"Qardaş dövlətdən Azərbaycana qarşı ideoloji təzyiqlərlə üzləşirik" - Deputat

 16:55 02.11.2026     146

"Prezident İlham Əliyev oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VIII qurultayında strateji əhəmiyyətli məsələlər sırasında ideoloji təhlükəsizlik məsələsini ön plana çəkdi. Bu, təsadüfi deyil. Prezident vurğuladı ki, fiziki təhlükəsizlik məsələləri sərhədlərimizlə bağlıdırsa, ideoloji təhlükəsizlik sərhəd tanımır və ölkəyə kənardan, eləcə də daxildən sızdırıla bilər".

Bunu Redaktor.az-a açıqlamasında deputat Elman Nəsirov bildirdi. O vurğuladı ki, məqsəd isə gənclər arasında səfərbərlik ruhunu zəiflətmək, vətəndaş həmrəyliyinə son qoymaq, hakimiyyətlə xalq arasında uçurum yaratmaqdır:

"Bu, hər kəsə bəlli həqiqətdir. Təəssüf doğuran məqam isə odur ki, bu gün sərhədlərimizin o tayından, qardaş dövlətdən Azərbaycana qarşı belə ideoloji təzyiqlərlə üzləşirik. Türkiyənin sosial şəbəkə seqmentində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır. Yeri gəlmişkən, bununla bağlı Media və Yayım Şurası dəfələrlə bəyanat yayıb, ancaq heç bir nəticə əldə olunmayıb".

Onun sözlərinə görə, Türkiyədəki müəyyən siyasi dairələr Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının sarsılmaz olmasını heç cür həzm edə bilmirlər və bu münasibətlərin qarşısını almağa çalışırlar:

"Mənə elə gəlir ki, Türkiyə çoxmillətli dövlətdir. Orada türk mənşəli əhali ilə yanaşı, farslar, kürdlər, radikal qruplar, terrorçular, eləcə də Türkiyəyə qarşı mövqedə dayanan müxtəlif siyasi dairələrin təmsilçiləri var. Hesab edirəm ki, əsas məhz həmin qüvvələrin hədəfindəyik. Onlar iki qardaş dövlət arasında gərginlik və qarşıdurma yaratmağa çalışırlar. Bu isə qəbuledilməzdir. Düşünürəm ki, bu məsələlər ciddi müzakirə olunmalıdır. Dövlətlə xalq arasına nifaq toxumu səpənlərə qarşı qətiyyətli mübarizə aparılmalıdır. Çünki onların niyyəti çirkindir və Azərbaycan-Türkiyə dostluğunu, qardaşlığını sarsıtmağa yönəlib".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən