərinə xələl gətirməkdir:

"Bilirsiniz ki, uzun müddət münasibətlərimizdə çox ciddi gərginlik olub. Artıq bu gərginlik aradan qalxıb. Belə bir dövrdə bu cür açıqlamaların verilməsi, bu cür mövqenin ortaya qoyulması kökündən yanlışdır və qəbuledilməzdir. Əgər onlar İranda yaşayan azərbaycanlılara, ümumiyyətlə, Azərbaycan xalqına can yandırırlarsa və bunu həqiqətən istəyirlərsə, ilk növbədə, oradakı azərbaycanlıların təhsil hüququnu tanısınlar. Onların təhsil hüququnun qorunması istiqamətində addımlar atsınlar. Bu gün məhz buna yönəlmiş səylər göstərmək, konkret addımlar atmaq lazımdır. Yoxsa azərbaycanlılara “Siz öz ölkənizdə təhsil ala bilmirsinizsə, gəlin bizim ölkəmizdə təhsil alın” demək nə qəbulolunandır, nə də anlaşılandır".

Millət vəkili vurğuladı ki, İran rəsmisinin bu cür açıqlaması diplomatik qalmaqala səbəb ola bilər:

"İran rəsmilərinə bu cür açıqlamalardan və bəyanatlardan uzaq durmağı bir daha xüsusi olaraq tövsiyə edirik. İran rəsmiləri bu cür açıqlamalara, bu cür yanaşmalara son qoymalıdırlar. Bir daha qeyd edirəm ki, bunlar ciddi qalmaqala və diplomatik müstəvidə problemlərə səbəb ola biləcək məsələlərdir. Mən bir daha vurğulayıram ki, münasibətlərimizdə gərginlik olub və çox şükür ki, bu gərginlik aradan qalxıb. İndi belə çıxır ki, kimlərsə yenidən gərginlik yaratmaq, bu mənada, münasibətlərdə problemə səbəb olmaq istəyir. Əgər buna cəhd edirlərsə, hesab edirəm ki, bundan ən çox əziyyət çəkən ölkələrdən biri də məhz İranın özü olacaq. İran bu cür açıqlamalara, bəyanatlara, yanaşmalara və təxribatlara son qoymalıdır".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən