Türkiyə niyə həmin ölkələrə deyil, yalnız Azərbaycana irad bildirir? - SƏRT AÇIQLAMA

 19:49 30.10.2026     154

"2023-cü ildən etibarən Türkiyənin müxtəlif sosial şəbəkələrində ayrı-ayrı şəxslər, bloqerlər və özlərini müxtəlif adlarla təqdim edən insanlar Azərbaycana qarşı haqsız və yersiz qaralama kampaniyası aparırlar. Sanki kiçik bir məsələdən böyük problem yaratmağı qarşılarına məqsəd qoyublar. Çox təəssüf ki, üç il ərzində Türkiyə cəmiyyətində bu kampaniyanın qarşısı alınmayıb. Halbuki bunun qarşısını almaq mümkün idi".

Bunu Redaktor.az-a açıqlamasında politoloq Şakir Ağayev bildirdi.

Müsahibimiz qeyd etdi ki, Türkiyə hakimiyyəti istənilən halda özünə qarşı yönələn addımların və ya iddiaların qarşısını dərhal ala bilir:

"Uzun müddət ərzində Türkiyədə hazırkı hakimiyyətə qarşı çıxış edən yüzlərlə, minlərlə insan həbs olunub, bu cür fəaliyyətlərin qarşısı alınıb. Deməli, Azərbaycana qarşı aparılan qaralama kampaniyasının da qarşısını ala bilərdilər, lakin bunu etmədilər. Görünür, Azərbaycan-Türkiyə münasibətlərinin korlanmasında maraqlı olan qüvvələr var.

Əlavə edək ki, Azərbaycan xarici işlər naziri bu yaxınlarda Birləşmiş Ərəb Əmirliklərinin dövlət naziri Lana Zəki Nusseibehin BMT-nin baş katibi vəzifəsinə namizədliyini Azərbaycanın dəstəkləməsi ilə bağlı məsələyə aydınlıq gətirib. Türkiyə tərəfinin iddiasına görə, guya Azərbaycan Türkiyənin namizədi Firdun Sinirlioğlunu dəstəkləməyib. İlk növbədə, Azərbaycan Xarici İşlər Nazirliyinin mövqeyini təkrar etmək istəmirəm. Nazirlik beynəlxalq hüquq normalarına, seçki prosesinin qaydalarına və müvafiq nizamnamə müddəalarına əsaslanaraq məsələyə kifayət qədər dəqiq aydınlıq gətirib və prosesin necə həyata keçirildiyini izah edib".

Politoloqun sözlərinə görə, hazırda söhbət yalnız namizədlərdən gedir:

"Türkiyədəki bəzi media nümayəndələri, bloqerlər və özlərini müxtəlif adlarla təqdim edən şəxslər bilməlidirlər ki, BMT-nin baş katibliyi vəzifəsinə 10, 15, hətta 20 namizəd irəli sürülə bilər. İlk növbədə, namizədin taleyini BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü müəyyənləşdirir. Söhbət ABŞ, Rusiya, Böyük Britaniya, Fransa və Çindən gedir. Bu ölkələrdən hər hansı biri veto hüququndan istifadə edərsə, namizədin seçilməsi mümkün olmayacaq. Əsas söz sahibi məhz bu dövlətlərdir. Daha sonra Təhlükəsizlik Şurasının digər 15 üzvü və BMT-yə üzv ölkələr prosesdə iştirak edirlər.

Digər məsələ isə Qazaxıstan və Özbəkistan da Azərbaycandan əvvəl Lana Zəki Nusseibehin namizədliyini dəstəkləyib. Lakin həmin ölkələrə qarşı heç bir irad bildirilmir, onlar haqqında bir kəlmə də danışılmır. Halbuki Azərbaycan-Türkiyə münasibətləri, xüsusilə türk dövlətləri arasında əlaqələr baxımından hər zaman digər türk dövlətləri ilə münasibətlərdən daha yüksək səviyyədə olub. Buna baxmayaraq, çox təəssüf ki, hədəfə alınan tərəf Azərbaycan olur".

Siyasi şərhçi hesab edir ki, məsələ artıq bu həddə çatıbsa buna ciddi nəzarət etmək lazımdır:

"Bununla belə, konkret qüvvələrin adını çəkə bilmərəm. Çünki bu barədə ehtiyatsız fikir bildirmək münasibətlərə daha ciddi zərər vura bilər. Amma bir məqam dəqiqdir: üç ildir bu kampaniya davam edirsə və onun qarşısı alınmırsa, deməli, arxasında daha geniş siyasi maraqlar dayanır. Eyni zamanda, Azərbaycan dəfələrlə bəyan edib ki, ən böyük dövlətlərlə belə münasibətlərini qarşılıqlı milli maraqlar və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında qurmağın tərəfdarıdır. İstər Türkiyə, istər ABŞ, Rusiya, Çin, istərsə də Avropa İttifaqı və ayrı-ayrı Avropa dövlətləri olsun, Azərbaycan bütün tərəflərlə münasibətlərində bu prinsipləri əsas götürür. Ölkəmiz hər bir dövlətin maraqlarını nəzərə alır və onlarla bərabərhüquqlu münasibətlər qurmağa çalışır. Eyni yanaşmanı özünə qarşı da gözləyir. Çox təəssüf ki, son zamanlar Türkiyədəki bəzi dairələr Azərbaycana kiçik qardaş kimi yanaşmağa çalışırlar. Bu, çox yanlış yanaşmadır. Azərbaycan heç kimin kiçik qardaşı olmaq və özünə böyük qardaş axtarmaq niyyətində deyil. Azərbaycanla Türkiyə arasında strateji müttəfiqlik münasibətləri, Şuşa Bəyannaməsi var və bunların hamısı çox müsbət məqamlardır. Lakin Azərbaycan Türkiyə ilə münasibətlərini qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf etdirmək istəyir. Azərbaycan kiminsə təlimatlarını yerinə yetirən, kiminsə göstərişləri ilə hərəkət edən dövlət deyil. Bugünkü Azərbaycan 20-30 il əvvəlki Azərbaycan deyil ki, kimsə ona göstəriş versin".

Həmsöhbətimiz vurğuladı ki, bu gün Azərbaycan iqtisadi, siyasi və hərbi potensialına görə özünü təmin edə bilən, həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə bütün dövlətlərlə bərabərhüquqlu münasibətlər qurmaq gücünə və imkanlarına malik olan ölkələrdəndir:

"Ona görə də hesab etmirəm ki, baş verənlər yalnız ayrı-ayrı şəxslərin və ya media qurumlarının fəaliyyəti ilə bağlıdır. Görünür, bunun arxasında müəyyən siyasi maraqlar və siyasi qüvvələr dayanır. Yenə də konkret ad çəkə bilmərəm, çünki bu, obyektiv yanaşma olmazdı. Lakin proseslərin gedişi belə bir qənaətə gəlməyə əsas verir. Azərbaycan 2023-cü ildən bəri dəfələrlə müxtəlif səviyyələrdə, o cümlədən prezidentin köməkçisi səviyyəsində və media vasitəsilə Türkiyədəki qaralama kampaniyasına son qoyulmasına çalışıb. Prezidentin köməkçisi Hikmət Hacıyev dəfələrlə müsahibələrində və müxtəlif tədbirlərdə bu məsələyə münasibət bildirib, Azərbaycanın Türkiyəyə qarşı heç bir mənfi münasibətinin olmadığını vurğulayıb. Lakin çox təəssüf ki, qarşı tərəf bu çağırışları eşitmir və onlara əməl etmir. Belə olan halda, prosesin arxasında müəyyən siyasi maraqların və qüvvələrin dayandığı qənaəti daha da güclənir.

Bütün bunlar Azərbaycan-Türkiyə münasibətlərinə, xüsusilə də iki ölkənin cəmiyyətləri arasındakı əlaqələrə son dərəcə mənfi təsir göstərir. Azərbaycana qarşı müəyyən siyasi maraqlar naminə aparılan təbliğatın cəmiyyətə ötürülməsi nəticəsində insanlar arasında da mənfi fikirlər formalaşır. Zaman keçdikcə bu proses iki ölkənin cəmiyyətləri arasındakı münasibətlərin korlanmasına gətirib çıxarır. Bu isə çox pis, qəbuledilməz və təhlükəli haldır".

Ş.Ağayev əlavə etdi ki, rəsmi Bakı hansı mövqedən çıxış etməlidirsə, məhz həmin mövqedən çıxış edir:

"Azərbaycan öz milli və dövlət maraqlarını qoruyur, bütün qərarlarını ölkənin maraqlarına uyğun şəkildə verir. Rəsmi Bakı başqa cür necə davranmalıdır? Azərbaycan hansı münasibətlə qarşılaşırsa, ona uyğun adekvat mövqe nümayiş etdirir. Bu, istər diplomatik müstəvidə, istərsə də digər sahələrdə belədir. Hesab edirəm ki, bu yanaşma tamamilə doğrudur. Hansı münasibəti görürsənsə, ona uyğun cavab verməlisən. İlk növbədə, bu istiqamətdə addımı Türkiyə atmalıdır. Azərbaycana qarşı qaralama kampaniyasına son qoyulmalıdır. Lakin bunun əvəzinə, təəssüf ki, hər dəfə ən kiçik bir detaldan və fürsətdən istifadə edilərək Azərbaycana qarşı qaralama kampaniyasının davam etdirildiyini görürük. Təbii ki, Azərbaycan dövləti, ictimaiyyəti, mediası və siyasətçiləri də bu cür addımlara adekvat cavab verməlidirlər və verirlər".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən