Azərbaycan artıq orta gücə malik dövlətdir - İdeoloji təhlükəsizlik niyə vacibdir?
""Ortaq gələcək naminə dialoq” mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında Azərbaycan Prezidenti həmişə olduğu kimi, çox məzmunlu nitq söylədi. Təbii ki, ölkə prezidentinin ideoloji təhlükəsizlik məsələsinə diqqət yetirməsi təsadüfi deyil. Tarixən hər bir dövrün öz gerçəkliklərinə və inkişaf səviyyəsinə uyğun ideoloji əsasları mövcud olub. Möhkəm ideoloji əsaslar olmadan ümumiyyətlə güclü dövlətdən, dövlətin və cəmiyyətin inkişafından danışmaq qeyri-mümkündür".
Bunu Redaktor.az-a keçmiş deputat, politoloq Elşad Mirbəşiroğlu bildirdi. O, Prezident İlham Əliyevin qaldırdığı ideoloji təhlükəsizlik məsələsinə də toxundu:
"İdeoloji təhlükəsizlik cəmiyyətin inkişaf, gələcək və təhlükəsizlik naminə formalaşdırdığı dəyərlər sistemi, inancları, siyasi və ictimai mədəniyyətidir. Bu baxımdan, ideoloji təhlükəsizlik cəmiyyətin hərəkətverici qüvvəsi olmaqla yanaşı, kənar müdaxilələrdən qorunmalıdır. Kənar müdaxilə dedikdə informasiya hücumları, cəmiyyətə yad dəyərlərin aşılanması istiqamətində cəhdlər nəzərdə tutulur. Bir sözlə, informasiyadan, fikirlərdən və yad dəyərlərdən istifadə etməklə cəmiyyətin kənar maraqlara uyğun yönləndirilməsi cəhdlərinin qarşısının alınması ideoloji təhlükəsizlik məsələsidir. Ölkə prezidenti də ideoloji təhlükəsizlik məsələsini haqlı olaraq çox ciddi hesab edir və onu fiziki təhlükəsizlikdən heç də az əhəmiyyətli qiymətləndirmir".

Müsahibimiz əlavə etdi ki, ideoloji təhlükəsizlik etibarlı şəkildə təmin olunduqda cəmiyyətin birliyi də möhkəmlənir, qarşıya qoyulan milli və inkişaf hədəflərinə daha səmərəli şəkildə çatmaq mümkün olur:
"Bütün bunlar ümumilikdə dövlətin gücündə öz əksini tapır və ona təsir göstərir. Bu baxımdan İlham Əliyevin səsləndirdiyi fikirlər çox yerində idi. Hesab edirəm ki, bu, həm də ideoloji təhlükəsizlik məsələsinə daha həssas və ciddi yanaşmağımız üçün bir çağırışdır. Ümummilli lider Heydər Əliyevin başlatdığı və bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğunlaşdırılaraq davam etdirilən inkişaf strategiyasına gəlincə, bu strategiya ölkəmizi bu gün sözün həqiqi mənasında beynəlxalq münasibətlərdə və əməkdaşlıqda ciddi mövqeyi ilə hesablaşılan iştirakçıya çevirib. Azərbaycan bu gün orta gücə malik dövlətdir".
Mirbəşiroğlunun sözlərinə görə, Azərbaycanın iştirakçısı olduğu platformalarda hər zaman etibarlı dialoq mühiti mövcuddur.
"Azərbaycanın təşəbbüsləri həmişə inkişafa və ümumi rifaha xidmət edir. Bu da, təbii ki, dəqiqliklə müəyyənləşdirilmiş düzgün siyasi kursun nəticəsidir. Eyni zamanda, bizim çox dəqiq geosiyasi kursumuz mövcuddur. Bu gün ölkə prezidenti həmin geosiyasi kurs çərçivəsində təsirli addımlar atır. Ölkəmizin ayrı-ayrı coğrafiyalarda mövqeləri möhkəmlənir, maraqlarımız etibarlı şəkildə müdafiə olunur. Azərbaycan gələn il müsəlman dünyasını bir araya gətirəcək. Bu da, sözsüz ki, ölkəmizin müsəlman dünyasındakı təsir imkanlarına və birləşdirici amil roluna dəlalət edir.
2028-ci ildə isə Avropa Siyasi Birliyinin sammitinin Azərbaycanda keçirilməsi nəzərdə tutulur. Azərbaycan bu günə qədər çox mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. Qeyd etmək lazımdır ki, ölkəmiz müxtəlif beynəlxalq tədbirləri təşkil edərkən öz standartlarını formalaşdırmağı da bacarır. Yəni təşkilati məsələlərdə hər zaman öz dəst-xəttini tətbiq edir. Bu, tədbirlərin həm təhlükəsizlik baxımından etibarlı təşkilinə imkan verir, həm də beynəlxalq tədbirlərin səmərəliliyini təmin edir. Belə tədbirlər ölkəmizin beynəlxalq nüfuzuna müsbət təsir göstərməklə yanaşı, beynəlxalq iştirakçılıq imkanlarını da genişləndirir. Diqqət yetirsək, görərik ki, hər nüfuzlu beynəlxalq tədbirdən sonra Azərbaycanın əməkdaşlıq imkanları genişlənir. Ölkəmizlə müxtəlif layihələr üzrə əməkdaşlıq etmək istəyən dövlətlərin, o cümlədən iştirakçı dövlətlərin sayı durmadan artır. Bu baxımdan, düşünürəm ki, bu gün Azərbaycan təkcə yerləşdiyi regionda deyil, qlobal müstəvidə də kifayət qədər real təsir imkanlarına malik beynəlxalq iştirakçıdır", - deyə siyasi şərhçi yekunlaşdırdı.
Xədicə BAXIŞLI












