“Azərbaycana qarşı ikili standartlar bu gün də davam edir”
"Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda səsləndirdiyi fikirlərin mərkəzində Azərbaycanın müstəqil qərar qəbul etmək hüququ və beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət prinsipi dayanır. Dövlətlərin suveren bərabərliyi beynəlxalq hüququn əsas prinsiplərindən biridir. Bu baxımdan, bir dövlətin digər dövlətin qanuni müstəqil qərarlarını öz iradəsinə tabe etdirməyə çalışması qəbul edilməzdir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Qəvami Sadıqbəyli bildirdi.
O, nəzərə çatdırdı ki, müstəqil siyasət yalnız xarici təzyiqlərə qarşı mövqe bildirməklə deyil, eyni zamanda müxtəlif dövlətlərlə münasibətlərdə beynəlxalq hüquqa, qarşılıqlı öhdəliklərə və diplomatik dialoqa sadiqliklə ölçülür:
"Prezidentin Ermənistana qarşı sanksiyaların tətbiq edilməməsi barədə fikri beynəlxalq münasibətlərdə bərabər yanaşma ilə bağlı haqlı sual doğurur. Sanksiyaların tətbiqi hüquqi əsaslardan, siyasi qərarlardan və dövlətlərin öhdəliklərindən asılı olmalıdır. Buna görə də dövlətlərin fəaliyyətinin obyektiv qiymətləndirilməsi zamanı heç kimə fərq qoymadan qəbul olunmuş qərarların və onların hüquqi əsaslarının araşdırılması vacibdir. Lakin müşahidələr göstərirdi ki, Qərb dövlətləri, xüsusilə Avropa Parlamenti uzun illər Azərbaycana qarşı ikili standartlarla yanaşıb və belə yanaşma bu gün də davam edir".
.jpg)
Siyasi şərhçi hesab edir ki, dövlət başçısının Azərbaycanın beynəlxalq yardım almadan inkişaf etməsi barədə fikri ölkənin iqtisadi müstəqilliyi və öz imkanlarına güvənməsi kontekstində dəyərləndirilə bilər:
"Əslində beynəlxalq səviyyədə maliyyə yardımı tətbiq olunarkən, yəni kreditlər, investisyalar və digər iqtisadi əməkdaşlıq formaları məsələlərində dövlətlər arasında fərq qoyulmamalıdır. Sabitliyə və ədalətə aparan yol heç kimə fərq qoyulmadan, bütün dövlətlərə beynəlxalq hüququn bərabər səviyyədə tətbiq olunmasından və sülhdən keçir".
NURİYYƏ













