Azərbaycan qarşıdakı iki ildə hansı mötəbər zirvələrə ev sahibliyi edəcək?
"Prezident İlham Əliyevin "Orta Gələcək Naminə" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışı zamanı qeyd etdiyi kimi, Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi edir və bu proses də davam edəcək".
Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov dedi.
O, vurğuladı ki, daha öncə Azərbaycanda Zirvə toplantısı keçirilib:
"Nəzərə alsaq ki, Zirvə görüşündə Asiyanın kifayət qədər çoxlu dövlətlərini təmsil edən rəhbərlər, eyni zamanda nümayəndələr iştirak etdi. Zirvə görüşünə Azərbaycanın ev sahibliyi etməsi, Azərbaycanın məhz bütövlükdə Asiyada əməkdaşlığa verdiyi töhfənin bir nümunəsidir. Çünki Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə kifayət qədər böyük bir toplantı idi".
Millət vəkili diqqətə çatdırdı ki, Azərbaycan gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə ev sahibliyi edəcək:
"Bu, 60 ölkəni birləşdirən kifayət qədər ciddi bir qurumdur. Burada regional gücü olan dövlətlər iştirak edir. 2028-ci ildə Azərbaycan məhz cənab prezidentin forumun açılış mərasimində qeyd etdiyi kimi, Avropa Siyasi Birliyi Zirvə görüşünə ev sahibliyi edəcək. Avropa Siyasi Birliyində 50-dən çox ölkə var. Bunlar Avropa ölkələridir və qlobal gücü olan ölkələrdir. Ona görə bütün bunlar ondan xəbər verir ki, xüsusən əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf, əməkdaşlıq siyasəti cənab prezident tərəfindən daha da inkişaf etdirilir və Azərbaycan orta güc dövlətinə çevrilib. Bu, Azərbaycanın regiondakı düzənin formalaşmasında rolunu və bütövlükdə geosiyasi mövqeyinin daha da gücləndiyini göstərir".
Aytəkin TOFİQQIZI













