"Türkiyə Azərbaycana qarşı böhtanları dayandırmalıdır"

 18:26 30.10.2026     116

Türkiyə sosial mediasında Azərbaycanın guya Türkiyənin BMT-nin Baş katibi postuna namizədi, ATƏT-in hazırkı baş katibi Feridun Sinirlioğlunu yox, BƏƏ namizədini dəstəklədiyinə dair ittihamlar səslənməyə başlayıb.

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Zeynal Əmrəliyev qeyd etdi ki, hal-hazırda Türkiyədə müəyyən fikirlər irəli sürülür:

"Sevindirici hal odur ki, Azərbaycanın haqlı mövqeyini müdafiə edən xeyli sayda insan var. Eyni zamanda Türkiyənin siyasətçiləri də, dövlət adamları arasında da kifayət qədər Azərbaycanın mövqeyini dəstəkləyən insanlar var. Bu gün isə Türkiyənin Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin Azərbaycan tərəfindən dəstəklənməyəcəyi barədə çox təxribatçı bir xəbər paylaşılır. Belə bir iddia var ki, Türkiyə bu vəzifəyə Feridun Sinirlioğlunun namizədliyini irəli sürmək niyyətindədir. Sinirlioğlu hazırda ATƏT-in hazırkı baş katibi vəzifəsini icra edir. Bununla bağlı bildirilib ki, Azərbaycan onun yox, Birləşmiş Ərəb Əmirliklərinin irəli sürdüyü şəxsin namizədliyini dəstəkləyir".

Siyasi şərhçi vurğuladı ki, ilk növbədə, Sinirlioğlunun namizədliyi Türkiyə tərəfindən rəsmi şəkildə irəli sürülməyib:

"İkinci növbədə də Azərbaycanın bu haqda rəsmi bəyanatı yoxdur. Yəni bu dərəcədə Türkiyə mediasında və sosial şəbəkələrdə Azərbaycana qarşı təxribatların şahidi oluruq və bu da çox təəssüfləndirici bir haldır. Bunlar yenə eyni mərkəzlər tərəfindən idarə olunan media qurumları və şəxslərdir. Sanki təxribat üçün, ölkəmizi Türkiyə cəmiyyətinin gözündən salmaq üçün bu gün yalanlar, böhtanlar uydururlar. Bu da, əlbəttə ki, təəssüfləndirici bir haldır və Türkiyə dövləti, əlbəttə ki, buna artıq dayan deməlidir".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən