Azərbaycanla hesablaşmaq çağırışı: “Heç kim ölkəmizə yuxarıdan aşağı baxmamalıdır”

 16:42 27.10.2026     146

“Azərbaycan Qafqaz regionunda əhəmiyyətli gücə malik dövlətdir və müstəqil siyasi kurs həyata keçirir. İddiası da elə böyük deyil, sadəcə, öz müstəqillik hüdudlarının pozulmasına qarşı hər zaman dirəniş göstərməyi bacaran ölkədir. Prezident İlham Əliyev də bu gün keçirilən forumda bu məsələyə vurğu qoyub. Bildirib ki, biz kiməsə tövsiyə vermədiyimiz kimi, başqalarından da, xüsusilə ideoloji zəmində, tövsiyə dinləməyimiz doğru deyil”.

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Prezident İlham Əliyevin Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki nitqini şərh edərkən bildirdi.

“Bu baxımdan, Azərbaycanın belə mötəbər tədbirlərin keçirildiyi məkana çevrilməsi və onlara ev sahibliyi etməsi olduqca ciddi məsələdir. Biz bununla həm də öz mövqeyimizi və gücümüzü ortaya qoymuş oluruq. Prezident orta güclü dövlətin parametrlərinin daha faydalı qiymətləndirilməsinin vacibliyini vurğulayıb. Yəni kiminsə yuxarıdan aşağı baxmadan əməkdaşlıq modeli çərçivəsində münasibət qurmağa çalışması həmin ölkələrin öz xeyrinə ola bilər. Azərbaycanın istəyi də əslində budur. Ona görə də bu cür tədbirlərdə normal dialoq mühitinin formalaşması və mədəniyyət aspektində münasibətlərin inkişafı vacibdir”.

Millət vəkili qeyd etdi ki, mədəniyyət müstəvisində məsələlər müzakirə olunarkən daha səmimi dialoq yaranır və münasibətlərdə daha səmərəli əməkdaşlıq qurmaq mümkün olur:

“Çünki bu zaman tərəflər öz iqtisadi və ya hərbi güclərini qabartmadan, fərqli mədəniyyətlərin daşıyıcıları kimi proseslərə baxışlarını ortaya qoymağa çalışırlar. Bu da, məncə, bizim üçün kifayət qədər əhəmiyyətli amillərdən biridir”.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən