Heydər Əliyevin qurduğu təməl, İlham Əliyevin davam etdirdiyi inkişaf yolu: İndi dünya Bakıda bir araya gəlir
Azərbaycan qarşıdakı iki ildə həm müsəlman dünyası, həm də Avropa ölkələri üçün mühüm beynəlxalq siyasi tədbirlərə ev sahibliyi edəcək. 2027-ci ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XVI Zirvə toplantısı, 2028-ci ildə isə Avropa Siyasi Birliyinin Zirvə toplantısı keçiriləcək.
Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin dövründə əsası qoyulan inkişaf və beynəlxalq əməkdaşlıq siyasəti hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Bəs Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi nə dərəcədə əhəmiyyətlidir?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Tural Gəncəliyev vurğuladı ki, Azərbaycan son zamanlar beynəlxalq təşkilatların fəaliyyətində mühüm rol oynayır, beynəlxalq təşkilatlara sədrlik edir, beynəlxalq siyasətin, geosiyasi gündəliyin formalaşmasında önəmli açar rolunu oynayır:
"Ermənistan-Azərbaycan münaqişəsini xeyrimizə həll etdikdən sonra Azərbaycanın əlini-qolunu zəncirləmək istəyən, məhdudlaşdırmaq istəyən qüvvələr indi görürlər ki, bizim nə qədər böyük potensialımız var. Böyük resurslarımız var və bu resurslarla, bu potensialla biz beynəlxalq tədbirlərə ev sahibliyi edirik, beynəlxalq təşkilatlarda sədrlik edirik. Ölkəmizin belə müvəffəqiyyət hekayəsi siyahısına baxsaq, çox önəmli uğurlar əldə etmişik. BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyü ilə təxminən 10 il əvvəl başlayan beynəlxalq diplomatik, beynəlxalq siyasi gedişlər sonradan Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə nəticələndi. Daha sonra biz böyük tədbirlərə ev sahibliyi etdik: COP29 tədbiri, VUF 13, Qoşulmama Hərəkatına üç il ərzində edilmiş müvəffəqiyyətli sədrliklə BMT Baş Assambleyasından sonra dünyanın ən böyük qurumuna sədrlik etdik. Daha sonra Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Quruculuğu üzrə Müşavirə və bu müşavirənin institusionallaşması istiqamətində ölkəmizdə keçirilən sammit çox uğurludur".
Millət vəkilinin sözlərinə görə, bu gün ölkəmizdə neçənci dəfədir ki, böyük mədəniyyətlərarası, sivilizasiyalararası dialoq forumu keçirilir:
"Gələn il artıq Azərbaycanda İslam Həmrəyliyi Təşkilatının zirvə toplantısı olacaq, bütün müsəlman dünyasının, müsəlman ölkələrinin dövlət və hökumət başçıları Azərbaycana toplaşacaq və 2028-ci ildə isə Avropa Siyasi Birliyinin zirvə toplantısı yenə də ölkəmizdə keçiriləcək. Bu isə bütün Avropa İttifaqı üzv ölkələrinin, Avropa ölkələrinin dövlət və hökumət başçılarının Azərbaycana gəlməsi deməkdir. Çox önəmli tədbirlər, çox önəmli məsələlər bizi gözləyir və bu, təbii ki, Azərbaycanın beynəlxalq səviyyədə orta güc ölkəsi kimi özünü artıq təsdiq etdiyinin göstəricisidir".
.jpg)
Tural Gəncəliyev diqqətə çatdırdı ki, təkcə Cənubi Qafqaz, Xəzər hövzəsi deyil, Qara dənizdən tutmuş Avrasiya regionuna qədər, o cümlədən Asiya qitəsində də Azərbaycanın liderliyi gözə çarpır:
"Az qala dünya əhalisinin yarıdan çoxunu - 4 milyard yarımdan çox insanı əhatə edən Asiya qitəsində mühüm müşavirə olan AQEM sammitinə ev sahibliyi edən Azərbaycan Asiya ilə yanaşı, 2028-ci ildə Avropa Siyasi Birliyini də ölkəmizə çağırır. Yəni həm Asiya qitəsinin, həm də Avropa qitəsinin kəsişdiyi, birləşdiyi bir məkana çevrilmişik. İslam Həmrəyliyi Təşkilatı isə 2 milyarddan çox insanı əhatə edir. Bu da 2 milyardlıq İslam dünyasının Azərbaycana olan rəğbətinin, Azərbaycana olan etimadının göstəricisidir.
Avropa Siyasi Birliyi dünyanın güc mərkəzlərindən biridir. Avropa Siyasi Birliyi də Azərbaycanda sammitə toplaşacaq. Bütün bunlar milli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan güclü, konstruktiv siyasətin və onun davamçısı cənab prezidentin apardığı strateji vizyon – dərin strateji vizyon siyasətinin nəticəsidir ki, Azərbaycan dünyada söz sahibinə çevrilmişdir".
Aytəkin TOFİQQIZI












