Daxili işlərə müdaxilə əməkdaşlığa kölgə salır - Azərbaycan Prezidentinin MESAJI
"VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında Azərbaycan Prezidenti İlham Əliyevin diqqət çəkdiyi məqamlardan biri də dünyada mövcud olan ikili standartlar siyasəti və onun tənqidi idi. İkili standartlar özlüyündə dünyada yaranmış bugünkü gərginliyin təməl faktorlarından biridir. İkili standartlar eyni məsələyə vahid baxışı inkar etdiyi üçün mübahisələr və konfliktlər yaradır. Xüsusilə ikili standartlar baxışı beynəlxalq hüquq müstəvisinə transfer olunanda bunun yaratdığı fəsadlar daha da böyük olur".
Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu dedi.
Millət vəkili düşünür ki, Azərbaycan Prezidenti Mədəniyyətlərarası Dialoq Forumunda sülhün və əməkdaşlığın bərqərar olması, forumun dərinləşməsi və bunun iqtisadi, siyasi əməkdaşlığa çevrilməsi üçün ikili standartlardan imtina etməyin zəruri olduğunu dilə gətirib:
"Bu cür yanaşmadan 30 ilə yaxın Azərbaycanın zərər çəkməsini, problemləri həll edə bilməməsini nəticə kimi göstərib və nəticə oldu ki, Azərbaycan dünyadakı ikili standartlara qarşı öz müstəqil siyasətini yerləşdirdi və faktiki olaraq iflic vəziyyətdə olan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrini özü icra etmiş oldu. Bu isə müharibə vasitəsilə olub. Yəni biz sülhü müharibə edərək əldə etdik. Gələcəkdə sülhün hüquqla əldə olunması üçün, ədalətin hüquqla bərpa olunması üçün bax, bu ikili standartlardan imtina etmək gərəkdiyini Azərbaycan Prezidenti bildirdi".

Onun sözlərinə görə, ədalətin təntənəsi üçün beynəlxalq hüququn başqa bir məsələsi – ölkələrin bir-birinin daxili işlərinə qarışmaması prinsipi öz əksini tapmalı, ya da buna riayət olunmalıdır:
"Çünki bu da dövlətlərarası münasibətlərdə əməkdaşlıq ruhuna kölgə salır, mədəni mübadiləni, sülh mübadiləsini məhdudlaşdırır. Ona görə də mən düşünürəm ki, Azərbaycan Prezidenti bu platformada Azərbaycan mədəniyyətini, onun gücünü, onun beynəlxalq hüquqa sadiqliyini dünyaya yenidən təqdim etmiş oldu".
Aytəkin TOFİQQIZI












