"Türkiyə mətbuatının və rəsmilərinin Azərbaycanı qınamağa haqqı yoxdur" - Deputatdan REAKSİYA
"Dövlət başçıları hər hansı bir xarici ölkəyə və yaxud beynəlxalq tədbirə öz səfərlərini prioritet əsaslarda formalaşdırır və əvvəlcədən müəyyənləşdirilmiş qrafik, protokol qrafiki üzrə hərəkət edirlər. Bu gün Azərbaycan Prezidenti FİFA-nın yekun tədbirində iştirak edəcək, qalibləri mükafatlandıracaq və bu, əvvəlcədən protokolda nəzərdə tutulan bir tədbirdir. Şübhəsiz ki, zirvə görüşləri kimi təsnifatlandırılan dövlət başçılarının görüşlərinə dəvət olunmuş dövlət başçısının qatılması xüsusi bir mesajdır, amma eyni zamanda heç bir diplomatik qaydada dövlət başçısının mütləq tədbirə qatılması ilə bağlı bir öhdəlik yoxdur".
Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının (TDT) Ankarada keçirilən zirvə görüşünə getməməsindən danışarkən dedi.
Onun sözlərinə görə, əgər başqa və ya əvvəlcədən müəyyənləşdirilmiş tədbirlər varsa, dövlət başçısı hər hansı səlahiyyətli nümayəndəsini dəvət olunduğu tədbirə göndərə bilər və Türk Dövlətləri Təşkilatının zirvə görüşündə də Azərbaycan Respublikasını xarici işlər naziri Ceyhun Bayramov təmsil edir:
"Bu, əslində, Azərbaycanın dövlət kimi bu tədbirdə iştirakçılığıdır. Amma qeyri-rəsmi protokol qaydaları var ki, bu da protokol etikası, ya da diplomatik etika adlandırılır. Bərabər səviyyəli tədbirlərdə hansı ölkə hansı səviyyədə təmsil olunursa, digər ölkə də eyni şəkildə qarşılıqlıq verir. Məsələn, 2024-cü ildə Bakıda, Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etmədi, onun əvəzinə vitse-prezident Cevdet Yılmaz iştirak etdi. O zaman qardaş ölkənin prezidentinin də Avropada keçirilən futbol turnirində bir futbol protokolu var idi. Daha sonra şəhərsalma forumunda yenə də digər ölkələr prezidentlər səviyyəsində iştirak etsələr də, qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan öz təmsilçisi kimi Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu göndərdi və ən nəhayət, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə bir çox dövlət başçılarının iştirak etdiyi halda, qardaş ölkə yenə öz təmsilçisini – xarici işlər naziri Hakan Fidanı göndərdi".
Millət vəkili vurğuladı ki, belə olan halda, həm rəsmi protokol zərurəti, həm də qeyri-rəsmi protokol etikası baxımından burada Türkiyə mətbuatının və yaxud rəsmilərinin Azərbaycanı qınamağa haqqı yoxdur.
"Azərbaycan diplomatiya və protokol qaydalarından kənara çıxmayıb, tam əksinə, Azərbaycan müstəqil dövlət kimi öz prioritetlərini özü müəyyənləşdirib və bir növ adekvat addımlar atıb", - deyə H.Babaoğlu yekunlaşdırdı.
Aytəkin TOFİQQIZI













