"Türkiyədə İlham Əliyevin adından məqsədyönlü şəkildə saxta fikirlər yayılır" - Deputat

 12:29 02.11.2026     198

"Çox təəssüf ki, qardaş ölkənin sosial media seqmentində Azərbaycan Prezidenti adından həqiqətə uyğun olmayan fikirlər paylaşılır və çox maraqlıdır ki, bu fikirlər geniş şəkildə sosial şəbəkə seqmentində dövr etdirilməyə başlanılır. Demək ki, burada məqsəd var və bu, məqsədyönlü şəkildə edilir".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Türkiyənin sosial şəbəkə seqmentində Azərbaycan Prezidenti İlham Əliyevin adından saxta fikirlər yayılmasından danışarkən dedi.

Millət vəkilinin sözlərinə görə, bu cür məqsədyönlü təxribatlara qarşı müəyyən tədbirlər görmək zəruridir:

"Çünki baş verənlər artıq həm hüquqi, həm də mənəvi müstəvidə Türkiyə-Azərbaycan münasibətlərinə yaraşmayan münasibətlərdir. Görünür, hansısa güc mərkəzləri israrla Türkiyə-Azərbaycan münasibətlərini korlamağa çalışırlar. Biz əgər son dövrlərdə baş verən hadisələrə diqqət etsək, görəcəyik ki, rəsmi müstəvidə münasibətlər öz məcrasına qayıdır, amma bunu yenidən korlamaq üçün cəhdlər edilir. Ona görə də məncə, bu cür hərəkətlər yolverilməzdir və hər cür tədbirlər görülməlidir ki, belə hallar bir daha baş verməsin".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən