“Azərbaycan artıq öz siyasi kursunu başqalarının diktəsi ilə müəyyən edən ölkə deyil” – Jalə Əliyeva

 12:27 28.10.2026     126

"Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında səsləndirdiyi fikirlər, əslində, Azərbaycanın müasir dövlətçilik fəlsəfəsinin və milli iradəsinin aydın ifadəsidir. Bu çıxış bir daha göstərdi ki, Azərbaycan öz suverenliyini, milli maraqlarını və dövlətçilik dəyərlərini qorumaq məsələsində prinsipial mövqedə dayanır və heç bir xarici təzyiq qarşısında geri addım atmaq niyyətində deyil.

Dövlət başçısının ideoloji təhlükəsizliyin fiziki təhlükəsizlik qədər vacib olduğunu vurğulaması xüsusilə mühüm siyasi mesajdır. Çünki dövlətin təhlükəsizliyi yalnız sərhədlərin qorunması ilə məhdudlaşmır. Milli kimliyin, tarixi yaddaşın, mənəvi dəyərlərin, dövlətçilik şüurunun və cəmiyyətdə milli həmrəyliyin qorunması da təhlükəsizliyin fundamental şərtlərindəndir. Güclü dövlət, ilk növbədə, öz milli iradəsinə, dəyərlərinə və inkişaf yoluna sahib çıxan dövlətdir".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva bildirdi. O əlavə etdi ki, Prezident İlham Əliyevin Azərbaycana kənardan “dərs vermək” cəhdlərinə münasibəti də məhz bu milli özünəinamın ifadəsidir:

“Azərbaycan artıq öz siyasi kursunu başqalarının diktəsi ilə müəyyən edən ölkə deyil. Bu gün Azərbaycan öz yolunu özü seçən, milli maraqlarını özü müəyyənləşdirən və qəbul etdiyi qərarların məsuliyyətini özü daşıyan müstəqil dövlətdir. Biz beynəlxalq əməkdaşlığa açığıq, dialoqu dəstəkləyirik, fərqli mövqelərə hörmətlə yanaşırıq. Lakin bunun qarşılığında eyni münasibəti — suverenliyimizə və daxili işlərimizə hörmət edilməsini gözləyirik”.

Millət vəkilinin sözlərinə görə, burada mühüm məqam ondan ibarətdir ki, Azərbaycanın prinsipial mövqeyi heç də dünyadan təcrid olunmaq anlamına gəlmir.

“Əksinə, Azərbaycan bu gün dünyaya daha geniş açılan, beynəlxalq dialoqu təşviq edən, müxtəlif siyasi, dini və mədəni platformaları özündə birləşdirən ölkədir. Bakının VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etməsi bunun ən parlaq nümunələrindəndir. Yəni Azərbaycan bir tərəfdən öz suverenliyinə və milli dəyərlərinə qətiyyətlə sahib çıxır, digər tərəfdən isə sivilizasiyalar arasında körpü rolunu oynayır.

Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən ardıcıl və uğurla davam etdirilməsi nəticəsində Azərbaycan son illərdə böyük inkişaf yolu keçib. Ölkəmizin iqtisadi və hərbi gücü artıb, diplomatik imkanları genişlənib, beynəlxalq nüfuzu yüksəlib. Ən başlıcası isə Azərbaycan regional proseslərin arxasınca gedən deyil, həmin proseslərə istiqamət verən dövlətə çevrilib.

Bu gün Azərbaycanın müxtəlif mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi təsadüfi deyil".

Jalə Əliyeva “Şöhrət” ordeni ilə təltif edilib

Jalə Əliyeva qeyd etdi ki, gələn il müsəlman dünyasını, 2028-ci ildə isə Avropa Siyasi Birliyini Bakıda bir araya gətirəcək tədbirlər Azərbaycanın beynəlxalq etimadının və diplomatik çəkisinin mühüm göstəricisidir.

“Bu, həm də Azərbaycanın müxtəlif coğrafiyaları, siyasi mövqeləri, dinləri və mədəniyyətləri bir araya gətirmək imkanına malik olduğunu nümayiş etdirir. Azərbaycanın bu gün dünyaya verdiyi ən mühüm mesajlardan biri budur: biz dialoqa hazırıq, əməkdaşlığa açığıq, sülhü və qarşılıqlı anlaşmanı dəstəkləyirik, amma bütün bunları öz suverenliyimizi və milli maraqlarımızı qoruyaraq edəcəyik.

Azərbaycan artıq beynəlxalq münasibətlər sistemində yalnız öz təhlükəsizliyini təmin edən deyil, həm də regional və qlobal gündəmin formalaşmasına töhfə verən ölkədir. Bu gün Bakı dialoqun, əməkdaşlığın və qarşılıqlı anlaşmanın ünvanlarından biridir. Azərbaycanın artan beynəlxalq nüfuzu bir daha sübut edir ki, milli iradəyə söykənən, müstəqil və qətiyyətli siyasət gec-tez öz siyasi və tarixi nəticələrini verir.

Azərbaycanın yolu bəllidir: suverenlik, milli maraqlar, güclü dövlət və dünyaya açıq, lakin öz kimliyinə sadiq Azərbaycan!” - deyə deputat vurğuladı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən