"Bunu başlayan tərəfin Türkiyə olması Azərbaycan üçün son dərəcə sarsıdıcıdır" - AÇIQLAMA
Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının (TDT) Ankarada keçirilən Zirvə görüşündə iştirak etməməsinin Türkiyədə süni müzakirə mövzusuna çevrilməsi diqqət çəkir. Son bir ay ərzində Azərbaycan dövlət başçısını müxtəlif bəhanələrlə hədəfə alan, onun ünvanına təhqiramiz ifadələr işlədən bəzi çevrələrin bu dəfə də sammitdə iştirak etməməsi üzərindən tənqid kampaniyası aparması suallar doğurur.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirdi ki, hazırda Türkiyədə nə qədər etiraz səsləri ucaldılırsa, Azərbaycan da ən azı o qədər bu məsələdən yara alıb:
"Çünki birbaşa Azərbaycan Prezidentinin, onun Müzəffər Ali Baş Komandanının hədəf seçilməsi xalqımızda haqlı olaraq dərin küskünlük və narahatlıq yaradıb. Hər ağızdan çıxan avaza qulaq vermək lazım olmasa da, hər şeyi eşidir, baş verənləri ən incə detalına qədər görürük. Bu baxımdan da düşünürəm ki, hərarəti bu qədər artırmaq, keyfiyyət meyarlarını bu qədər aşmaq zamanında lazım deyildi. Axı iştirak məsələsində iki alternativ variantdan sadəcə birinin baş tuta biləcəyi reallıq idi.
Cənab Prezident İlham Əliyevin şəxsiyyətini birbaşa hədəf almaq, xalqımızla bağlı son dərəcə lazımsız və lüzumsuz fikirlər səsləndirmək, düşünürəm ki, geriyə dönüşü olduqca çətin olan addımlara şərait yarada bilər. Məhz bu səbəbdən də səbr kasasının Oqtay Saral kimi “son damlası” hadisəsindən sonra üzərindən kifayət qədər uzun müddət keçdikdən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın cənab Prezident İlham Əliyevə zəng etməsini müsbət dəyərləndirsək də, birmənalı şəkildə ifadə etdik ki, bəzi yaralar, təəssüf ki, gec sağalır və bu hadisələr yaddaşımızdan silinməyəcək".
O vurğuladı ki, baş verən hadisələr, səsləndirilən fikirlər unudulmamalıdır:
"Dövlət yaddaşımız da bunları unutmur. Lakin ortada həm də qardaşlığımız var. Eyni soykökümüz, tariximiz və dəyərlərimiz var. Bu baxımdan söhbət hər hansı bir dövlətdən və ya hansısa dövlətin Azərbaycan dövlətinə münasibətindən getmirdi. Məsələnin mahiyyəti o zaman aydın olur ki, ortada Türkiyə və Azərbaycan reallığı var idi. Bütün bunların üzərindən bir anda hansısa amillərə və ya kimlərəsə görə xətt çəkmək bu qədər asan olmamalı idi. O sözlər ağızdan elə rahat tökülməməli idi, beyinləri o “məhsulu” elə rahat istehsal etməməli idi. Bu baxımdan, cənab Prezident İlham Əliyevin Ankarada keçirilən sammitə getməməsinin kifayət qədər uyğun şəkildə ifadə edilməsi onu göstərir ki, Azərbaycan lideri diplomatiya baxımından olduqca düzgün addımlar atan siyasətçi, şəxsiyyət baxımından isə bütöv və tam xarakterdir. Əvvəlcədən müəyyən olunmuş bir qrafik var. FIFA U-15 Dünya Çempionatının bağlanış və mükafatlandırma mərasiminin keçirilməsi, prioritetlərin bu şəkildə müəyyənləşdirilməsi cənab Prezident İlham Əliyevin həm fəaliyyətinin ardıcıllığından, həm də şəxsiyyətinin bütövlüyündən xəbər verir".
Politoloq düşünür ki, Azərbaycan qarşılıqlı şəkildə addımlar atır:
"Dövlət başçımızın çox yerində ifadə etdiyi bir fikir var idi. Müharibəni başlayan tərəf biz olmamışıq. Elə bu yanaşmanı məcazi mənada Türkiyə ilə münasibətlərimizə də tətbiq etsək, görərik ki, narahatlığı, narazılığı və bu qədər geniş kampaniyanı başladan tərəf biz olmamışıq. Bunu başlayan və həyata keçirən tərəfin Türkiyə olması Azərbaycan üçün son dərəcə sarsıdıcıdır. Biz “bir millət, iki dövlətik”. Amma tarix boyu heç bir sənəddə, heç bir ritorikada və bəyanatda bir millət və bir dövlətdən söhbət getməyib.
Azərbaycanın beynəlxalq əlaqələrinin formalaşdırılmasında da, atdığı addımlarda da müstəqil iradəsi mövcuddur. Azərbaycan xalqına qarşı səsləndirilən fikirlər, ucaldılan etiraz səsləri mahiyyət etibarilə əsassızdır. Ən önəmlisi isə odur ki, heç bir halda Müzəffər Liderimizin şəxsiyyətinə və fəaliyyətinə dil uzadılmasına imkan verməyəcəyik. Bu istiqamətdə dövlət başçımızın qəbul etdiyi hər bir qərarın arxasında məntiqi yanaşma və nəticəyönümlülük dayanır".
Ş.Həsənova diqqətə çatdırdı ki, Azərbaycan dünyəvi dövlətdir, hansısa dini qruplaşmalar tərəfindən idarə olunmur:
"Atılan addımlar soyuqqanlı yanaşmanın, məntiqi təfəkkürün və diplomatiyanın məhsuludur. Bu baxımdan, dövlət başçımız Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Zirvə görüşündə də bir daha daxili işlərimizə qarışılmasının yolverilməz olduğunu bildirdi. Odur ki, cənab Prezident İlham Əliyevin Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının sammitində iştirak etməməsi böyüdüləcək bir məsələ deyil. Bu, prioritetlərin düzgün müəyyənləşdirilməsi, eyni zamanda, məhz bu zamanda və məkanda nümayiş etdirilməli olan ən məntiqli yanaşmadır".
Aytəkin TOFİQQIZI













