"Türkiyədə Bakını hədəf alanlar ağır şəkildə cəzalandırılmalıdır" - Əli Orucov
"Türkiyə sosial mediasında və bəzi mətbuat orqanlarında Azərbaycanın BMT Baş katibi postuna BƏƏ-nin namizədi Lana Nuseibehı dəstəkləyərək Türkiyənin namizədini kənara qoyduğu iddiaları yayılsa da, Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi bəyanat yayaraq Feridun Sinirlioğlunun BMT-nin Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışladıqlarını bəyan edib".
Bunu Redaktor.az-a açıqlamasında politoloq Əli Orucov dedi.
O vurğuladı ki, Türkiyənin bu posta Feridun Sinirlioğlunu namizəd olaraq irəli sürülməsi BƏƏ-dən çox sonraya təsadüf edir:
"Türkiyə-Azərbaycan dostluğunu zərbə altına qoymağa çalışan bəzi qüvvələrin Bakını ittiham etməsi əsassızdır. Növbəti manipulyasiya cəhdindən başqa bir şey deyil.
BMT Baş katibi postuna namizədlik irəli sürülməsi ilə bağlı hüquqi prosedur qaydalar var. Azərbaycanın ilk namizədi BƏƏ tərəfindən irəli sürülüb və öz namizədini daha əvvəl rəsmi şəkildə qeydiyyatdan keçirmiş və diplomatik kanallarla dəstək üçün Azərbaycana müraciət edib. Azərbaycan XİN-in bu təşəbbüsə xoşniyyətli və beynəlxalq diplomatik etiketə uyğun reaksiya verməsində isə qeyri-adi heç bir şey yoxdur. Türkiyə tərəfi Feridun Sinirlioğlunun namizədliyinə dair rəsmi məktubu BMT-yə yalnız 30-31 oktyabr tarixlərində təqdim edib. Türkiyə sosial media seqmentlərində Azərbaycana qarşı haqsız və əsassız ittihamlar genişlənərkən Ankara hələ öz namizədliyini rəsmən rəsmiləşdirməmişdi və hər hansı məlumat da verilməmişdi. Mövcud olmayan və müraciəti edilməyən namizədliyə görə Bakını ittiham etmək hüquqi cəhətdən qeyri-mümkün və olduqca absurdur. Bu, sadəcə, qarayaxma kampaniyası aparan qüvvələrin əlində bəhanədir".
Əli Orucov hesab edir ki, Türkiyənin Bakını hədəf almasının qarşısı sərt şəkildə alınmalı və bunu həyata keçirənlər ağır şəkildə cəzalandırılmalıdır.
Aytəkin TOFİQQIZI













