Türkiyədə ölkəmizi təhqir edənlər nədən narazıdırlar?

 22:49 29.10.2026     270

Prezident İlham Əliyev Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak etməyəcək. Bu xəbər yayılan kimi AKP-yə yaxın media və bloqerlər yenə hərəkətə keçiblər. İndi də başlayıblar ki, “Ərdoğan və türk xalqı bundan məmnun olmayacaq”. Maraqlıdır, bir aydır Azərbaycan Prezidentini hədəfə alıb təhqir edənlər indi ondan nə gözləyirlər?

“Ərdoğan və türk xalqı bundan məmnun olmayacaq” deyənlərə bir sualım var: Siz bir aydır gecə-gündüz İlham Əliyevi təhqir edəndə, onu hədəfə alanda, haqqında hədyanlar yazanda Ankaraya gələcəyini düşünürdünüz? Ərdoğanın baş köməkçisindən tutmuş partiyasının deputatlarına, ətrafına, mediasına və bloqerlərinə qədər bir çoxu Azərbaycan Prezidentini hədəfə alıb. İndi isə üzlərini çevirib soruşurlar ki, İlham Əliyev Ankaraya niyə gəlmədi.

Siz Azərbaycan Prezidentini təhqir edəndə onun Ankaraya gəlməsini necə gözləyirdiniz? Bir tərəfdən dövlət başçısına qarşı hörmətsizlik nümayiş etdirəcəksiniz, digər tərəfdən də ondan gəlib sizinlə eyni masa arxasında əyləşməsini gözləyəcəksiniz? Bu necə məntiqdir? Özünüz hörmətsizlik edəcəksiniz, sonra da onun nəticəsindən narazı qalacaqsınız?

İlham Əliyev Azərbaycanın Prezidentidir. O, heç kimin qarşısında özünü alçaltmağa, ona qarşı səsləndirilən təhqirləri udub heç nə olmamış kimi davranmağa borclu deyil. Dövlət başçısına hörmət etmək sizin üçün çətin ola bilər, amma bu, onun özünə hörmətsizliyi qəbul etməli olduğu anlamına gəlmir.

Qardaşlıqdan danışanlar əvvəlcə qardaşlığa hörmət etməyi bacarmalıdırlar. Azərbaycanla Türkiyə arasındakı münasibətlər ayrı-ayrı siyasətçilərin, deputatların, bloqerlərin və media nümayəndələrinin emosiyalarından daha böyükdür. Amma bu münasibətlərin güclü olması heç kimə Azərbaycan Prezidentini təhqir etmək haqqı vermir.
İlham Əliyevin Ankaraya getməməsi ilə bağlı mənim mövqeyim aydındır: çox düzgün addımdır! Azərbaycan Prezidentini bir ay təhqir edib, sonra da onun niyə Ankaraya gəlmədiyini soruşmaq siyasi riyakarlıqdır. Hörmət gözləyirsinizsə, əvvəlcə özünüz hörmət göstərməyi öyrənin.

Heç kim nə Azərbaycanı, nə də onun Prezidentini hörmətsizlik qarşısında susmağa məcbur edə bilməz.

Qardaşlıq birtərəfli güzəşt, dostluq isə təhqirlərə dözmək demək deyil.

Aqil ASLAN

Vumart və Güvən reklamı Vumart Güvən