“Heç bir ölkə Azərbaycana öz iradəsini diktə edə bilməz”

 17:01 29.10.2026     161

“Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqam Azərbaycanın müstəqil xarici siyasətinin ölkənin beynəlxalq mövqeyinə təsiri ilə bağlıdır. Cənubi Qafqazın mürəkkəb geosiyasi şəraiti, böyük dövlətlərin regiondakı maraqları və enerji-kommunikasiya marşrutları uğrunda rəqabət fonunda ölkəmiz müxtəlif tərəfdaşlarla münasibətlərini milli maraqlar əsasında qurmağa çalışır”.

Bunu Redaktor.az-a açıqlamasında İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışını dəyərləndirən politoloq Rəşad Bayramov bildirdi.

Onun sözlərinə görə, dövlət başçısının heç bir ölkənin Azərbaycana öz iradəsini diktə edə bilməyəcəyi barədə fikri də məhz regionda mürəkkəb geosiyasi rəqabətin davam etdiyi bir şəraitdə xüsusi əhəmiyyət kəsb edir:

“Azərbaycanın digər dövlətlərin daxili işlərinə müdaxilə etməmək və eyni münasibəti özünə qarşı gözləmək prinsipini vurğulaması beynəlxalq hüququn suveren bərabərlik və daxili işlərə qarışmamaq normaları ilə əlaqəlidir. Bizə görə, müstəqil siyasətin qorunması beynəlxalq tərəfdaşlarla əməkdaşlıqdan uzaqlaşmaq deyil, həmin əməkdaşlığın bərabərhüquqlu əsaslarda qurulması deməkdir. Azərbaycanın müxtəlif güc mərkəzləri ilə əlaqələr saxlaması, enerji və nəqliyyat layihələrində iştirak etməsi bu yanaşmanın mühüm istiqamətlərindəndir".

Siyasi şərhçinin fikrincə, prezidentin Ermənistanın sanksiyalara məruz qalmaması ilə bağlı səsləndirdiyi fikirlər isə beynəlxalq münasibətlərdə vahid hüquqi meyarların tətbiqi məsələsinə diqqət yönəldir.

"Azərbaycan haqlı olaraq o mövqedədir ki, beynəlxalq hüququn pozulmasına münasibət siyasi tərəfdaşlıqdan asılı olmamalıdır. Əsas məsələ beynəlxalq təşkilatların qərarlarının icrası və dövlətlərin məsuliyyətinin ardıcıl şəkildə təmin edilməsidir. Azərbaycan son 35 ildə inkişafını həqiqətən də əsasən öz resursları hesabına təmin edib. Enerji gəlirləri, infrastruktur layihələri və maliyyə ehtiyatları Azərbaycanın iqtisadi imkanlarının genişlənməsində mühüm rol oynayıb. Elə ölkəmizin regional sabitlikdə rolunun qorunması da iqtisadi dayanıqlılıq, enerji təhlükəsizliyi və qonşularla münasibətlərin normallaşdırılması ilə bağlıdır. Beləliklə, Prezidentin çıxışı Azərbaycanın suveren qərarvermə hüququnu, beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət prinsipini və ikili standartlara dair narahatlığını bir araya gətirir”, - deyə R.Bayramov bildirdi.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən