"Azərbaycan korrupsiyaya qarşı mübarizə üzrə Məkkə konvensiyasına qoşulacaq" - Baş Prokuror
Azərbaycan korrupsiyaya qarşı mübarizə üzrə Məkkə Konvensiyasına qoşulmağı planlaşdırır.
Redaktor.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşündə çıxışında deyib.
O, bildirib ki, Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Korrupsiya əleyhinə Konvensiyasını (UNCAC), BMT-nin Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Konvensiyasını, Avropa Şurasının Korrupsiya ilə əlaqədar Mülki Hüquq və Cinayət Hüququ Konvensiyalarını ratifikasiya edib və Məkkə Konvensiyasına qoşulmağı planlaşdırır.
Kamran Əliyevin sözlərinə görə, müvafiq qanunvericiliyin səmərəli tətbiqini təmin etmək məqsədilə ölkəmizdə məhkəmə və hüquq-mühafizə sistemi islah edilib.
Baş prokuror vurğulayıb ki, korrupsiyaya qarşı Mübarizə üzrə Komissiya milli antikorrupsiya siyasətini müəyyən edən, fəaliyyət planlarının və strategiyaların hazırlanmasını, habelə onların icrasına nəzarəti həyata keçirən qurumdur: "Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi isə prokurorluq orqanlarının strukturuna daxil olan, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış hüquq-mühafizə orqanıdır. Baş idarə korrupsiya cinayətləri üzrə ibtidai istintaqı həyata keçirir və əməliyyat-axtarış tədbirlərini aparmaq səlahiyyətinə malikdir”.












