Öz ölkəsində azərbaycanlılara ana dilində məktəb açmayan İran Azərbaycana dərs keçməsin - ETİRAZ
“İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın Azərbaycanda məktəb geyimi qaydalarına görə təhsildən kənarda qaldığını iddia etdiyi qızları İranda oxumağa çağırması, iki ölkə arasında növbəti bir siyasi və ideoloji gərginliyə səbəb olub”.
Bunu Redaktor.az-a açıqlamasında ilahiyyatçı Tural İrfan bildirdi.
O nəzərə çatdırdı ki, bu bəyanatın ardınca Azərbaycan Elm və Təhsil Nazirliyi rəsmi cavab yayaraq bunu ölkənin daxili işlərinə müdaxilə adlandırdı və İranda yaşayan təxminən 40 milyon azərbaycanlının ana dilində təhsil hüququndan məhrum edildiyini kəskin şəkildə Tehrana xatırladıb:
“İran hökumətinin öz daxilindəki milyonlarla azərbaycanlıya ana dilində bircə məktəb belə açmadığı halda, Azərbaycan Respublikasındakı dindarlar üçün "şərait yaratmaq" cəhdinin arxasında bir neçə əsas siyasi və strateji səbəb dayanır. Məlum olduğu kimi İranın dövlət ideologiyası özünü dünyadakı şiə müsəlmanlarının himayədarı kimi təqdim etmək üzərində qurulub. Azərbaycanın dünyəvi təhsil və dövlət modelinə qarşı bu cür çağırışlar etməklə Tehran Azərbaycandakı dindar kəsim arasında öz nüfuzunu artırmağa və onları mənəvi-siyasi cəhətdən özünə bağlamağa çalışır. İran daxilində son illərdə məcburi hicaba qarşı ciddi qadın hərəkatları və etirazlar baş verib. İran rejimi xarici ölkələrdəki, xüsusilə dünyəvi Azərbaycandakı hicab mübahisələrini qabartmaqla öz daxili auditoriyasına "baxın, digər ölkələrdə müsəlman qadınlar hicab bağlamaq üçün əzab çəkir, biz isə bu dəyərləri qoruyuruq" mesajını vermək və daxili narazılığı yatırmaq istəyir".

T.İrfan əlavə etdi ki, Bakı ilə Tehran arasında regiondakı geosiyasi proseslər, məsələn, Zəngəzur dəhlizi, Azərbaycanın İsrail və Qərb tərəfdaşlığı ilə əlaqələri fonunda tez-tez gərginliklər yaranır:
"İran bu növ həssas dini mövzuları manipulyasiya edərək Azərbaycan hökumətinə qarşı bir təzyiq rıçaqı kimi istifadə edir. İran hökumətinin Azərbaycandakı hicablı uşaqlara "canı yanması", lakin öz ölkəsindəki 40 milyonluq türk əhalisinə öz dilində məktəb açmaması milli təhlükəsizlik qorxusu ilə bağlıdır. İranda azərbaycanlıların ana dilində təhsil alması və milli şüurun oyanması, Tehran rejimi tərəfindən ölkənin ərazi bütövlüyünə və mərkəzi fars hakimiyyətinə ən böyük təhdid kimi qəbul edilir. Bu səbəbdən öz daxilindəki milli hüquqları boğduğu halda, qonşu ölkədəki dini məsələləri dəstəkləməyi siyasi baxımdan daha təhlükəsiz və faydalı hesab edir. Azərbaycan cəmiyyətində və rəsmi dairələrdə bu addım tamamilə siyasi riyakarlıq və "iki standartlı yanaşma" kimi qiymətləndirilir. Ümumiyyətlə bu kimi süni çağırışlar təxribat xarakterlidir və başqa dövlətin daxili işlərinə qarışmaq qəbilindən də beynəlxalq hüquq pozuntusudur”.
NURİYYƏ












