“Türkiyə əvvəlki reaksiyalardan nəticə çıxarmalı idi” - Deputatdan sərt AÇIQLAMA
Son iki gündə Türkiyə mediasında və sosial şəbəkələrində Azərbaycan əleyhinə növbəti müzakirələr və ittihamlar gündəmə gəlib. Bu dəfə müzakirələrin əsas səbəbi Azərbaycanın BMT-nin Baş katibi vəzifəsinə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dövlət naziri Lana Zəki Nusseibehin namizədliyinin irəli sürülməsi təşəbbüsünə münasibəti olub. Türkiyənin ATƏT-dəki baş katibi Feridun Sinirlioğlunun mümkün namizədliyinin dəstəklənməməsi ilə bağlı Azərbaycana qarşı ittihamlar səsləndirilib.
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, Türkiyə tərəfi Azərbaycanın əvvəlki reaksiyasından nəticə çıxarmalı və eyni üsula yenidən əl atmamalı idi:
"Əslində, əvvəlki hadisədən çox ciddi dərs çıxarılmalı və nəticə əldə olunmalı idi. Azərbaycan bununla açıq şəkildə göstərdi ki, heç bir təzyiqə boyun əyməyəcək və heç bir təzyiqi qəbul etməyəcək. Bu baxımdan hesab edirəm ki, Türkiyə tərəfindən növbəti dəfə həyata keçirilən bu cür anti-Azərbaycan təbliğatı əsassızdır. Belə addımlarla nəyəsə nail olmaq, hər hansı nəticə əldə etmək mümkün deyil. Bütün tərəflər bunu nəzərə almalı və bilməlidirlər ki, bu cür cəhdlər və addımlar əks effekt verir, yalnız yanlış nəticələrə gətirib çıxarır".
Müsahibimiz vurğuladı ki, heç kim Azərbaycanla bu üslubda və bu metodla danışa bilməz:
"Belə bir cəhd olarsa, Azərbaycan bunun müvafiq cavabını verəcək. Azərbaycan müstəqil dövlətdir və kimə səs verəcəyinə, kimə səs verməyəcəyinə özü qərar verir. Ona görə də bizə qarşı bu cür addımlara son qoyulmalı, anti-Azərbaycan təbliğatı dayandırılmalı və belə halların qarşısı alınmalıdır. Çünki bütün bunlar yalnız Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirir və mövcud əlaqələri daha da gərginləşdirir".
Xədicə BAXIŞLI













