İran nazirinin yadına Azərbaycan düşüb, bəs 40 milyon azərbaycanlı?
İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərraf azərbaycanlı xanımları öz ölkəsinin universitetlərində təhsil almağa dəvət edir. Buna bişmiş toyuğun da gülməyi gəlir. Başqasına təhsil hüququndan dərs keçməyə çalışan İranın özündə milyonlarla Azərbaycan türkü məktəblərdə ana dilində deyil, fars dilində təhsil alır. İndi də Tehran Azərbaycanlı qızların təhsil hüququnun müdafiəçisi roluna girib. Görəsən, İranın yadına azərbaycanlılar yalnız Azərbaycana irad tutmaq lazım gələndə düşür?
İran rəsmilərinin bu canfəşanlığı adamı istər-istəməz düşündürür. Öz ölkəsində Azərbaycan türklərinin ana dilində təhsil alması üçün şərait yaratmayan bir dövlətin naziri hansı üzlə başqa ölkənin təhsil siyasətinə ağıl öyrətməyə girişir? Öz evindəki problemi həll etməyən Tehran başqasının həyətinə göz qoyub. Özgəsinə göz ağardandan əvvəl öz gözündəki tiri görmək lazımdır, cənab nazir!
İranlı nazir azərbaycanlı xanımları öz universitetlərinə dəvət edərkən bu addımını Azərbaycanda hicabla bağlı müzakirələrlə əlaqələndirib. Onun açıqlamasından belə təsəvvür yaranır ki, guya Azərbaycanda hicablı qızların ali təhsil almasına imkan verilmir və İran universitetləri onlar üçün xilaskarlıq qapısıdır.
Ancaq nazir bir şeyi ya bilmir, ya da bilərəkdən görməzdən gəlir: Azərbaycanda ali təhsil müəssisələrində hicab qadağası yoxdur! Hicabla bağlı müzakirələr ümumi təhsil müəssisələrində tətbiq edilən vahid məktəbli geyimi qaydaları ilə əlaqədardır. Universitetlərdə isə xanımlar hicabla təhsil ala bilirlər. Deməli, İran universitetlərinə dəvətin arxasında təqdim edildiyi kimi, azərbaycanlı qızların ali təhsildən məhrum edilməsi problemi dayanmır.
Bəs onda bu dəvətin məqsədi nədir? İranın elm naziri həqiqətən Azərbaycanlı qızların təhsil almasını düşünür, yoxsa Azərbaycanın daxili məsələsindən siyasi məqsədlər üçün istifadə etməyə çalışır? Başqa ölkənin təhsil siyasətinə müdaxilə etməyə həvəs göstərən bir nazirin öz ölkəsindəki vəziyyət barədə də danışması pis olmazdı.
İranın molla rejimi dini həssaslıq nümayiş etdirməyi sevir. Ancaq bu həssaslıq qəribə şəkildə sərhəddən o tərəfə keçəndə yada düşür. Azərbaycandakı hicab müzakirələri İran rəsmilərini narahat edir, amma öz ölkələrində milyonlarla Azərbaycan türkünün ana dilində təhsil ala bilməməsi eyni narahatlığı yaratmır. Başqasının dərdinə şərik çıxmaq yaxşıdır, amma öz evindəki dərdi görməzliyə vuraraq bunu etmək səmimiyyətdən çox siyasi hesab təsiri bağışlayır.
Bəs 40 milyon Azərbaycan türkünün hüquqları necə olsun?
İranda 40 milyon Azərbaycan türkü yaşayır. Bu, Azərbaycan Elm və Təhsil Nazirliyinin açıqlamasında da vurğulanıb. Söhbət böyük bir xalqdan, onun dilindən, mədəniyyətindən, tarixindən və milli kimliyindən gedir. Bu insanlar öz ana dillərində danışır, bu dildə düşünür, mədəni irslərini nəsildən-nəslə ötürürlər. Ancaq İranın ümumi təhsil sistemində tədris fars dilində aparılır, Azərbaycan türkcəsində təhsil verən məktəblər isə yoxdur.
İndi mənzərəyə diqqət edin: İranın elm naziri Azərbaycanlı qızları öz universitetlərinə dəvət edir, amma həmin ölkədə yaşayan 40 milyon Azərbaycan türkünün ana dilində təhsil hüququ təmin olunmur. Bu ziddiyyəti görmək üçün nə siyasi ekspert olmağa, nə də mürəkkəb təhlillər aparmağa ehtiyac var. Məsələ gün kimi aydındır.
Azərbaycanlı qızların təhsil hüququna bu qədər həssas yanaşan İranın öz azərbaycanlılarının ana dilində təhsil hüququna münasibəti niyə tamam başqadır?
İranlı nazirə sualımız var: Azərbaycanlı xanımlar sizin universitetlərinizdə hansı dildə təhsil alacaqlar? Azərbaycan türkcəsindəmi? Əgər belədirsə, buyurun, həmin universitetləri, Azərbaycan dilində tədris aparılan fakültələri, dərslikləri və proqramları göstərin. Hansı universitetinizdə Azərbaycan türkcəsində elmi mühit yaradılıb? Hansı ali məktəbinizdə bu dilin inkişafı üçün lazımi şərait var?
Yox, əgər söhbət fars dilində təhsildən gedirsə, onda bu dəvətin Azərbaycan türklərinin ana dilində təhsil hüququ ilə nə əlaqəsi var? İran universitetlərində oxumaq istəyən Azərbaycan vətəndaşları, əlbəttə, öz seçimlərini edə bilərlər. Burada söhbət onların seçimindən deyil, İran rəsmilərinin Azərbaycanın daxili məsələsinə müdaxilə etməyə çalışmasından gedir.
Tehran başqasına dərs keçmək həvəsinə düşməzdən əvvəl öz ölkəsindəki vəziyyətə baxmalıdır. Öz ərazisində yaşayan milyonlarla insanın ana dilində təhsil almaq hüququnu təmin etməyən dövlətin başqa ölkəyə təhsil dərsi keçməsi, yumşaq desək, yaman qəribə mənzərədir. Sərt desək, bu, ikili standartın özüdür.
İranın molla rejiminə xatırlatmaq lazımdır: ana dilində təhsil istəmək nə cinayətdir, nə də separatizm. Bu, insanın öz dili ilə yaşamaq, onu öyrənmək, inkişaf etdirmək və gələcək nəsillərə ötürmək haqqıdır. Bir xalqın dilini məktəbdən kənarda saxlamaqla onun dilə olan bağlılığını aradan qaldırmaq mümkün deyil. Əksinə, belə yanaşma illərlə həllini gözləyən problemi daha da dərinləşdirir.
Pezeşkianın vədi harada qaldı?
Məsələ təkcə İranın elm nazirinin açıqlaması ilə bitmir. İranın milliyyətcə Azərbaycan türkü olan Prezidenti Məsud Pezeşkian da ana dilində təhsil məsələsi ilə bağlı vədlər verib. O, İran Konstitusiyasının 15-ci maddəsinin həyata keçirilməsini dəstəkləyəcəyini bildirib. Həmin maddə fars dilini rəsmi dil kimi müəyyənləşdirməklə yanaşı, yerli və etnik dillərin mətbuatda və kütləvi informasiya vasitələrində istifadəsinə, məktəblərdə isə onların ədəbiyyatının tədrisinə imkan verir.
Ancaq Konstitusiyada hüququn nəzərdə tutulması başqa şeydir, həmin hüququn həyatda gerçəkləşməsi başqa. Vəd vermək asandır. Çətin olan verdiyin vədin arxasında durmaq, onun həyata keçirilməsi üçün siyasi iradə ortaya qoymaqdır.
2025-ci ilin fevralında İran parlamentində yerli və etnik dillərin ədəbiyyatının məktəblərdə tədrisini nəzərdə tutan layihə rədd edildi. Səsvermədə 130 deputat layihənin əleyhinə, 104 deputat isə lehinə səs verdi. Yəni məktəblərdə ana dili ədəbiyyatının tədrisi ilə bağlı təşəbbüs parlamentdən keçmədi.
Bəs Pezeşkianın vədləri harada qaldı? Seçki zamanı ana dilindən danışmaq, Azərbaycan türkcəsində bir neçə cümlə səsləndirmək, şeir demək, xalqın milli hisslərinə xitab etmək bir şeydir, milyonlarla insanın hüququnu təmin etmək tamam başqa. Əgər prezident ana dilində təhsil məsələsini həqiqətən vacib sayırsa, bu sahədə konkret nəticə niyə görünmür?
Əlbəttə, İranın siyasi sistemində prezidentin qarşısında müxtəlif maneələr ola bilər. Ancaq bu, verilən vədləri unutmaq üçün bəhanəyə çevrilməməlidir. Pezeşkianın vəzifəsi yalnız vəd vermək deyil, həmin vədlərin həyata keçirilməsi üçün mübarizə aparmaqdır. Əks halda, seçki zamanı səslənən fikirlər elə seçki meydanında qalacaq.
Üstəlik, söhbət bütün təhsil sistemini bir gündə dəyişməkdən getmir. Azərbaycan dilində ədəbiyyat dərslərinin təşkili, müəllimlərin hazırlanması, dərsliklərin hazırlanması və məktəblərdə Azərbaycan türkcəsinin tədrisi üçün konkret addımlar atmaq mümkündür. Bunun üçün ilk növbədə siyasi iradə lazımdır.
Pezeşkian Azərbaycan türkcəsində danışmaqla kifayətlənməməlidir. Bu dildə danışan milyonlarla insanın ana dilində təhsil almaq hüququnun təmin edilməsi üçün də addım atmalıdır. Çünki xalqın dilində danışmaqla onun könlünü almaq olar, amma hüququnu təmin etmədən həmin xalqın etimadını qazanmaq olmaz.
İranın molla rejimi bir tərəfdən dini dəyərlərdən, ədalətdən və insan hüquqlarından danışır, digər tərəfdən isə milyonlarla Azərbaycan türkünün ana dilində təhsil məsələsini həll etmir. Bu ziddiyyətə hansı ad verilməsindən asılı olmayaraq, ortada dəyişməyən bir həqiqət var: vətəndaşların hüquqları gözəl sözlərlə deyil, real qərarlarla təmin edilir.
Dini həssaslıq adı altında siyasi oyun
İran rəsmilərinin Azərbaycandakı hicab müzakirələrinə qoşulması təsadüfi görünmür. Həssas bir məsələ seçilir, onun ətrafında siyasi ritorika qurulur və İran özünü Azərbaycanlı qızların hüquqlarını müdafiə edən tərəf kimi göstərməyə çalışır. Halbuki Azərbaycan öz təhsil siyasətini müəyyənləşdirən müstəqil dövlətdir və bu məsələlərə qərar vermək səlahiyyəti də özünə məxsusdur.
Odur ki, İranın elm nazirinin Azərbaycanın daxili işlərinə qarışmaq hüququ yoxdur. Qonşuluq münasibətləri başqasına ağıl öyrətmək, onun qərarlarını mühakimə etmək və daxili müzakirələrindən siyasi vasitə kimi istifadə etmək demək deyil.
İran rəsmiləri Azərbaycanın məktəbli geyimi qaydalarını müzakirə etməkdənsə, öz ölkələrində Azərbaycan türkcəsində təhsilin niyə mümkün olmadığını izah etsələr, daha yaxşı olar. Çünki başqasına göz ağartmaqla öz evindəki problemlər yoxa çıxmır. Öz qapısının ağzını süpürmədən qonşunun həyətinə irad tutmaq da adama yaraşmır.
İranın Azərbaycanla münasibətlərində qarşılıqlı hörmət olmalıdır. Azərbaycan İranın daxili işlərinə müdaxilə etmədiyi kimi, İran rəsmiləri də Azərbaycanın daxili məsələlərindən siyasi təzyiq vasitəsi kimi istifadə etməməlidirlər. Azərbaycan heç kimin təsir meydanı deyil və öz təhsil siyasətini kənardan gələn göstərişlərə görə müəyyənləşdirmir.
İranın molla rejimi başqalarına dərs keçmək istəyirsə, əvvəlcə özünün nəyi öyrənməli olduğuna baxsın. Ən azı onu anlasın ki, bir xalqın ana dilində təhsil almaq hüququna hörmət etmək həmin xalqın varlığını, kimliyini və ləyaqətini tanımaq deməkdir.
Əvvəl öz azərbaycanlılarınızın haqqını verin!
İranın elm naziri Hüseyn Simayi-Sərraf azərbaycanlı xanımları universitetlərinə dəvət etməzdən əvvəl bir suala cavab verməlidir: İranda yaşayan 40 milyon Azərbaycan türkü niyə öz ana dilində təhsil ala bilmir? Bu sualın cavabı verilmədən, Pezeşkianın vədləri əmələ çevrilmədən, Azərbaycan türkcəsinin məktəblərdə tədrisi üçün konkret addımlar atılmadan İran rəsmilərinin başqa ölkəyə təhsil dərsi keçməsi inandırıcı görünmür.
İran Azərbaycanın daxili işlərinə qarışmasın, öz ölkəsindəki problemlərlə məşğul olsun. Azərbaycan xalqına, onun dövlətinə və seçdiyi inkişaf modelinə hörmət etsin. Öz ərazisində yaşayan Azərbaycan türklərinin ana dilində təhsil hüququnu təmin etsin.
Pezeşkian da verdiyi sözə sahib çıxsın. Çünki ana dilində təhsil hüququ hansısa prezidentin seçki çıxışında işlədəcəyi gözəl ifadə, hansısa nazirin siyasi bəyanatında istifadə edəcəyi mövzu deyil. Bu, milyonlarla insanın haqqıdır.
İranın molla rejimi başqasına dərs keçməkdən əvvəl öz dərsini öyrənsin. Əvvəlcə 40 milyon Azərbaycan türkünün ana dilində təhsil hüququnu təmin etsin, sonra başqasına məsləhət verməyə qalxsın.
Aqil ASLAN












