“Netanyahu ilə Qantz çıxılmaz vəziyyətdədir” - SƏBƏB
"İsraildə keçirilən parlament seçkilərində nə hakimiyyət, nə də müxalifət tələb olunan çoxluğu əldə edə bildi. Bu vəziyyət təbii ki, ölkədə siyasi gərginliyi artırıb və demək olar ki, çıxılmaz vəziyyət yaradıb. Həm Benyamin Netanyahunun, həm də müxalifətin hökuməti formalaşdırmaq üçün əlavə səslərə ehtiyacı var. Söhbət siyasi blokların bir-birindən səs almasından gedir ki, bu da son dərəcə çətindir. Digər variant isə ərəb partiyalarının dəstəyini qazanmaqdır. Lakin bu, həm Netanyahu, həm də Beni Qantz üçün kifayət qədər çətindir".
Bunu Redaktor.az-a açıqlamasında politoloq Abutalıb Səmədov bildirdi.
Onun sözlərinə görə, nəticələrin noyabrın 4-dən sonra elan olunmasından sonra prezident siyasi partiyalar və qruplarla danışıqlar aparacaq:
"Bu danışıqların nəticəsində hökuməti formalaşdırmaq səlahiyyətinin kimə həvalə olunacağı müəyyənləşəcək. Hökuməti formalaşdırmaq üçün ilk namizədə 42 gün vaxt verilir. Əgər o, bu müddətdə hökumət qura bilməsə, növbəti namizədə 28 gün vaxt ayrılacaq. O da hökuməti formalaşdıra bilməsə, yenidən seçkilərin keçirilməsi ilə bağlı qərar qəbul olunacaq".

Müsahibimizin fikrincə, nə Netanyahu, nə də Qantz bu işin öhdəsindən gələ biləcək:
"Bununla belə, müəyyən səsləri cəlb etməklə vəziyyətdən çıxmaq üçün az da olsa, şans var. Ərəb partiyaları ilə ittifaqa isə heç kim getməyəcək. Onların hansı formada dəstəyini qazanmağın mümkün olacağı da hələlik aydın deyil. Bu baxımdan, hökumətin formalaşdırılması prosesi kifayət qədər mürəkkəb görünür. Seçkilərin nəticələrinin İsrailin Yaxın Şərq siyasətinə, demək olar ki, heç bir təsiri olmayacaq. Çünki həm hakimiyyət, həm də müxalifət bu məsələdə, demək olar ki, eyni mövqedə dayanır. Buna görə də onların İsrailin siyasətində kəskin dəyişiklik edəcəyini düşünmək mümkün deyil".
Xədicə BAXIŞLI













