İdeoloji təhlükəsizlik fiziki təhlükəsizlik qədər vacibdir - Prezidentin mesajı nədir?

 16:55 27.10.2026     168

Prezident İlham Əliyev Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki nitqində Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinə münasibət bildirib. Dövlət başçısı vurğulayıb ki, ideoloji təhlükəsizlik fiziki təhlükəsizlik qədər vacibdir və Azərbaycana mühazirə oxumaq istəyənlər ilk növbədə öz ölkələrindəki vəziyyətə nəzər salmalıdırlar.

Azərbaycanın daxili işlərinə qarışmamaq prinsipini ön plana çəkməsi və ideoloji təhlükəsizliyi milli təhlükəsizliyin mühüm tərkib hissəsi kimi təqdim etməsi hansı siyasi mesajları verir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirdi ki, Azərbaycan beynəlxalq hüquqa hörmət edən, müstəqil siyasət yürüdən və etibarlı tərəfdaş kimi beynəlxalq nüfuzunu möhkəmləndirən ölkədir:

“Torpaqlarımızı işğaldan azad etməklə ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmişik, bu gün isə regionda sülhün və əməkdaşlığın təşviqinə töhfə veririk. Ölkəmizin gücünün əsas mənbələrindən biri daxili sabitlik və milli həmrəyliyimizdir. Azərbaycançılıq ideologiyası ətrafında birləşən xalqımızın birliyi dövlətimizin siyasi dayanıqlılığını və milli gücünü formalaşdıran mühüm amildir. Lakin müasir dünyada təhlükələr yalnız fiziki sərhədlərlə məhdudlaşmır. Xaricdən ideoloji təsir vasitələri ilə cəmiyyətdə parçalanma yaratmaq, milli dəyərləri zəiflətmək və ictimai rəyə təsir göstərmək cəhdləri də ciddi risklər doğurur.

Məhz buna görə Prezident İlham Əliyevin forumdakı çıxışında ideoloji təhlükəsizliyi fiziki təhlükəsizlik qədər vacib hesab etməsi xüsusi əhəmiyyət daşıyır. Bu, Azərbaycanın milli maraqlarını, dövlətçilik ənənələrini və cəmiyyətimizin mənəvi bütövlüyünü qorumaq əzmini ifadə edir. Heç bir dövlətin Azərbaycanın daxili işlərinə müdaxilə etmək və xalqımıza öz inkişaf yolunu diktə etmək hüququ yoxdur. Qarşılıqlı hörmətə əsaslanan beynəlxalq münasibətlərin təməlində dövlətlərin suverenliyinə və bərabərliyinə hörmət dayanmalıdır”.

Millət vəkili qeyd etdi ki, Azərbaycanın artan beynəlxalq nüfuzu da bu müstəqil siyasətin mühüm nəticələrindən biridir.

“Ölkəmizin gələn il İslam Əməkdaşlıq Təşkilatının, 2028-ci ildə isə Avropa Siyasi Birliyinin tədbirlərinə ev sahibliyi etməsi Azərbaycanın müxtəlif siyasi və mədəni platformalar arasında dialoq qurmaq imkanlarını nümayiş etdirir. Hazırda Bakıda keçirilən “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycan bu platforma vasitəsilə dünyanı narahat edən problemlərin müzakirəsinə, qarşılıqlı anlaşmanın gücləndirilməsinə və müxtəlif cəmiyyətlər arasında dialoqun inkişafına töhfə verir”.

Müsahibimiz vurğuladı ki, bu gün dünya ciddi çağırışlarla üz-üzədir.

“Münaqişələr davam edir, yeni qarşıdurma ocaqları yaranır, ikili standartlar və beynəlxalq hüquqa selektiv yanaşma qlobal təhlükəsizliyə inamı zəiflədir. Belə bir şəraitdə dialoqun, qarşılıqlı hörmətin və beynəlxalq hüququn aliliyinin təşviqi daha böyük əhəmiyyət kəsb edir.

Hesab edirəm ki, Prezident İlham Əliyevin Forumdakı çıxışı həm Azərbaycanın milli maraqlarının müdafiəsi, həm də beynəlxalq münasibətlər sistemində mövcud problemlərə diqqət çəkilməsi baxımından mühüm siyasi mesajlar ehtiva edir. Bu mesajlar Azərbaycanın müstəqil mövqeyini, ideoloji təhlükəsizliyə həssas yanaşmasını və qlobal dialoqa töhfə vermək istəyini bir daha nümayiş etdirir. Əminəm ki, Azərbaycanın beynəlxalq platformalara ev sahibliyi etməsi ölkəmizin siyasi nüfuzunu daha da gücləndirməklə yanaşı, regional sabitliyin və qlobal əməkdaşlığın inkişafına da töhfə verəcəkdir”.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən