"Netanyahu İrana qarşı yeni hərbi əməliyyatlara başlamağa maraqlıdır" - Metyu Brayzadan diqqətçəkən AÇIQLAMA

 17:36 30.10.2026     82

"İsraildə keçirilən seçkilərin indiyədək ortaya çıxan nəticələri gözlənilən idi. Baş nazir Benyamin Netanyahu və onun Knessetdəki “Likud” fraksiyasının səslərin əksəriyyətini əldə edə bilməyəcəyi əvvəldən bəlli idi. Belə ki, hökuməti müstəqil şəkildə formalaşdırmaq üçün 120 yerlik Knessetdə 61 mandat tələb olunur. Əslində, İsrail siyasi tarixində indiyədək heç bir partiya parlamentdə 61 mandat qazanaraq hökuməti təkbaşına formalaşdıra bilməyib. Buna görə də koalisiya hökumətinin qurulacağı əvvəlcədən məlum idi. Eyni zamanda, Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyasının ən çox səs toplayacağı, Gadi Eisenkotun rəhbərlik etdiyi millətçi və ifrat sağçı siyasi qruplaşmanın isə ikinci yeri tutacağı da gözlənilən idi".

Bunu ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Redaktor.az-a açıqlamasında bildirdi.

Onun sözlərinə görə, əslində, “Likud” və Eisenkotun qruplaşmasının ideologiyaları arasında ciddi fərq yoxdur:

"Belə ki, hər ikisi fələstinlilər üçün həll modelini rədd edir. Həmçinin Qəzza zolağındakı fələstinlilərə qarşı sərt siyasətin tərəfdarıdırlar. Onlar Qəzza əhalisini HƏMAS terrorçularının 7 oktyabrda İsrailin mülki əhalisinə qarşı törətdiyi, Holokostdan sonra yəhudi icmasına qarşı həyata keçirilən ən ağır hücumda kollektiv məsuliyyət daşıyan tərəf kimi görürlər. Bu baxımdan həm Eisenkot, həm də Netanyahu Qəzzada fələstinlilərə qarşı sərt və amansız hərbi kampaniyanı dəstəkləyirlər. Onların fikrincə, Qəzza əhalisi baş verənlərə görə kollektiv məsuliyyət daşıyır".

Politoloq hesab edir ki, Eisenkot İsrailin dostları və əvvəlki müttəfiqləri ilə münasibətlərini yaxşılaşdırmaq, xüsusilə ABŞ və Avropa ölkələri ilə əlaqələri gücləndirmək istəyir:

"Türkiyə ilə münasibətlərin hələlik əvvəlki səviyyəyə qayıtmasını gözləməsə də, Azərbaycanla mövcud yüksək səviyyəli əlaqələrin qorunmasının tərəfdarıdır. Bundan başqa, Eisenkot 7 oktyabr hadisələri zamanı yol verilmiş kəşfiyyat səhvlərinin araşdırılmasını və bu uğursuzluqlara görə Netanyahunun məsuliyyətə cəlb olunmasını istəyir. Lakin bu fərqlər daha çox daxili xarakter daşıyır. Fələstin məsələsinə yanaşma və İrana qarşı, o cümlədən hərbi vasitələrdən istifadə etməklə aqressiv siyasətin həyata keçirilməsi baxımından onların mövqeləri, demək olar ki, eynidir".

Müsahibimiz qeyd etdi ki, iki ərəb partiyasının da seçkilərdə müəyyən sayda səs toplayacağı gözlənilən idi:

"Lakin onlar bu dəfə əvvəlki seçkilərlə müqayisədə daha çox səs qazanmaqla müəyyən mənada təəccübləndirdilər. Bununla belə, hesab etmirəm ki, həmin partiyaların Eisenkotun və ya Netanyahunun rəhbərlik etdiyi hökumətə qoşulmaq və koalisiyanın formalaşmasına kömək etmək ehtimalı var. Netanyahu ərəb partiyaları ilə hər hansı əməkdaşlığı qəti şəkildə rədd edib. Eisenkot da seçki kampaniyası boyunca ölkənin baş naziri olmaq imkanı yaransa belə, ərəb partiyaları ilə koalisiya qurmağa hazır olmadığını bildirib".

Siyasətçinin firkincə, qarşıdakı bir neçə həftə ərzində Netanyahu faktiki olaraq hakimiyyətdə qalacaq:

"Bu müddətdə o, ya Eisenkotun rəhbərlik etdiyi qruplaşmanın bəzi üzvlərini öz tərəfinə çəkərək “Likud”a qoşulmağa və parlament çoxluğu formalaşdırmağa razı salacaq, ya da Netanyahu ilə Eisenkot arasında əməkdaşlıq barədə razılıq əldə olunacaq. Baxmayaraq ki, onların bir-birinə şəxsi münasibətləri kifayət qədər mənfidir, milli birlik naminə birgə hakim koalisiya yaratmaları ehtimalı da var. Lakin bu ssenari hazırda az inandırıcı görünür. Məncə, ən real ehtimal Netanyahunun Eisenkotun tərəfdarlarından bir qismini öz tərəfinə çəkməsi və bununla da hökuməti formalaşdırmaq üçün tələb olunan 61 və ya daha çox mandatı təmin etməsidir. Bununla yanaşı, koalisiya qurulması ilə bağlı razılığın əldə olunmaması və bir neçə ay sonra İsraildə növbəti seçkilərin keçirilməsi ehtimalı da kifayət qədər yüksəkdir".

Keçmiş səfir xatırlatdı ki, 2020–2022-ci illərdə də İsraildə oxşar vəziyyət yaşanmış, bir neçə dəfə növbədənkənar seçkilər keçirilmiş və qısaömürlü hökumətlər fəaliyyət göstərmişdi:

"Ərəb partiyalarının mövqeyinə gəlincə, onlar 2020–2022-ci illərdə Naftali Bennettin rəhbərlik etdiyi hökumətə qoşulmuş və koalisiyada təmsil olunmuşdular. Lakin buna baxmayaraq, fələstin xalqının vəziyyətinin yaxşılaşdırılması istiqamətində ciddi nəticə əldə edə bilmədilər. Ona görə də hesab edirəm ki, budəfəki seçkilərin ciddi siyasi nəticələr doğuracağı gözlənilmir. Hətta bu seçkilərin sadəcə yeni seçki mərhələsinə yol açması da mümkündür. Həmin müddətdə isə Netanyahu hakimiyyətdə qalacaq və görünən odur ki, o, İrana qarşı yeni hərbi əməliyyatlara başlamağa maraqlıdır. ABŞ-nin bu məsələyə necə reaksiya verəcəyi isə hələlik bəlli deyil. Prezident Donald Tramp ABŞ-nin İrana yenidən zərbə endirməyə hazırlaşdığını, lakin bunun noyabrın 3-də keçiriləcək aralıq seçkilərdən sonra baş verəcəyini bildirib.

Eyni zamanda, son günlər Trampın İranla atəşkəs razılaşmasına və daha uzunmüddətli anlaşmaya nail olmaq üçün yollar axtardığı getdikcə daha aydın görünür. Bununla belə, danışıqların uğurla nəticələnəcəyi hələ də sual altındadır. Böyük ehtimalla, İsrail İrana qarşı növbəti hücuma başlayacaq və bundan sonra ABŞ də əməliyyata qoşula bilər. Yalnız qarşıdakı bir neçə gün ərzində ABŞ və İran arasında uzunmüddətli razılaşma əldə olunarsa, bu ssenarinin qarşısı alına bilər".

Həmsöhbətimiz bildirdi ki, belə bir razılaşma Hörmüz boğazının açıq saxlanılmasını, İranın dondurulmuş maliyyə vəsaitlərinin azad edilməsini, bəzi sanksiyaların ləğvini, bunun müqabilində isə Tehranın nüvə proqramı ilə bağlı ciddi güzəştlərə getməsini nəzərdə tuta bilər.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən