Azərbaycan heç bir dövlətin siyasi təzyiq və diktəsini qəbul etmir
“Cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın xarici siyasətinin əsas prinsiplərini - dövlət suverenliyini, milli maraqların üstünlüyünü və müstəqil qərarvermə hüququnu - bir daha ortaya qoyur”.
Bunu Redaktor.az-a İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışını dəyərləndirən siyasi şərhçi Polad Mehdiyev bildirdi.
O vurğuladı ki, beynəlxalq hüququn fundamental prinsiplərindən biri dövlətlərin suveren bərabərliyi və daxili işlərinə müdaxilə edilməməsidir:
“Prezidentin mesajı ondan ibarətdir ki, Azərbaycan beynəlxalq əməkdaşlığa açıqdır, lakin heç bir dövlətin və ya beynəlxalq təşkilatın siyasi təzyiq və diktə dili ilə danışmasını qəbul etmir. Ermənistana münasibətdə ikili standartlar məsələsinə gəldikdə isə, burada mühüm siyasi-hüquqi məqam var. Azərbaycan ərazilərinin uzun illər işğal altında qalmasına baxmayaraq, Ermənistana qarşı ciddi beynəlxalq sanksiyaların tətbiq edilməməsi beynəlxalq münasibətlərdə siyasi maraqların bəzən hüquqi prinsiplərdən üstün tutulması ilə bağlı haqlı suallar doğurur".

P.Mehdiyevin sözlərinə görə, digər mühüm məqam Azərbaycanın xarici siyasətdə müstəqil qərarlar qəbul etmək imkanlarını gücləndirməsidir:
"Son 35 ildə formalaşmış iqtisadi potensial, enerji təhlükəsizliyində artan rol və beynəlxalq tərəfdaşlıqlar ölkənin siyasi manevr imkanlarını genişləndirib. Hesab edirəm ki, Prezidentin çıxışının əsas siyasi mesajı kifayət qədər aydındır: Azərbaycan beynəlxalq münasibətlərdə əməkdaşlıq tərəfdarıdır, lakin bu əməkdaşlıq qarşılıqlı hörmət, bərabərhüquqluluq və suverenliyə hörmət əsasında qurulmalıdır”.
NURİYYƏ













