Azərbaycan İslam dünyasında mövqeyini necə möhkəmləndirir? - ŞƏRH
Azərbaycan Prezidenti İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) yeni Baş katibi İsmayıl Ould Şeyx Əhməd və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Səlim bin Məhəmməd əl-Maliki ilə görüşləri protokol xarakterli tədbirlərlə məhdudlaşmır. Bu görüşlər Azərbaycanın İslam dünyasında formalaşdırdığı mövqenin sabitliyini, ardıcıllığını və gələcək hədəflərini göstərir.
Bunu Redaktor.az-a açıqlamasında deputat Naqif Həmzəyev bildirdi.
O vurğuladı ki, Azərbaycan İƏT-ə üzv olduğu 35 il ərzində təşkilatın fəaliyyətində fəal iştirak edib:
“Ölkəmiz İslam həmrəyliyinin gücləndirilməsinə töhfə verib və təşkilatın beynəlxalq nüfuzunun artmasında iştirak edib. Bu əməkdaşlıq birtərəfli olmayıb. Ermənistanın təcavüzü dövründə və müharibədən sonrakı mərhələdə İƏT Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən qətnamələr və bəyanatlar qəbul edib. Müsəlman dövlətlərinin bu mövqeyi Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq işinin dünya miqyasında səsləndirilməsinə kömək edib.
Münasibətlərin dayanıqlığı qarşılıqlı etimadla bağlıdır. Azərbaycan İslam dünyasından dəstək alıb, öz növbəsində, təşkilata maliyyə töhfələri verib, tədbirlərə ev sahibliyi edib və ümumi gündəliyin formalaşmasında təşəbbüskar olub. Bu qarşılıqlılıq ölkəmizi İƏT məkanında yalnız bəyanatlara qoşulan deyil, gündəm yaradan dövlətə çevirib.
ICESCO ilə əməkdaşlıq bu siyasətin humanitar qanadını təşkil edir. ICESCO-nun Baş direktoru oktyabrın 27-də qəbul zamanı Azərbaycanda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırıb, təşkilatın fəaliyyətinə göstərilən davamlı dəstəyə və könüllü maliyyə töhfələrinə görə minnətdarlığını bildirib. Bakı Prosesi çərçivəsində keçirilən dialoq forumları Bakı şəhərini sivilizasiyalararası dialoqun beynəlxalq mərkəzlərindən birinə çevirib".
.jpg)
Həmzəyev qeyd etdi ki, bununla yanaşı, Şuşanın simvolik əhəmiyyəti xüsusilə vurğulanmalıdır:
"Prezident bu ilin sentyabrında Şuşada ICESCO rəhbəri ilə görüşü zamanı bildirib ki, təşkilat Qarabağa ilk səfər edənlərdən biri olub. Şuşanın İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi isə hər bir azərbaycanlını qəlbən sevindirib. Bu qərar əlamətdardır, çünki işğal illərində mədəni və dini abidələri dağıdılmış bir şəhər indi İslam dünyasının mədəni xəritəsində öz yerini alır. Burada həm tarixi ədalətin bərpası, həm də ortaq irsə yeni baxış var.
Azərbaycanda İslam irsinə göstərilən diqqət də bu mənzərəni tamamlayır. Tarixi məscidlərin bərpası, dini abidələrin qorunması və azad edilmiş ərazilərdə mədəni-mənəvi dəyərlərin dirçəldilməsi dövlət siyasətinin ardıcıl hissəsidir. Heydər Əliyev Fondunun və onun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə həyata keçirilən təhsil, səhiyyə və mədəni irsin qorunması layihələri də bu siyasətin humanitar ölçüsünü göstərir”.
Millət vəkili diqqətə çatdırdı ki, Bakının İƏT Zirvə görüşünə ev sahibliyi etməsi ölkənin İslam dünyasındakı nüfuzunun növbəti sınağıdır:
“Prezident ICESCO rəhbəri ilə görüşdə bildirib ki, Azərbaycan gələn il Zirvə görüşünə ev sahibliyi edəcək və təşkilata sədrlik edəcək. Sədrlik yalnız təşkilatçılıq deyil. Bu, təşkilatın gündəliyinə təsir etmək, üzv dövlətlər arasında körpü rolunu oynamaq və ortaq mövqelərin formalaşmasında vasitəçi olmaq deməkdir.
Azərbaycanın bu rola hazırlığını bir neçə amil gücləndirir. Ölkəmiz müsəlman dünyasının müxtəlif regionları ilə, həmçinin Qərb və Şərq mərkəzləri ilə praqmatik və qarşılıqlı hörmətə söykənən münasibətlər qurub. Dini və etnik müxtəlifliyin sülh şəraitində yaşandığı Azərbaycan tolerantlıq və dialoq mövzusunda nümunə kimi təqdim olunur. Bakı bir çox yüksək səviyyəli beynəlxalq tədbirə ev sahibliyi edib və bu təcrübə İƏT Zirvə görüşünün yüksək səviyyədə təşkilinə zəmin yaradır. Azərbaycanın enerji təhlükəsizliyindəki rolu və nəqliyyat-logistika layihələri müsəlman ölkələri arasında iqtisadi əməkdaşlıq üçün yeni imkanlar açır".
Müsahibimizin fikrincə, qarşıdakı dövrdə Azərbaycanın üç istiqamətdə irəliləməsi məntiqli görünür:
"Birincisi, İƏT çərçivəsində ədalət, ərazi bütövlüyü və suverenliyə hörmət prinsiplərinin təşviqi. Bu prinsiplər yalnız Azərbaycanın deyil, bütün müsəlman dövlətlərinin maraqlarına xidmət edir. İkincisi, təhsil, elm, süni intellekt və mədəni irs sahələrində ICESCO ilə layihələrin genişləndirilməsi, xüsusilə gənclərin bu proseslərə cəlb edilməsi. Üçüncüsü, humanitar yardım və inkişaf layihələri vasitəsilə həmrəyliyin konkret nəticələrlə möhkəmləndirilməsi.
Çağırışlar da var. İslam dünyası siyasi fikir ayrılıqları, regional qarşıdurmalar və qeyri-bərabər inkişaf kimi çətinliklərlə üzləşir. Bu şəraitdə Azərbaycanın üstünlüyü onun konsensusa əsaslanan və gərginlik yaratmayan yanaşmasıdır. Sədrlik dövründə ölkəmizin vəzifəsi bəyanatlarla kifayətlənməmək, üzv dövlətləri real əməkdaşlıq mexanizmləri ətrafında birləşdirməkdir”.
NURİYYƏ













