“Türkiyədə Azərbaycanı təhqir edənlərə hüquqi qiymət verilməlidir” - Azər Allahverənov

 20:51 26.10.2026     146

“İki dövlət arasında münasibətlərdə son günlər yaşanan müəyyən məsələlər, xüsusilə də Türkiyənin müxtəlif kanalları, istər media, istərsə də siyasi dairələr vasitəsilə Azərbaycanla bağlı, xüsusən də ölkəmizin daxili işlərinə müdaxilə kimi qiymətləndirilə biləcək bəyanatların səsləndirilməsi yolverilməz hesab edilir. Bu hadisələr bir daha göstərdi ki, Türkiyənin özündə müəyyən dairələr müxtəlif mövzulardan öz maraqları naminə sui-istifadə etməyə cəhd göstərirlər. Nəticə etibarilə, iki qardaş xalq və dövlət arasında nifaq yarada biləcək vəziyyət formalaşdırmağa çalışırlar. Təbii ki, bu cür yanaşmalar Türkiyənin özündə də ekspert dairələri və siyasi çevrələr tərəfindən kəskin şəkildə pislənildi. Siyasi partiya rəhbərləri bununla bağlı öz etirazlarını konkret şəkildə ifadə etdilər”.

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov bildirdi.

Siyasətçi əlavə etdi ki, Oktay Saralın belə bir vəziyyətdə ölkə başçısının müşaviri olaraq bu fikirləri səsləndirməsi tənqidə layiq idi:

“Mən də həmin dövrdə bu məsələ ilə bağlı şərh verərkən Türkiyənin siyasi dairələrinə və hüquq-mühafizə orqanlarına müraciət edərək bildirmişdim ki, bu məsələlər mütləq araşdırılmalıdır. Xüsusilə də həmin fikirlərin hansı mərkəzlər tərəfindən geniş şəkildə tirajlandığı müəyyənləşdirilməlidir. Görünən odur ki, artıq Türkiyənin aidiyyəti strukturları bu məsələ ilə bağlı müəyyən addımlar atmağa başlayıblar. İlk vacib addımlardan biri də ölkə başçısı tərəfindən atılıb və nəticədə onun müşaviri istefaya gedib. Bu, özlüyündə müsbət haldır. Əgər bunu Türk Dövlətləri Təşkilatının Ankarada keçiriləcək zirvə toplantısı ilə əlaqələndirməyə çalışsaq, hadisələrin bu şəkildə inkişaf etməsi ən azı mövcud sualların bir qisminə cavab verilməsi deməkdir. Müşavirin istefası özlüyündə həmin suallara verilən cavablardan biridir. Ancaq bu, yekun qərar deyil. Çünki həmin fikirlərin haradan qaynaqlandığı, hansı mərkəzlər tərəfindən irəli sürüldüyü ilə bağlı da düşünürəm ki, aidiyyəti qurumlar tərəfindən müvafiq münasibət bildiriləcək”.

Onun fikrincə, Türk Dövlətləri Təşkilatının sammitində Azərbaycan Respublikasının Prezidentinin iştirakı üçün ən başlıca jest məhz Türkiyə Prezidentinin telefon zəngidir:

“Həmin zəng zamanı iki qardaş xalq arasında gələcəyə hesablanmış münasibətlərin dərinləşdirilməsi və möhkəmləndirilməsi, eyni zamanda, zirvə toplantısına dəvətlə bağlı fikirlər səsləndirilib. Təxmin edirəm ki, bu addım da aidiyyəti üzrə qiymətləndiriləcək. Bu səbəbdən Oktay Saralın və onun kimilərin timsalında iki xalq arasında münasibətlərə xələl gətirə biləcək məsələlərin gündəmə gətirilməsi, eləcə də bununla bağlı digər proseslər hər kəsdən daha ehtiyatlı və həssas davranmağı tələb edir”.

Müsahibimiz qeyd etdi ki, Azərbaycanı və onun liderini təhqir edən şəxslərin müvafiq qaydada cəzalandırılması məsələsində hüquq-mühafizə orqanlarının araşdırması başa çatdıqdan sonra hadisələrə həm siyasi, həm də hüquqi qiymət verilməsi mümkün olacaq.

“Beləliklə, Türkiyə hökumətinin bu məsələdə qətiyyətini bir daha nümayiş etdirdiyini görə bilərik. Bu da mövcud münasibətlərin daha da güclənməsinə xidmət edəcək”.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən